Valentin Demyanenko: «Rio-2016-da qızıl medal qazanmaq üçün bəxtim gətirmədi» - FOTOLAR


Avqustun 27-də Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı Valentin Demyanenkonun Mingəçevirdə şəhər əhalisi ilə görüşü keçirildi.

"Olimpiya dünyası" qəzetinin Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, ölkəmizə ilk dəfə bu idman növündə Olimpiya medalı qazandıran idmançı ilə görüşmək üçün «Kür» Olimpiya Təlim-Tədris Mərkəzinə xeyli sayda mingəçevirli təşrif buyurmuşdu.

Yay Olimpiya Oyunlarının mükafatçısı ilə görüşə gələnlər arasında gənclər daha çox idi. Bazanın həyətindəki 141 yaşlı qovaq ağacının kölgəsində onlar 33 yaşlı idmançı ilə şəkil çəkdirir, avtoqraf alırdılar. Gənc idmançılarla fotosessisya zamanı maraqlı hadisə baş verdi. Belə ki, Demyanenko gözlənilmədən boynuna taxdığı Olimpiya medalını çıxarıb onunla şəkil çəkdirmək istəyən 11 yaşlı qızın boynundan asdı. Onun bu addımı ətrafdakıların, tədbirə dəvət olunan jurnalistlərin təəccübünə səbəb oldu. Sonra Demyanenkonun bu addımının səbəbi bilindi. Gülnarə Həmzəyeva bir neçə ildir ki, Valentinin də məşq etdiyi bazada kanoe üzrə hazırlıqlarını davam etdirir. Yaşının az olmasına baxmayaraq, 3 dəfə müxtəlif turnirlərdə mükafatçı olan Gülnarəni Demyanenko da yaxşı tanıyır. «Medalı ona verdim ki, artıq indidən Olimpiya mükafatının nə olduğunu hiss etsin. Ümid edirəm ki, qarşıdakı illərdə bu qız da Mingəçevirə Olimpiya medalı gətirəcək», - deyə Demyanenko əlavə etdi.

Şəhər ictimaiyyəti ilə görüşdən sonra Rio Olimpiadasının gümüş mükafatçısı mətbuat konfransında jurnalsitlərin suallarını cavablandırdı. Tədbirdə Demyanenko ilə yanaşı, AMAF-ın vitse-prezidenti, «Kür» Olimpiya Təlim-Tədris Mərkəzinin direktoru Natiq Abbasov, Mingəçevir şəhər Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli iştirak edirdi.

"Demyanenko 37 yaşında Olimpiya çempionu ola bilər"

- Son illərdə avarçəkmə növündə hansı nailiyyətlər əldə olunub?

- N.A.: Azərbaycan Milli Avarçəkmə Federasiyası 2007-ci ildə yaradılıb. Həmin vaxtdan etibarən 3 idman növü - kayak, kanoe və avarçəkmə üzrə xaricdən məşqçilər ölkəmizdə dəvət olundu, idmançılar hazırlandı. Mingəçevir şəhərində Kür çayının üzərində və Bakı şəhərində bu idman növü üzrə məşqlər, yarışlar keçirilməyə başladı. Artıq bu gün Azərbaycanda yüzlərlə gənc avarçəkmə ilə məşğul olur. Demyanenko 2007-ci ildən yığmamızın üzvüdür, kanoe yarışlarında Azərbaycanı təmsil edir. 4 qat dünya, 3 qat Avropa çempionudur. Bir neçə dəfə dünya kubokuna sahibi olub. Bundan əvvəl ölkəmizi London-2012 Yay Olimpiya Oyunları və Bakı-2015 I Avropa Oyunlarında da təmsil edib. O, Avropa Oyunlarında ikinci yeri tutmuşdu. Rio-da isə karyerasını ən böyük uğuruna imza atdı. Gərgin mübarizədə Demyanenko arzuladığımız nəticəyə nail oldu.

- Rio-da Olimpiya medalını qazandınız. Tokio-2020 Olimpiadasında sizdən qızıl medal gözləyə bilərikmi?

- V.D.: Bu gün üçün qarşıya qoyduğum məqsədə çatmışam. Çox istərdim ki, Rio-da qızıl medal qazanım. Amma alınmadı. Yəqin, belə qismət imiş. Gələcəkdə nəyin necə olacağını indidən deyə bilmərəm. Gəlin, bir qədər səbrli olaq.
- N.A.: Bu günə kimi Azərbaycanda avarçəkmə idman növündə Demyanenko kimi güclü idmançı görməmişəm. Heç kim onun nəticələrini hələ ki təkrarlaya bilməyib. O, London Olimpiadasından əvvəl reytinqdə birinci idi. İdmançımız hələ 4 il əvvəl qalib olmalı idi. Həmin vaxt hamı onu gələcək Olimpiya çempionu kimi təqdim edirdi. Lakin bəxtsizliklə üzləşdi. Finala 1 gün qalmış ehtiyatsızlıqdan zədə aldı. Bu dəfə də sonda qalib olan Yuri Çebandan üstün idi. Demyanenko yarımfinalda ona qalib gəlmişdi. Hətta deyim ki, olimpiadada son anda güzəştli şərtlərlə (wild-cart) iştirak hüququ qazanan Çebanın adı əvvəlcə finalçılar sırasında yox idi. Amma qadın idmançımız İnna Osipenko-Radomskaya ona nəticəsini dəqiqləşdirmək üçün hakimlərə müraciət etməyi məsləhət görüb. Nəticədə ukraynalı idmançı Çebanın etirazı qəbul edildi və finala vəsiqə qazanmaqla sonda qalib oldu. Hamı Çebanı şanslı idmançı kimi tanıyır. İnanıram ki, Demyanenko 37 yaşında Olimpiya çempionu ola bilər.

- Olimpiadada qızıl medal qazanmağınıza nə mane oldu?

- V.D.: Heç nə. Rio-2016-da qızıl medal qazanmaq üçün bəxtim gətirmədi. 0,2 saniyə və ya 70 sm rəqibimdən geri qaldım. Bu idman növündə hər saniyənin önəmi var. Qeyd edim ki, bütün idmançılar kimi mən də olimpiadaya qızıl medal qazanmaq üçün getmişdim. Amma yekunda gümüşlə kifayətləndim. Bu nəticəni layiqli hesab edirəm.

"Bir neçə ildən sonra Mirnazim Cavadov və 
Cavid Əfəndiyevdən uğur gözləyirik"

- Əvvəllər ölkəmizi bu növdə təmsil edən Andrey Kraytorla münasibətin necədir?

- V.D.: Ona qarşı münasibətim normaldır. İdmanda düşmən olmur. Heç bir rəqibim arasında fərq qoymuram.

- Federasiya gələcklə bağlı hansı işləri görür? Gənc idmançılar yetişir?

- N.A.: Bir neçə ildən sonra Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur gözləyirik. Onların idmançı karyeralarının parlaq alınacağına ümidimiz var. Hazırda yaşları az olsa da, potensilları var. Eləcə də, bəzi legionerlərlə danışıqlar aparırıq. Hamımız bilirik ki, bizdə qızların idmanla məşğul olması bir qədər fərqli qarşılanır. Bu səbəbdən Azərbaycanda qadın idmançı tapmaq çətindir. Qadın idmançılarımız var, amma gənclərdirlər. İnna Osipenko-Radomskaya gələcəkdə burada məşqçi kimi fəaliyyət göstərə bilər.

- Bir müddət əvvəl paytaxtda da yeni bazanın tikintisi planlaşdırılırdı. Bununla bağlı məsələ nə yerdədir?

- N.A.: Müəyyən çətinliklərimiz var. Avarçəkmə spesifik idman növüdür. Futbolla küçədə, güləşlə isə zalda məşğul olmaq olar. Amma bizdə vəziyyət fərqlidir. Bunun üçün xüsusi qayıqlar lazımdır. Ümumiyyətlə, tələblər çoxdur. Məşq üçün ancaq Mingəçevirdə şərait var. Paytaxt ərazisində bir neçə su hövzəsi var ki, onlardan yararlanmaq olar. Bununla bağlı layihələrimiz də var. Xocahəsən gölündən istifadə etmək olar. Amma uzun müddət ora çirkab sular axıdıldığı üçün həmin hövzə ekoloji cəhətdən yararsız hala düşüb. Bunun aradan qaldırılması üçün müəyyən işlər gedir. Bildiyimə görə, federasiyanın bu yöndə maliyyə ilə bağlı problemi yoxdur. Ümid edirik ki, yaxın illərdə ölkəmizdə avarçəkmə üçün daha bir baza inşa olunacaq.

"O, Mingəçevir şəhərinin fəxridir"

- Tokio Olimpiadasında kanoe üzrə 200 m-ə yürüş proqramda olmayacaq. Bu dəyişlik sənin karyerana necə təsir edəcək?

- V.D.: Hələ ki, bu haqda düşünməmişəm. Əsas odur ki, olimpiadada istədiyimə nail oldum və medal qazandım. İndi istirahət etməliyəm. Ölkə başçısı bizi qəbul edəndən sonra Ukraynaya yollanacağam.

- Medal qazandığına görə Ukraynada sevinənlər çox oldu?

- V.D.: Ukraynalılar daha çox Çebana görə sevindilər. Çünki o Vətənə qızıl medalla qayıdıb. Amma orada məni də yada salanlar oldu.
- N.A.: Valentin artıq 9 ildir ki, Mingəçevirdə yaşayır. Burada onu balacadan böyüyə hər kəs tanıyır və sevir. O, Mingəçevir şəhərinin fəxridir. Bu gün keçirilən görüşdə də sıravi vətəndaşların ona olan sevgisinə şahid oldunuz.

- Tokio Olimpiadasında sənin 37 yaşın olacaq. Yaponiyaya yollanacaq idmançılar arasında səni görə biləcəyik?

- V.D.: Bu haqda indi nəsə deməyim düz çıxmaz. Yaşayarıq görərik.

"Bu uğurda mənə kömək olan hər kəsə
dərin təşəkkürümü bildirirəm"

- Karyeranı başa vurandan sonra Azərbaycanda qalıb məşqçi kimi işləyə bilərsən?

- V.D.: İstənilən halda, karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Çünki bütün həyatımı bu idman növünə həsr etmişəm. Məşqçilərimdən çox şey öyrənmişəm. Onlarən hər biri mənə çox kömək ediblər. O ki qaldı, burada işləməyimə, bunu zaman göstərəcək.

- Artıq 9 ildir ki, burada yaşayırsınız. Azərbaycan dilində danışmağı öyrənmisiniz?

- V.D.: Düzdür, 9 ildir burada yaşayıram. Azərbaycan dilini müəyyən qədər başa düşürəm. Bəzi sözlərin mənasını bilirəm. Təəssüf ki, Azərbaycan dilində tam danışa bilmirəm.
- N.A.: Belə deməyinə baxmayın. Danışa bilməsə də, sözlərimizin mənasını yaxşı bilir. Lazım olanda fikrini izah etməyi də bacarır. Odur ki, danışanda diqqətli olun (gülür).

- Qazandığın uğura görə kimə borclusan?

- V.D.: İlk növbədə ölkə başçısı İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram. Eləcə də, Gənclər və İdman naziri Azad Rəhimova, federasiyamızın prezidenti Elçin Zeynalova təşəkkür edirəm. Mənə dəstək olan hər kəs sağ olsun. 9 ildə uzun yol qət etmişik. Yekunda olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə kömək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həmçinin «Kür» Olimpiya Təlim-Tədris Mərkəzinin direktoru Natiq Abbasovun, bazanın idman direktoru Rəhman Xanlarovun adını çəkmək istərdim. O, Mingəçevirə gəldiyim ilk gündən mənə dəstək olub, bütün işlərdə yardımçı olub.













Rahib Səmədov,
Fotolar müəllifindir
Mingəçevir

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir






Bu yazı

36411 dəfə oxunub

Tarix

2016-08-29 17:07:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook