Rio-da XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib






Sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən "Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.

XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Bu, London-2012 Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır.

Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq. Onların 1650-si qadındır. Bu London-2012-dən 9,9 faiz, Atlanta-1996-dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışacaqlar. Bu isə medalların 43 faizini təşkil edir.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Paralimpiyaçılarımız Rio-2016-ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.
Maestro Joao Karlos Martinsin dirijorluğu ilə Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.

İlk olaraq Müstəqil Paralimpiyaçı Atletlər Komandası arenaya daxil olub. Bu komandanın tərkibində iki qaçqın atlet var.

Açılış mərasimində Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağımızı ikiqat Paralimpiya çempionu, Bakı-2015 birinci Avropa Oyunlarının çempionu və komandamızın kapitanı, milli geyimdə olan İlham Zəkiyev aparıb. Komandamızın bayraqdarının geyimini Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova hazırlayıb.
İdmançıların paradı ev sahibi ölkənin – Braziliya paralimpiyaçılarının keçidi ilə başa çatıb.
Komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti, Rio-2016 Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman çıxış edərək Rio-de-Janeyronun daha bir möhtəşəm tarix yazmağa – XV Paralimpiya Oyunlarına ev sahibliyi etməyə tam hazır olduğunu bildirib. "Siz bizim qəhrəmanlarımızsınız”, - deyən Karlos Artur Nuzman paralimpiyaçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven isə çıxışında paralimpiyaçıların tükənməz qələbə əzmi ilə bütün maneələri, o cümlədən öz fiziki imkanlarının məhdudluğunu aşaraq parlaq nailiyyətlər qazanacaqlarına əminliyini bildirib.

Çıxışlardan sonra Braziliya Prezidenti Mişel Temer XV Paralimpiya Oyunlarını açıq elan edib.
Sonra görmə qüsurlu rəqqaslar Renata və Oskar minlərlə kiçik projektor vasitəsilə işıqlandırılan səhnədə balet rəqsini ifa ediblər.

Daha sonra səhnəyə Paralimpiya bayrağı gətirilib və Paralimpiya Oyunlarının himninin müşayiəti ilə ucaldılıb. İdmançıların, hakimlərin və məşqçilərin adından Paralimpiya andı içilib.
Nəhayət, uzun səyahətdən sonra Paralimpiya məşəli "Marakana” stadionuna gətirilib. Braziliya millisinin heyətində ən çox medal qazanan idmançı (6 qızıl, 4 gümüş, 2 bürünc), üzgüçü Klodoaldo Silva XV Yay Paralimpiya Oyunlarının məşəlini alovlandırıb. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

XV Yay Olimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.

Xatırladaq ki, 27 paralimpiyaçımız Rio -2016 Paralimpiya Oyunlarına 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.





Bu yazı

11852 dəfə oxunub

Tarix

2016-09-08 10:07:26

Yazını

Çap et

Yazını

Paylaş