Azərbaycan atletləri Bakıda keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar



Dekabrın 6-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının (AAF) və Olimpiya Akademiyasının vitse-prezidenti, ümumittifaq dərəcəli hakim, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya atletləri güclərini sınayıblar.
Turnirdə qızlar 60, 200, oğlanlar isə 60, 400 metr məsafələrə qaçışda mübarizə aparıblar. Həmçinin qızlar və oğlanlar uzunluğa tullanma yarışlarında öz aralarında ən güclünü müəyyənləşdiriblər.
Qızların yarışında 60 və 200 metr məsafələrə qaçışda Azərbaycan idmançısı Yelena Pextreva birinci olub. Uzunluğa tullanmada isə özbəkistanlı atlet Ugilay Abdulazizova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü Yelena Pextreva gümüş medal qazanıb.
Oğlanların 60 metr məsafəyə qaçış yarışlarında Türkiyə idmançısı Yiğit Yaşılçiçek birinci olub. Azərbaycan atletləri İlham İksanov və Vaqif Bağırov isə, müvafiq olaraq, fəxri kürsünün ikinci və üçüncü pilləsində yer alıblar. 400 metr məsafəyə qaçışda özbəkistanlı Şakrux Baratov qızıl medal qazanıb. İlham İksanov isə bürünc medalla kifayətlənib. Uzunluğa tullanma yarışlarında yenidən türkiyəli Yiğit Yaşılçiçek fərqlənib. Atletimiz Yadulla İbrahimov isə turniri üçüncü pillədə başa vurub.
Yarışın qalibləri medal, diplom, kubok və pul mükafatı ilə təltif olunublar.




Bu yazı

17579 dəfə oxunub

Tarix

2015-12-08 16:04:35

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev