BİZİMKİLƏR OLİMPİADADA: "Yadlar gəlir, doğma olur" - LAYİHƏ


Müasir tarixini 1896-cı ildən götürən Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı güləşçi Rəşid Məmmədbəyovdur. 57 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1952-ci il Helsinki Olimpiadasında gümüş medala sahib çıxmışdı. SSRİ tərkibində Azərbaycan idmançıları ümumilikdə 9 Olimpiya oyunlarında iştirak edib və 26 medal qazanıb. Bunların 10-u qızıl, 10-u gümüş, 6-sı bürünc əyarlıdır.

MDB ölkələrinin birləşmiş komandasında yer alan Azərbaycan yığması 1992-ci il Barselona Olimpiadasında 2 qızıl, 1 bürünc medal əldə etmişdi. Pireney yarımadasında Nazim Hüseynov (cüdo, 60 kq) qızıl, Valeri Belenki (gimnastika) isə 1 qızıl, 1 bürünc medala sahib çıxmışdı.

Azərbaycanın öz bayrağı altında çıxış etdiyi ilk Olimpiada Atlanta Olimpiya oyunlarıdır. 1996-cı ildə okeanın o tayında 23 idmançı ilə təmsil olunan vətənimiz nəticədə 61-ci yeri tutmuşdu. Yeganə medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev boynundan asmışdı. 91 kq çəki dərəcəsindəki bokçumuz Ədalət Məmmədov isə 1/4 finalda nigeriyalı rəqibinə uduzmaqla mübarizəni medalın bir addımlığında dayandırmışdı. Sevindirici haldır ki, sonrakı Olimpiadalarda medal kolleksiyamız daim artmışdır.

Müqayisə üçün qeyd edək ki, 2000-ci il Sidney Olimpiadasında Azərbaycan 2 qızıl (Namiq Abdullayev, Zemfira Meftaheddinova), 1 bürünc (Vüqar Ələkbərov) qazanmışdı. Azərbaycan ümumi hesabda 34-cü olmaqla, yalnız 6 MDB ölkəsindən geri qaldı. Eyni tendensiya sonralar da davam etdi.

2004-cü il - 1 qızıl, 4 bürünc; cəmi 5 medal
2008-ci il - 1 qızıl, 2 gümüş, 4 bürüc; cəmi 7 medal
2012-ci il - 2 qızıl, 2 gümüş, 6 bürünc: cəmi 10 medal
2016-cı il - 1 qızıl, 7 gümüş, 10 bürünc: cəmi 18 medal

1996-cı ildən götürsək, Olimpiya oyunlarında 44 medal qazanılıb. Bunlar: 7 qızıl, 12 gümüş, 25 bürünc medal. Təmsil olunduğumuz idmançı sayı da müntəzəm olaraq artım göstərib.

1996 Atlanta - 23 idmançı : 20 kişi, 3 qadın - 9 idman növü
2000 Sidney - 31 idmançı : 25 kişi, 6 qadın - 8 idman növü
2004 Afina - 36 idmançı : 30 kişi, 6 qadın - 10 idman növü
2008 Pekin - 44 idmançı : 30 kişi, 14 qadın - 10 idman növü
2012 London - 53 idmançı : 39 kişi, 14 qadın - 15 idman növü
2016 Rio-de-Janeyro - 56 idmançı : 42 kişi, 14 qadın - 18 idman növü.

Son Olimpiada bizim üçün bir neçə cəhətdən əlamətdar oldu. Azərbaycan yığması hər 3 idmançıya 1 medal göstəricisi sayəsində turnirin ən effektli komandası oldu. Rio-de-Janeyroda mübarizəyə qoşulan 4 taekvondoçumuzun 3-ü medal qazandı (1 qızıl, 3 bürünc). Sərbəst güləşçilərimiz isə Rioda komanda hesabında birinci oldu. Tam heyətlə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanaraq Olimpiadalar tarixində bir ilkə imza atdı. Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında da sərbəst güləş yığmamız birinci yeri tutub. Komanda hesabında 42 xal toplayan yığmamız, İran (35 xal), ABŞ (32 xal) və Rusiyadan (31 xal) öndə qərarlaşıb.

Qeyd etməliyik ki, Azərbaycan Olimpiya oyunlarında 9 idman növündə medal qazanıb.

* Sərbəst güləş. 11 medal - 3 qızıl, 3 gümüş, 5 bürünc
* Yunan-Roma güləşi. 7 medal - 1 qızıl, 3 gümüş, 3 bürünc
* Qadın güləşi. 5 medal - 2 gümüş, 3 bürünc
* Taekvondo. 3 medla - 1 qızıl, 3 bürünc
* Kanoe. 2 medal - 1 gümüş, 1 bürünc
* Boks. 7 medal - 1 gümü., 7 bürünc
* Atıcılıq. 3 medal - 1 qızıl, 2 bürünc.

Olimpnews.az saytının məlumatına görə, 2008-ci ildən Azərbaycan yığmasının tərkibində milliləşdirilmiş idmançılar iştirak etməyə başladı. Bu say hər növbəti olimpiadada artmaqda davam edir.

2008-ci ildə 44 idmançının 15-i legioner olub. Pekində qazanılan 7 medalın 2-si (bürünc) onların payına düşüb.

Milliləşdirilmiş idmançılar:

Anton Botev (120 kq çəki dərəcəsi Yunan-Roma)
Şalva Qadabadze (84 kq çəki dərəcəsi, Yunan-Roma)
Çamsulvara Çamsulvarayev (74 kq çəki dərəcəsi, sərbəst güləş)
Xetaq Qazyumov (96 kq çəki dərəcəsi, sərbəst güləş) - bürünc medal
Mariya Stadnik (48 kq çəki dərəcəsi, qadın güləşi) - bürünc medal.
Elena Komarova (55 kq çəki dərəcəsi, qadın güləşi)
Olesya Zamula (63 kq çəki dərəcəsi, qadın güləşi)
Oksana Hətəmxanova (üzgüçü)
Dinara Qimatova (bədii gimnastika)
Aliyə Qarayeva (bədii gimnastika)
Anna Bitieva (bədii gimnastika, qrup komandası)
Dina Qorina (bədii gimnastika, qrup komandası)
Anastasiya Prosolova (bədii gimnastika, qrup komandası)
Alina Trepina (bədii gimnastika, qrup komandası)
Valeriya Yeqay (bədii gimnastika, qrup komandası)

2012-ci ildə Londonda Azərbaycanı təmsil edən 53 idmançının 27-ni legionerlər təşkil edib. Onlar Azərbaycanın aktivinə 6 medal yazdırıblar.

Milliləşdirilmiş idmançılar:

Aleksandr Aleksandrov (akademik avarçəkmə)
Nataliya Mustafayeva (akademik avarçəkmə)
Məhəmməd Əbdulhəmidov (56 kq çəki dərəcəsi, boks)
Heybətulla Hacıəliyev (64 kq çəki dərəcəsi, boks)
Soltan Miqitinov (75 kq çəki dərəcəsi, boks)
Məhəmmədrəsul Məcidov (91 kq çəki dərəcəsi, boks) - bürünc medal
Yelena Vıstropova (75 kq çəki dərəcəsi, qadın boksu)
Şərif Şərifov (84 kq çəki dərəcəsi, sərbəst güləş) - qızıl medal
Xetaq Qazyumov (96 kq çəki dərəcəsi, sərbəst güləş) - bürünc
Cəmaləddin Məhəmmədov (120 kq çəki dərəcəsi, sərbəst güləş)
Saman Təhmasibi (84 kq çəki dərəcəsi, Yunan-Roma güləşi)
Şalva Qadabadze (96 kq çəki dərəcəsi, Yunan -Roma güləşi)
Mariya Stadnik (48 kq çəki dərəcəsi, qadın güləşi) - gümüş medal
Yuliya Ratkeviç (55 kq çəki dərəcəsi, qadın güləşi)
Yelena Çalıx (şosse velosipedi)
Aliyə Qarayeva (bədii gimnastika)
Valentin Demyanenko (kanoe sprint)
Serqey Bezuqlıy/Maksim Prokopenko (kanoe)
Dmitri Marşin (yüngül atletika)
Hayle İbrahimov (5000 metrə qaçış)
Layers Abdullayeva (5000 metrə qaçış)
Yevqeni Lazuka (üzgüçülük)
Oksana Hətəmxanova (üzgüçülük)
Valentin Xristov (62 kq çəki dərəcəsi, ağır atletika) - bürünc medal
Veliko Çolakov (105 kq-dan yüksək, ağır atletika)
Boyanka Kostova (58 kq-dək, ağır atletika)

2016 Rio-de-Janeyro Olimpiadasında milliləşdirilmiş idmançıların sayı 35-ə çatıb. Bu artım medal sayında özünü müsbət cəhətdən göstərmişdir. Eyni zamanda dördilliyin zirvə turnirində təmsil olunduğumuz idman növlərinin sayı 18-ə çatmışdır.


Milliləşdirilmiş idmançılar:

Aleksandar Aleksandrov/ Boris Yotov (akademik avarçəkmə)
Albert Səlimov (60 kq-dək, boks)
Lorenzo Sotomayor (64 kq-dək, boks) - gümüş medal
Abdulqədir Abdullayev (91 kq-dək, boks)
Məhəmmədrəsul Məcidov (91 kq-dan yüksək, boks)
Yana Alekseyevna (60 kq, qadın boksu)
Şərif Şərifov (86 kq çəki dərəcəsi, sərbəst güləş) - bürünc medal
Xetaq Qazyumov (97 kq, sərbəst güləş) - gümüş medal
Cəmaləddin Məhəmmədov (125 kq-dək, sərbəst güləş)
Saman Təhmasibi (85 kq-dək, Yunan -Roma güləşi)
Sabah Şəriəti (130 kq-dək, Yunan-Roma güləşi) - bürünc medal
Mariya Stadnik (48 kq çəki dərəcəsi, qadın güləşi) - gümüş medal
Nataliya Sinişin (53 kq çəki dərəcəsi, qadın güləşi) - bürünc medal
Yuliya Ratkeviç (58 kq-dək, qadın güləşi)
Boris Kirillov (üzgüçü)
Maksim Averin (şosse velospiedi)
Yelena Pavluxina (şosse velosipedi)
Olqa İsmayılova (velosiped)
Oleq Stepko (gimnastika)
Pyotr Paxnyuk (gimnastika)
Marina Durunda (bədii gimnastika)
Valentin Demyanenko (kanoe) - gümüş medal
İnna-Osipenko Rodomskaya (kanoe) - bürünc medal
Yure Meqliç (dağ slalom)
Uşanqi Kokauri (100 kq-dan yüksək, cüdo)
Hayle İbrahimov (500 metrə qaçış)
Enis Kiplaqat (marafon)
Anna Skidan (yüngül atletika)
Olqa Senyuk (kamandan oxatma)
Rostislav Pevtsov (triatlon)
Milad Beiqi Harçeqani (80 kq çəki dərəcəsi, taekvondo) - bürünc medal
Patimat Abakarova (49 kq-dək, taekvondo) - bürnc medal
Radik İsayev (80 kq-dan yüksək, taekvondo) - qızıl medal

Xetaq Qazyumov. Azərbaycana ardıcıl 3 Olimpiadada medal qazandıran iki idmançıdan biridir. 1983-cü il aprelin 24-də Şimali Osetiyanın Alaqir şəhərində anadan olub. Tanınmış pəhləvanın ilk müəllimi rusiyalı Aslan Tsoqoyev olub. Qazyumov ilk uğurunu Gənclər arasında Avropa çempionatının qalibi olmaqla qazanıb. 2005-ci ildə Dünya kubokunun bürünc mükafatına sahib çıxıb. 2006-cı ildə isə turnirin qalibi olub. Azərbaycan güləşçisi kimi ilk qatıldığı yarış 2008-ci ildə Ankarada təşkil olunan "Qızıl Qran Pri" olub. Burda tatami sahibləri Türkiyə və İrandan geri qalan Azərbaycan 3-cü yeri tutmuşdu.

2008-ci il Pekin Olimpiadasında 96 kq-dək çəki dərəcəsində mübarizəyə qoşulan Qazyumov yarımfinalda Şirvani Muradova (Rusiya) uduzmuşdu. 4 ildən sonrakı London Olimpiadası Qazyumov üçün dramatik məqamlarla yadda qaldı. Valeri Andreytsevə məğlub olaraq səhhəti pisləşən pəhləvanımız xəstəxanaya aparılmışdı. Orda bürünc medal qazanmaq şansı yarandığını öyrənən Xetaq yenidən tatamiyə qayıtmış və Tacikstan güləşçisini məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxmışdı. 2016 Rio-de-Janeyro Olimpiadası Qazyumov üçün daha uğurlu sayıla bilər. Ənənəvi çəkisində güləşən Qazyumov yarımfinalda Andreytsevə 11:0 hesabı ilə məğlub edərək revanş aldı. Finalda amerikalı Kayl Snayderə uduzan pəhləvanımız bu dəfə gümüş medalla kifayətlənməli oldu.

"Güləşdə rəqabət çox ağırdır, xüsusilə Rusiyada. Orda mənim çəkimdə əsas rəqib Afina Olimpiadasının çempionu Hacımurat Qatsalov idi. Həmin vaxt onun Olimpiya Oyunlarına qatılmaq şansları daha çox idi. Buna görə başqa ölkənin adından çıxış etmək qərarına gəldim. Vəziyyətdən ən optimal çıxış yolu bu idi. Belə bir vaxtda Azərbaycandan təklif gəldi. Ukraynanın da şərəfini qoruya bilərdim. Amma onda Qreqori Tibilov ora yollandı. Mənsə ona maneçilik törətmək istəmədim", - legionerimiz müsahibələrindən birində demişdi.

Qazyumov 2009, 2010, 2011-ci ildə Avropa çempionu olub. Güləşçimiz 2010-cu ildə Dünya çempionatının da qızıl medalını qazanıb. 2009-cu ildə isə bu turnirin gümüş medalını boynundan asıb. 2016-cı il sentyabrın 1-də AR prezidenti tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə orden"lə təltif olunub. Qazyumov, eyni zamanda dünyaya göz açdığı Alaqir şəhərinin fəxri sakinidir.

Mariya Stadnik. 1988-ci il iyunun 3-də Ukraynanın Lvov şəhərində doğulub. Hələ 18 yaşı olarkən Mariya Ukrayna yığmasının tərkibində Avropa çempionu adını qazanmışdı. Amma dopinqə görə onun nəticəsi ləğv olunmuş, özü isə 2007-ci ilə kimi diskvalifikasiya cəzası almışdı. 2007-ci ildə turnirlərdə iştirakına icazə verilsə də, Ukrayna tərəfindən etimad görməyən Stadnik Azərbaycandan gələn təklifi qəbul etmişdi. Legionerimiz həmin dövrü belə xatırlayır:

"2007-ci ildə gənc və perspektiv idmançı idim. Mənim çəki dərəcəmdə Olimpiya çempionu İrina Merleni də vardı. Afinada qızıl medal qazanandan sonra analıq məzuniyyətinə getmiş və 2007-ci ildə qayıtmışdı. Həmin vaxt Olimpiya yığmasına düşməyim gözlənilmirdi. Məşqçi səbr etməyi tövsiyə etdi. O zaman Azərbaycan qadın güləşi yığması yenicə toplanırdı. Mənə ordan təklif gəldi. Olimpiya Oyularında iştirak etmək şansım yaranmışdı. Kim bunu istəməz ki? Şəxsən mən Merleniyə kin bəsləmirəm. Elə rəqiblərim var ki, aramızda sağlam rəqabət mövcuddur. Merleni ilə vəziyyət başqa cür idi. O, medala görə, demək olar ki, hər şeydən keçməyə hazırdır. Ukrayna millisinə qayıtmaq qeyri-mümkün işdir. Azərbaycanda mənə hər cür şərait yaradılıb. İdmançıların hazırlıq səviyyəsi də yüksəkdir".

2008-ci il Olimpiadasında 48 kq-dək çəki dərəcəsində mübarizə aparan Stadnik ilk görüşündəcə Kerol Hayna uduzmuşdu. Lakin kanadalı rəqibin finala çıxması onun təsəlliverici görüşlərə qatılmasına imkan yaratdı. Həlledici görüşdə Tatyana Bakatyuku (Qazaxıstan) məğlub edən Stadnik Azərbaycana qadın güləşində ilk medalı (bürünc əyarlı) qazandırdı. 2012 London Olimpiadasında finala qədər irəliləyən Mariya yapon rəqibinə uduzmaqla gümüş medala sahib çıxdı. 4 il sonra Rio-de-Janeyro. Yenə final, yenə yapon rəqib.Hesabda irəlidə olan güləşçimiz sona bir neçə saniyə qalmış üstünlüyünü əldə verməklə gümüş medalla kifayətlənməli olur. Qeyd etmək lazımdır ki, ukraynalı legionerimiz dünya (2009) və 5 qat Avropa çempionudur.

Şərif Şərifov. Milliyyətcə avar olan Şərifov 1988-ci il noyabrın 11-də Dağıstanda dünyaya göz açıb. Güləşlə Kizlyarda məşğul olmağa başlayan Şərifov 2008-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib. Azərbaycan bayrağı altında çıxış etdiyi ilk turnir 2008-ci ilə təsadüf edib. Bir il sonra Herkinqdə keçirilən dünya çempionatında 84 kq-dək çəki dərəcəsində bürünc medal qazanıb. 2011-ci ildə İstanbulda təşkil olunan analoji turnirdə isə bütün rəqiblərinə qalib gələn pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şərifin Avropa çempionatında ən uğurlu nəticəsi 2010-cu ildə Bakıda qazandığı gümüş medaldır. 2012-ci ildə London Olimpiadasında 84 kq-dək çəki dərəcəsində ən güclü olan Şərifov Azərbaycan idman tarixinə qızıl medal qazanan ilk milliləşdirilmiş idmançı kimi düşdü.

2012-ci il avqustun 31-i AR prezidenti İlham Əliyev Olimpiya çempionumuzu "Şöhrət ordeni" ilə təltif etmişdi.

Radik İsayev. Tam adı Əbdulrahim İsayev olan 26 yaşlı idmançı Azərbaycana tarixində ilk taekvondo qızılını qazandırıb. 80 kq-dan yüksək çəki dərəcəsində mübarizə aparan idmançımız Rio-de-Janeyroda Olimpiya tariximizdə yeni səhifə açmış oldu.

2013-cü ilə qədər Rusiya yığmasında çıxış edən İsayev sonradan Azərbaycan tərəfindən milləşdirildi. 2010-cu ildə Rusiya çempionu olan taekvondoçu iki dəfə ölkə kubokuna da sahib çıxmışdı. Dünya (2015) və Avropa çempionu (2014) olan İsayev son müsahibəsində Rusiyanı tərk etməsini karyerasını inkişaf etdirməklə əlaqələndirmişdi.

"Azərbaycanı ikinci evim kimi görürəm. Rusiyada yalnız ölkə çempionatlarına gedirdik. Bu isə hazırlığın zəif olması ilə nəticələnirdi. Rusiyanın digər regionlarından olan taekvondoçular müxtəlif turnirlərə gedib təcrübə toplayırdı. Bizsə bir ildən bir tatamiyə çıxırdıq. 2012-ci ilin sonunda Maqomed Abdullayeviç dedi ki, Azərbaycan legionerlər yığır. Beləcə bu ölkənin təklifini qəbul etdim. 3 il ərzində Rusiyda 2-3-cü nömrə idim. Bəlkə də, həmin vaxt hazırlığım və təcrübəm indiki səviyyədə deyildi. Dağıstan mənim vətənimdir. Ora həmişə sadiq qalacam. Sadəcə ela alınıb ki, Azərbaycandan imkanlar Rusiyadan daha genişdir. 2012-ci ildə Rusiya çempionatında 3-cü yeri tutandan sonra anladım ki, Meksikadakı dünya çempionatına gedə bilməyəcəm. Buna görə Azərbaycanı seçdim", – Radik İsayev qeyd etmişdi.

Azərbaycanın Olimpiya oyunlarında legionerlərlə təmsil olunma məsələsinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin fikirlərini aldıq. SSRİ-nin Əməkdar İdman Ustası mövzu barədə bunları dedi:

"Bizim üçün ənənəvi olmayan idman növləri var ki, orda milliləşdirilmiş idmançılardan istifadə etmək məcburiyyətindəyik. Məsələn, baydarka-kanoe, triantlon kimi növlərlə Azərbaycanda məşğul olan idmançılar, demək olar ki, yoxdur. Yaxud da Azərbaycan müsəlman ölkəsi olduğundan bədii gimnastika ilə məşğul olan yerli qızlarımız azdır. Ona görə bu sahədə peşəkar idmançıları xaricdən gətirməliyik. Olimpiadada daha çox idman növündə təmsil olunmaq üçün bu mühüm məsələdir".

X. İsayev Pekin Olimpiadasından sonra legionerlərin Azərbaycan yığmasında artım tendensiyası barədə bunları dedi: "Düzdür, Olimpidanın proqramına daxil edilən elə idman növləri var ki, orda təmsilçinin yetişməsi uzun zaman alır. Rusiya kimi böyük dövlətin Olimpiya yığmasında osetin, çeçen və digər millətlərin nümayəndələri var. Bu ölkələr RF-nın tərkibində olsa da, idmanın qloballaşması legionerlərin də köməyindən istifadə olunmasını şərtləndirir".

Səbuhi Salamov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir






Bu yazı

42146 dəfə oxunub

Tarix

2016-09-21 10:39:50

Yazını

Çap et

Yazını

Paylaş