Rəsul Çunayev Olimpiya Oyunlarında bürünc medal əldə etdi - FOTOLAR


Rio-2016 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev Olimpiadanın bürünc medalını qazanıb.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, Avropa və dünya çempionu olan Rəsul Cunayev mübarizəyə 1/16 finaldan başlayaraq, kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, pəhləvanımız əzmkarlığı sayəsində məğlubiyyətdən qaça bilib. Belə ki, Cunayev 0:2 hesabı ilə geridə olduğu qarşılaşmanı 4:2 hesablı qələbə ilə başa vurub. Rəsul 1/8 finalda rusiyalı rəqibi İslambek Albiyevlə görüşdə yenə də 0:2 hesabı ilə geri qalmasına baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib. Təcrübəli pəhləvanımızın 1/4 finalda rəqibi Tarek Aziz Benaissa (Əlcəzair) olub. Bu qarşılaşma da görüşün ilk hissəsində atletimizin təmiz qələbəsi ilə yekunlaşıb - 10:2.

Olimpiadadakı rəqiblərinə məharətlə üstün gələn Rəsul Cunayev finala gedən yolda erməni Miqran Arutyunyanla üzləşib. Təəssüf ki, ilk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4. Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc medal uğrunda cənubi koreyalı Hansu Ryu ilə güləşib. R. Çunayev rəqibinə 2 dəqiqə 20 saniyə ərzində qalib gələrək (8:0), XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, güləş komandamızın Olimpiadada qazandığı hələlik ikinci bürünc medalıdır.

Xatırladaq ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olsa da, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq güləş yığmamıza ilk medalı qazandırıb.

Qeyd edək ki, Rəsul Çunayev 1991-ci ildə Azərbaycanın Balakən şəhərində anadan olub. O, ötən il Las-Veqasda keçirilən dünya çempionatında birinci yeri tutub. Atletimiz Avropa çempionatının qızıl və gümüş medalçısı olub. R. Çunayev 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.

Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə R.Çunayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.






















Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir






Bu yazı

10594 dəfə oxunub

Tarix

2016-08-17 00:16:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev