Qadın güləşçilərimizin medal sevinci





Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına sabah yekun vurulacaq.
"Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarının son günündə 8 çəki dərəcəsində qadın güləşçilərin arasında qaliblərin adına aydınlıq gəlib.

Mayın 21-də keçirilən yarışlarda Olimpiya Oyunlarının üçqat medalçısı, dünya və 6 qat Avropa çempionu Mariya Stadnik (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mariya Stadnik ilk görüşdə əlcəzairli rəqibi Keira Çairma Yahyaoi üzərində vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. Həlledici görüşdə Evin Demirhana da qalib gələn M.Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Komandamıza ikinci qızıl medalı Elis Manolova (69 kq) qazandırıb. İdmançımız həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib. Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub. Elis Manolova finala gedən yolda kamerunlu Blandin Metala Epanqanı və türkiyəli Buse Tosunu məğlub edib.

3-cü qızıl medalı Leyla Qurbanova yığmamızın aktivinə yazdırıb. Təmsilçimiz əvvəlcə türkiyəli Burcu Kebiçə qalib gəlib. Ardınca isə Qazaxıstan təmsilçisi Aygül Nuralim məğlub edilib. Bununla da Leyla qızıl medalı boynundan asıb.

Elmira Qəmbərova (63 kq) IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olub. İdmançımız üçüncü yer uğrunda görüşdə kamerunlu Berte Emilen Etan Nqollaya 8:0 hesabı ilə qalib gəlib.
Gümüş medalı isə Nataliya Sinişin qazanıb. Natalyanın ilk rəqibi qazaxıstanlı Emma Tissina olub. İdmançımız tuşe ilə qələbə qazanıb. Ardınca Nigeriya təmsilçisi Odunoyu Adekuoroye ilə üz-üzə gələn güləşçimiz təcrübəli rəqibi qarşısında aciz qalıb. Üçüncü, sonuncu görüşündə Sinişin Bediha Günə qalib gəlib. Lakin, nigeriyalı güləşçinin hər üç görüşdə qələbə qazanması Natalyanın "gümüş"lə kifayətlənməsinə səbəb olub.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.




Bu yazı

9643 dəfə oxunub

Tarix

2017-05-21 20:06:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook