Sergey Karyakin: “Dünya kubokunda qazandığım qələbəni dostum Vüqar Həşimova həsr edirəm”



FİDE-2015 Dünya kubokunun final tay-breykindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Dünya kubokunun yeni sahibi rusiyalı şahmatçı Sergey Karyakin həmkarı Pyotr Svidlerlə keçirdiyi final görüşündən danışıb. "Hər ikimiz üçün çox çətin bir final oldu. Oyunun belə keçəcəyini qabaqcadan praqnozlaşdırmışdım. Dünya kubokunda zəif rəqib olmur. Finalda Pyotr Svidlerlə biri birindən maraqlı 10 oyun keçirdik. Bəlkə də, bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Son oyunlarda artıq yorğunluq çox hiss olunurdu.
Tay-brekdə müəyyən məqam var idi ki, rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Son partiyalarda rəqibimin səhvlərindən yararlanaraq ardıcıl iki qələbə qazandım və Dünya kubokuna sahib çıxdım. Dünya kubokunda qazandığım qələbəni azərbaycanlı qrossmeyster, dostum Vüqar Həşimova həsr edirəm. O, mənə çox əziz bir insan idi və mən onunla dostluğu həmişə yüksək qiymətləndirmişəm”, - deyə Sergey Karyakin qeyd edib.
Dünya kubokunun qalibi yarışın təşkilatçılığı barədə də fikirlərini bildirib: "Azərbaycanda məni təəccübləndirmək çox çətindir. Çünki Bakıda və Şəmkirdə yarışlarda iştirak etmişəm. Lakin bu dəfə turnirin keçirildiyi gözəl hotelə valeh oldum. Bakı hər il dəyişir. Təşkilatçılıq barədə yalnız xoş sözlər deyə bilərəm. Artıq indidən söyləmək olar ki, gələn il keçiriləcək şahmat olimpiadası da şahmat tarixində ən yaxşı təşkilatçılıqla yadda qalacaq. Yarışda bir daha əmin oldum ki, Azərbaycanda çoxlu azarkeşlərim var. Məni dəstəklədiklərinə görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Xüsusən Vüqarın qardaşı Sərxan Həşimov məni çox dəstəkləyir, həm şahmat, həm də psixoloji hazırlıq baxımından məsləhətləri ilə mənə kömək edirdi. Buna görə ona minnətdaram”.
Qeyd edək ki, Sergey Karyakin Rusiyaya yola düşməzdən əvvəl yaxın dostunun, görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsini yad edib, məzarı üzərinə çiçəklər düzüb.
"Vüqar mənim çox yaxın dostum idi. O, çox güclü, zəkalı və istedadlı şahmatçı idi. Biz onunla tez-tez ünsiyyətdə olur, görüşür və partiyalarımızı müzakirə edirdik. O, mənə çox kömək edib. Mən onun yoxluğunu hiss edirəm, məsləhətlərinə ehtiyac duyuram. Vüqar Həşimovun vaxtsız vəfatı mənim, onun yaxınları - bütövlükdə şahmat aləmi üçün böyük itkidir. Dünya kubokundakı qələbəmi dostum Vüqar Həşimova həsr edirəm. Mən onu heç vaxt unutmayacağam”, - deyə Sergey Karyakin vurğulayıb.


Bu yazı

25979 dəfə oxunub

Tarix

2015-10-09 10:00:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev