Olimpiya ili cüdoçularımız üçün daha məsuliyyətli olacaq


Artıq 2016-cı ilə, Olimpiya ilinə qədəm qoymuşuq. Əlbəttə, bu il hamı üçün, xüsusilə idmançılar üçün daha yaddaqalan və xoş hadisələrlə zəngin olacaq. Axı bu ilin yayında onlar Brazilyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında öz güclərini sınayacaqlar. Keçən il olduğu kimi, bu il də ölkəmiz idman sahəsində silinməz iz qoyacaq. "Formula-1” yarışları, Beynəlxalq Şahmat Olimpiadası, 17 yaşlılar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi kimi mötəbər yarışlara ev sahibliyi edəcəyik.

Bəs görəsən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan məşqçilərimiz və idmançılarımız vətənimizin tarix yazdığı 2015-ci ildən - Avropa Oyunları ilindən, gələcəkdə tarixə çevriləcək Olimpiya ilinə keçidi necə qiymətləndirirlər? Bir neçə gün əvvəl yola saldığımız 2015-ci il onların yaddaşlarında hansı xatirələrlə qaldı, qarşıladığımız meymun ilindən nə kimi uğurlar gözləyirlər?

Olimpnews.az saytının məlumatına görə, elə bu suallar ətrafında bir neçə cüdo mütəxəssisi və idmançı ilə söhbət etdik.

Nazim Hüseynov, Olimpiya çempionu:
- Keçən il Azərbaycan cüdosu üçün uğurlu oldu. İlk növbədə deyim ki, biz layiqli şəkildə bütün Avropanın iştirak etdiyi bir idman tədbirinə ev sahibliyi etdik. Bundan əlavə, cüdoda əsaslı dəyişikliklər oldu, yeni klublar açıldı. Ümumiyyətlə, müstəqillik qazandıqdan sonra hər il milli cüdomuz daha da inkişaf edir, keçən il də belə oldu. İnanıram ki, biz 2016-cı ildə də bunun şahidi olacağıq. Bütün cüdo ailəsinə yeni ildə yeni uğurlar arzulayıram.

Mehman Əzizov, yığma komandamızın məşqçisi:
- Azərbyacan idman ölkəsidir. Biz artıq bunu bir neçə dəfə təsdiq etmişik. Keçən ili komandamız üçün uğurlu hesab etmək olar. İdmançılarımız bir neçə beynəlxalq turnirlərdə, daxili yarışlarda öz nailiyyətləri ilə bizi sevindiriblər. Həmçinin yığma komandamızın üzvləri həmişə olduğu kimi, bu il də müxtəlif ölkələrdə təlim-məşqlər keçərək öz təcrübələrini artırırlar. Amma bu il bizim üçün daha məsuliyyətlidir. İdmançılarımızı Olimpiya Oyunları kimi böyük bir sınaq gözləyir. İnanıram ki, onlar bu dəfə də öz zəhmətlərinin bəhrəsini görəcək, qənaətbəxş nəticələr qazanacaqlar.

Rəşad Şıxəliyev, "Sərhədçi” İdman Olimpiya Mərkəzi və "Ruslan” cüdo klubunun məşqçisi:
- Ümumiyyətlə, 2015-ci il dedikdə ağlımıza ilk gələn ölkəmiizn ev sahibliyi etdiyi Avropa Oyunları olur. Baxmayaraq ki, cüdo idman növünə həmişə böyük maraq olub, bu tarixi hadisə uşaq və yeniyetmələrdə cüdoya həvəsi daha da artırdı. Bu isə bizi sevindirməyə bilməz. Keçən il mənim üçün daha xoş oldu. Təbii ki, yetirmələrim ötən il də əziyyətlərinin bəhrəsini gördülər, onların arasında ilk dəfə çempionluq sevincini duyanlar oldu. Onu da deyim ki, yola saldığımız ilin son yarışını bir neçə həftə əvvəl Dərbənddə keçirdik və iki qızıl, üç gümüş, iki bürünc medal qazandıq. Biz bu il də yarışlara səylə hazırlaşacaq və öz uğurlarımızı təkrarlayacağıq.

Cəlil Şükürov, gənclərdən ibarət yığma komandamızın üzvü:
- İlk növbədə keçmiş bayramlar münasibətilə bütün xalqımızı, o cümləədn idmançılarımızı, xüsusilə də cüdo komandamızı təbrik edirəm. Ötən ili mən öz idman karyeram üçün normal hesab edirəm. Çalışacağam ki, 2016-cı il daha uğurlu olsun. Bir neçə gün sonra Avstriyanın Zalsburq şəhərinə təlim-məşq toplanışına yollanacağıq. Daha sonra isə bizi Tunisdə çətin bir sınaq - cüdo üzrə açıq çempionat gözləyir. İnanıram ki, nəticələrimiz yaxşı olacaq.

Aişə Qurbanlı, qadınlardan ibarət yığma komandamızın üzvü:
- 2015-ci ildə öz nailiyyətlərimin sayını daha da artırdım. Amma artıq bu, mənim üçün adi hala çevrilib. Təbii ki, hər bir idmançı daha da inkişaf etməyə, öz təcrübəsini artırmağa çalışmalıdır. Mənim üçün 2015-ci ildə ən yaddaqalan nailiyyətlərim keçən ilin sonlarında əvvəlcə Afrikada, ardınca isə Avstraliyada keçirilən iki mötəbər turnirdə mükafatçı olmağım, həmçinin Azərbaycan çempionatında ikinci yer tutmağım oldu. Onu da deyim ki, bu il bizim üçün daha məsuliyyətlidir. Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün çox çalışmaq lazımdır. Həm də çətin yarışlarımız daha çox olacaq. Ümumiyyətlə, belə fikirləşirəm ki, Olimpiya ili nəinki mənim üçün, eyni zamanda, bütün cüdoçular üçün 2015-ci ilə nisbətən çətin olacaq. Buna baxmayaraq, çalışacağıq ki, həm özümüzün, həm də məşqçilərimizin zəhməti hədər getməsin.




Kənan Novruzov

Bu yazı

17335 dəfə oxunub

Tarix

2016-01-15 16:28:34

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev