Atletika Federasiyasının ilin yekunlarına həsr olunmuş tədbiri keçirildi


Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) 2015-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirildi. Olimpnews.az saytının məlumatına görə, tədbirdə MOK-un vitse prezidenti, AAF-ın prezidenti Çingiz Hüseynzadə, AAF-ın vitse-prezidenti Tofiq Qarayev, baş katib Firat Hüseynov və milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə iştirak edirdilər.

AAF-ın prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq, atletlərimizin beynəlxalq arenada qazandığı nailiyyətlərdən söz açdı. O, birinci Avropa Oyunlarında Azərbaycan atletlərinin də uğurla çıxış etdiklərini bildirdi. «Bu il Azərbaycan Azərbaycan Atletika Federasiyası üçün uğurlu oldu. Bildiyiniz kimi, bu il ölkəmizdə I Avropa Oyunları keçirildi. Bu Oyunlar dünya idmanı tarixində böyük bir iz qoydu. Bu gün də Avropanın hər bir yerində idman mütəxəssisləri Bakı-2015 haqqında xoş sözlər danışırlar. Avropa Oyunlarında yarışlar 20 idman növü üzrə keçirildi. Sevindirici haldır ki, bu mötəbər idman tədbirində atletika üzrə yarışlar da keçirilirdi. Təsadüfi deyil ki, buyaxınlarda Avropa Atletika Federasiyasının konqresində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edərək xüsusi ilə bu Oyunlarda atletikanın keçirilmə səviyyəsini qeyd edərək Azərbaycan Atletika Federasiyasına təşəkkürünü bildirdi. Avropa Oyunları bir daha sübut etdi ki, Azərbaycan Atletika Federasiyası yüksək səviyyəli yarışları keçirməyə qadirdir. Bu Oyunlarda idmançılarımızın nəticələrini qənaətbəxş qiymətləndirirəm. Düzdür, Avropa Oyunlarında atletika yarışları komanda şəklində keçirilirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi Sərəncamı ilə Oyunların iki nəfər qalibi fərdi qalib kimi mükafatlandırıldı. Bu, atletikaya göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sevindirici haldır ki, artıq atetlərimiz Rio-2016-ya üç lisenziya əldə ediblər. Şübhəsiz ki, gələn il Rio-de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalarını sayının artması Azərbaycan idmanında atletikanın mühüm bir yer tutduğunu bir daha sübut edir», - deyə Çingiz Hüseynzadə bildirdi.

AAF-ın vitse-prezidenti Tofiq Qarayev, milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə və başqaları ölkəmizdə atletika idman növü üzrə əldə olunan uğurlar barədə məlumat verdi.

Çıxışlardan sonra ilin yekunlarına görə, mükafatlandırma mərasmi keçirildi. Mərasimdə ilin idmançısı, məşqçisi, hakimi və digər nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edildi. İlin idmançısı - Nazim Babayev, Anna Skidan, ilin məşqçisi - Ziyad Xalfayev, ilin gənc idmançısı - Yelena Prextriyeva, ilin gənc məşqçisi - Elvin Əliyev, ilin hakimi - Kamal Əhmədov seçildi.










Azər Əlizadə

Bu yazı

18237 dəfə oxunub

Tarix

2015-12-25 17:42:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev