XXXI Yay Olimpiya Oyunlarına yekun vurulub




Avqustun 5-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb.

"Olimpnews.az" xəbər verir ki, Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub.



XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb. İştirakçı ölkələrdən başqa, Olimpiya qaçqın idmançılar komandası da qüvvəsini sınayıb. 

Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer alıb. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Konqo Demokratik Respublikasından, 1-i isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparan atlet Etimoni Timuani ilətımsil olunub. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış edib.

XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunub.

Yarışlarda 87 ölkənin təmsilçiləri medalçılar siyahısında yer alıblar.

XXXI Yay Olimpiya Oyunlarında 17 idman növü üzrə 56 idmançı ilə təmsil olunan Azərbaycan Olimpiya yığması 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla medalçılar siyahısında 39-cu sırada qərarlaşıb. Bu göstəricidə Gürcüstandan geri qalan ölkəmiz Belarus, Türkiyə və Ermənistandan önə keçib. Medal sayında isə Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci yerləri bölüdürüb.

Olimpiadada hesabında 121 medal (46 qızıl, 37 gümüş və 38 bürünc) olan ABŞ birinci olub. Böyük Britaniya 67 medalla (27 qızıl, 23 gümüş, 17 bürünc) ikinci, Çin 70 medalla (26 qızıl, 18 gümüş və 26 bürünc) üçüncü pillədə yer alıb.

İlk onluğu Rusiya (19-18-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.






Bu yazı

10663 dəfə oxunub

Tarix

2016-08-22 11:10:25

Yazını

Çap et

Yazını

Paylaş