Azərbaycan rekord sayda medal qazanıb







Avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. 

Azərbaycan yığması bu oyunlarda 17 idman növü üzrə 56 idmançı ilə təmsil olunur.

"Olimpnews.az" xəbər verir ki, Rio-2016 Azərbaycanın müstəqil ölkə kimi iştirak etdiyi sayca 7-ci yay Olimpiya Oyunlarıdır.
Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarında yeni medal rekordu müəyyən edib.

İdmançılarımız  XXXI Yay Olimpiadasında 18 medal qazanıblar. Medallardan 1-i qızıl, 7-i gümüş və 10-u bürüncdür. Komandamız bu hesabla medal sıralamasında 39-cu pillədə qərarlaşıb.

 Halbuki atletlərimiz bundan əvvəl keçirilən London-2012 Yay Olimpiya Oyunlarında cəmi 10 (2 qızıl, 2 gümüş və 6 bürünc) medal qazanmışdılar və Azərbaycan Olimpiya yığması bu yarışlarda 53 idmançı ilə təmsil olunurdu.

Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Rio-2016-da qızıl medalı ölkəmizə Radik İsayev (taekvondo, 80 kq) qazandırıb. 

Gümüş medallar Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq)(gümüş, hər ikisi cüdo)), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), boksçumuz  Lorenzo Sotomayordan (64 kq) gəlib. 

Olimpiadanın bürünc medallarını isə yunan-Roma güləşçiləri Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq), həmçinin, qadın güləşçimiz Nataliya Sinişin (53 kq), sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə), taekvondoçu Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq) qazanıblar.

Xatırladaq ki, Azərbaycan Atlanta-96-da 1, Sidney-2000-də 3, Afina-2004-də 5, Pekin-2008-də 7, London-2012-də 10 medal qazanıb. 1992-ci il Barselonada keçirilən Olimpiya Oyunlarında cüdoçumuz Nazim Hüseynov və idman gimnastı Valeri Belenki qızıl medala layiq görülüblər. Həmin vaxt idmançılarımız MDB yığmasının heyətində çıxış ediblər.



Səadət Hakıyeva 







Bu yazı

13241 dəfə oxunub

Tarix

2016-08-21 23:55:02

Yazını

Çap et

Yazını

Paylaş