Gimnastlar ilin son yarışını başa vurublar




Milli Gimnastika Arenası bu ilin son gimnastika yarışına ev sahibliyi edib. 

"Olimpnews.az" xəbər verir ki, dekabrın 16-17-də arenanın köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı keçirilib. Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu İdman Məktəbi, "Ocaq Sport” İdman Klubu, "Neftçi” klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edən 115 gimnast medal uğrunda mübarizə aparıb.

Yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar- 2008/2009, kiçiklər- 2006/2007, balacalar – 2003/2004, yeniyetmələr -2001/2003, gənclər -1998/2001, böyüklər - 1998-ci il təvəllüdlü və daha böyüklər), qadın idman gimnastları isə 4 yaş kateqoriyasında (kiçiklər - 2009, uşaqlar 2007/2008, balacalar 2006, gənclər və böyüklər 2002-ci il və daha böyüklər) qüvvələrini sınayıblar.
Kişilər arasında böyüklər yaş kateqoriyasında "OcaqSport” İdman Klubunun yetirməsi Oleq Stepko rəqiblərini qabaqlayaraq yarışların qızıl medalını qazanıb. Gənclər arasında isə yenə həmin klubun yetirməsi Sergey Onbiş fərqlənib. Bakı Gimnastika Məktəbinin yetirmələri Səməd Məmmədli yeniyetmələr, Ramin Dəmirov isə balacalar arasında ən güclü olub. Oğlanlar arasında yeni başlayanlar kateqoriyasında yarışın qızıl medalını Əli Xəlilov (BGM) qazanıb. Kiçiklər arasında birinci yeri Şamxal Əhmədov (ROİL) tutub.
Qadınlar arasında böyüklər yaş qrupunda Marina Nekrasova ("OcaqSport” )hakimlərdən ən çox bal toplayıb. BGM-nin yetirmələri Samirə Qəhrəmanova gənclər, Kristina Osekina isə kiçiklər yaş qrupunda (BGM) fərqlənib.
Akrobatika gimnastikası üzrə isə balacalar (2002/2010), uşaqlar (2000/2007) yeniyetmələr (1998/2006) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş kateqoriyasında kişilərdən ibarət cütlük, qadın cütlükləri, qarışıq cütlüklər və qadınlardan ibarət qruplar qarışıq, balans və temp hərəkətlərində yarışıblar. Balacalar arasında kişi cütlüklərinin yarışında 13 saylı İOEUGİM-nin, böyüklər arasında BGM-nin, uşaqlar arasında isə "Neftçi” klubunun yetirmələri fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar. Kişi qrupu üzrə balacalar arasında Şabran klubu fərqlənib.
Uşaqlar arasında qadın cütlüklərin yarışında BGM-nin gimnastları qızıl medala layiq görülüblər. Yeniyetmələr arasında isə ən güclü "Neftçi”nin yetirmələri olub. Qadın qrupu üzrə balacalarda BGM, uşaqlarda "Neftçi” fərqlənib. Qarışıq cütlüklərdə ən yaxşı nəticəni BGM-in gimnastları nümayiş etdiriblər.



Səadət



Bu yazı

25481 dəfə oxunub

Tarix

2016-12-20 11:07:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev