Vera Demyanenko: “Ümid edirəm ki, o, məni bu arzuma da çatdıracaq” - MÜSAHİBƏ

Rio Olimpiasının gümüş mükafatçısı Valentin Demyanenkonun anası Vera Demyanenko da Mingeçirin qonağıdır.

Olimpnews.az saytının məlumatına görə, oğlunun şəhər ictimaiyyəti ilə görüşündə iştirak edən Vera xanım "Olimpiya dünyası” qəzetinə müsahibəsində Valentinin uşaqlıq illərini yada saldı və ölkəmizlə bağlı fikirlərini səsləndirdi.

- İlk dəfədir Azərbaycanda olursunuz?
- Xeyr, bura 3-cü səfərimdir.

- Valentinin idmana gəlişini necə xatırlayırsınız?
- Əvvəlcə, Azərbaycan xalqına minnətdaram. Məhz sizlərin sayəsində oğlum olimpiadada gümüş medal qazandı. Oğlum uşaqlıqda əvvəlcə skripka ilə məşğul olurdu. Amma onun sona qədər hövsələsi çatmadı. Sonra müxtəlif idman növləri ilə maraqlandı. 5 yaşında üzgüçülüyə həvəs göstərdi. Sonda özünü avarçəkmədə tapdı. Biz Dnepr çayının sahilində yaşadığımızdan onun kanoeyə həvəs salması başadüşülən idi. Bu idman növünə təzə maraq göstərəndə məşqçisi bildirdi ki, Valentin gələcək çempiondur. Elə də alındı. Oğlumla fəxr edirəm.

- Valentinin 33 yaşı olduğunu və 9 il burada yaşadığını nəzərə alsaq, onun azərbaycanlı qızla ailə həyatı qurmasına razılıq verərsiniz?
- Bəlkə də, inanmayacaqsınız. Bu, mənim ən böyük arzumdur. Bizimkilərdən fəqrli olaraq, azərbaycanlı qızlar ailəyə, kişiyə daha bağlı olurlar. Valentin idmançı olduğuna görə, tez-tez uzun müddətli təlim-məşq toplanışlarına, yarışlara yollanır. Belə olan halda, evdə mütləq uşaqları düzgün tərbiyə edəcək və kişiyə sadiq qalan qadın lazımdır. Sizin qızlarda da bu xüsusiyyətlər var. Dəfələrlə bu mövzuda oğlumla söhbət etmişəm. O, bir qədər zarafatcıl olduğundan hər dəfə bu söhbətdən yayınır. Ümid edirəm ki, o, məni bu arzuma da çatdıracaq.

- Nə vaxta kimi Azərbaycandasınız?
- Ölkəniz, insanlarınız məni valeh edir. Mingəçevirdə olduğum müddətdə səmimi, istiqanlı və gülərüz şəxslərin əhatəsində oldum. Daha bir neçə gün Azərbaycanda qalacam. Bundan sonra Valentinlə Ukraynaya, oradan isə Kiprə istirahətə yollanacağıq. Çalışacam bundan sonra tez-tez ölkənizə gəlim. Valentin özünü ukraynalıdan çox, azərbaycanlı hesab edir. Oğlumun Vətəni mənim üçün də doğmadır.

Rahib Səmədov,
Mingəçevir
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir




Bu yazı

14842 dəfə oxunub

Tarix

2016-09-05 17:08:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook