Rio-2016 Olimpiadasının bağlanış mərasimi keçirilib




Avqustun 22-də Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib.

Əvvəlcə sambaçıların ifasında Rionun görməli yerləri, Olimpiya halqaları təqdim olunub və musiqili hissə başlayıb. İyirmi yeddi uşağın ifasında Braziliyanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb. Uşaqların sayı Braziliyanın 26 ştatı və 1 federal dairəsinin sayına uyğun seçilib.

Rio-2016-da iştirak edən ölkələrin bayraqları səhnəyə gətirildikdən sonra yarışın mükafatçılarının paradı maraqlı anlarla yadda qalıb.

Ölkənin tarixinin, qədim yaşayış məskənlərinin, qədim insanların çəkdiyi qayaüstü rəsmlərin canlandırıldığı növbəti hissənin davamında Braziliyanın toxuculuq sənayesinin inkişaf tempi təqdim olunub. Hissə Braziliyanın məşhur balet qrupunun çıxışı ilə yekunlaşıb.

Sonra marafon yarışının qalibləri mükafatlandırılıb. Qızıl medala Keniya idmançısı Eliud Kipçoqe sahib olub. Efiopiyalı Feyisa Lilesa gümüş, ABŞ atleti Qalen Rupp isə bürünc medal qazanıb. Medalları mükafatçılara Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər və Keniyanın dövlət himni səsləndirilib.

BOK-un Atletlər Komissiyasının yeni seçilmiş üzvlərinin təqdimatından sonra böyük yarışların ayrılmaz hissəsi olan könüllülərin bir qismi səhnəyə dəvət olunub və mükafatlandırılıb.

Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstanın dövlət bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsindən sonra BOK-un bayrağı endirilib. Olimpiya bayrağı 2020-ci ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Tokio şəhərinin meri xanım Yuriko Koikoya təqdim olunub və Yaponiyanın dövlət himni səsləndirilib.

Rio-2016-nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman və BOK-un prezidenti Tomas Bax Olimpiadanın yüksək dostluq şəraitində keçdiyini, Rionun yeni tarix yazdığını və yarışın uğurlu təşkil olunduğunu diqqətə çatdırıblar.

Braziliyanın flora və faunasından bəhs edən hissə başa çatdıqdan sonra Olimpiya məşəli söndürülüb və tədbir karnavalla davam edib.







Bu yazı

13636 dəfə oxunub

Tarix

2016-08-22 10:55:43

Yazını

Çap et

Yazını

Paylaş