Bakı Dövlət Universiteti: İdmançı tələbələri ilə də fəxr edən böyük elm məbədi


1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilən Bakı Dövlət Universiteti (BDU) Azərbaycan elminin, təhsilinin və ictimai həyatının mayakıdır. Bu böyük təhsil məbədinin tələbəsi olan minlərlə insan cəmiyyətdə mühüm mövqeyə və rola malikdir. Necə deyərlər, Bakı Dövlət Universitetinin tələbə və müəllim kontingenti örnəyə çevrilib.

Universitetdə hər bir sahə üzrə yetişən yüksək ixtisaslı və istedadlı tələbələr var. Həmin sahələrdən biri də bədən tərbiyəsi və idmandır. Adı çəkilən təhsil ocağında bu sahə üzrə fakültə olmasa da, bütün fakültələrdə idmanı sevən tələbələr təhsil alır. BDU-nun məzunları arasında bu gün Azərbaycanı beynəlxalq miqyaslı yarışlarda uğurla təmsil edən, üçrəngli bayrağımızı zirvələrdə qürurla dalğalandıran idmançılara da rast gəlmək olur. Belə ki, dünya və Avropa çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, veteran futbolçu Ələkbər Məmmədov, futzal üzrə yığma komandamızın üzvü Vitali Borisov, sambo üzrə 9 qat dünya çempionu Ceyhun Məmmədov, yunan-Roma güləşi üzrə üç qat dünya çempionu Məhyəddin Allahverdiyev, Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, tanınmış şahmatçılar Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aynur Sofiyeva, karate üzrə IV İslam Həmrəyliyi Oyunlarının çempionları Ayxan Mamayev, Fəridə Abıyeva, muay-tay üzrə dünya çempionu Aydın Məmmədov Bakı Dövlət Universitetetinin fəxr edəcəyi tələbələrdən sayılırlar. Elm məbədinin tarixinə nəzər salarkən görürük ki, universitetdə Bədən Tərbiyəsi və İdman kafedrasının yaranması 1934-cü ilə təsadüf edir. Yarandığı gündən kafedranın məqsədi tələbələrdə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər tərbiyə etmək, milli mənəvi dəyərlər aşılamaq, onları əməyə və vətəni müdafiəyə hazırlamaq, müasir mütəxəssisi bir şəxsiyyət kimi formalaşdırmaqdan ibarət olub. Lakin bir müddət əvvəl bütün təhsil ocaqlarında olduğu kimi Bakı Dövlət Universitetində də kafedralar bağlanaraq, klubla əvəzlənib.

Yarandığı gündən bir çox tanınmış idman mütəxəssislərinin rəhbərlik etdiyi kafedra hazırda klub kimi fəaliyyət göstərir. Bu şərəfli işin davam etdirilməsi isə indi Azərbaycanın əməkdar məşqçisi, respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi Akif Atakişiyevə həvalə olunub. Elə bu universitetin məzunu olmuş Akif müəllim 1991-ci ildən bu günə kimi bu məsuliyyəti öz üzərinə götürüb.

Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə BDU-nun Bədən tərbiyəsi və idman kafedrasının müdiri dosent Akif Atakişiyev "Əməkdar müəllim” adına layiq görülüb.

Qeyd edək ki, Akif Atakişiyev 1972-ci ildən müəllim, 1991-ci ildən isə kafedra müdiri vəzifəsində çalışıb.
Ali məktəblərdə idmana, bədən tərbiyəsinə göstərilən diqqət və qayğıdan bəhs edəcək bu yazını Akif müəllimin fikirləri, onun təcrübəsi əsasında bir araya gətirmək istədik. Müxtəlif vaxtlarda bu və ya digər mövzularda bir neçə məqalə və elmi metodik vəsaitin müəllifi olan Akif Atakişiyevlə söhbət etdik.

"Bakı Dövlət Universitetində idmanın inkişafı
həmişə diqqət mərkəzində olub”

Akif müəllim tələbələr arasında dözümlülüyün və sağlamlığın qorunmasında idmanın danılmaz rolu olduğunu bildirdi. "Mən dəfələrlə öz çıxışlarımda və tələbələrlə söhbətimdə idmanın faydaları barəsində danışmışam. Fəaliyyətim ərzində xalqımızın məişətində mühüm yer tutan "Milli xalq idman oyunları” barədə məqalələr, Respublika elmi-praktik konfransında "İdmançıların dözümlüyünün artırılması yolları” mövzusunda keçirilən konfransda iştirak etmişəm. Bundan başqa "Təhsil, Mədəniyyət, İncəsənət” adlı "bilgi” dərgisində, "Fiziki tərbiyənin bəzi məsələləri” barədə məqalələrlə çıxışlar edərək, bədən tərbiyəsi dərslərinin keçirilməsi üzrə proqramların hazırlanmasında bir çox işlər görmüşəm.

İdman yaşından və cinsindən asılı olmayaraq hər bir insanın özü üçün lazımlı bir məşğuliyyət vasitəsidir. Bu gün minlərlə tələbənin təhsil aldığı Bakı Dövlət Universitetində də idman ön planda dayanır. Düzdür, tələbə üçün ilk növbədə təhsil çox əhəmiyyətlidir. Lakin idman və fiziki sağlamlıq da hər bir insan üçün çox vacibdir. Universitetimizdə tələbələrimiz yüksək təhsillə yanaşı, idmanla məşğul olur və sağlamlıqlarının qeydinə qalırlar. Elə universitet rəhbərliyinin qarşıya qoyulan əsas məqsədlərindən biri də fiziki cəhətdən sağlam nəslin yetişdirilməsidir. Bu baxımdan Bakı Dövlət Universitetində idmanın inkişafı həmişə diqqət mərkəzində olub. Təhsil ocağı ölkə rəhbərinin Olimpiya Hərəkatı sahəsindəki siyasətini daim dəstəkləyib və ali məktəblər içərisində beynəlxalq standartlara cavab verən ilk idman kompleksi də BDU-da inşa edilib. Gənc nəslin mənəvi cəhətdən zəngin, fiziki cəhətdən sağlam böyüməsində təhsil ocağının bədən tərbiyəsi və idman kafedrasının rolu danılmazdır.
1934-cü ildə yaradılmış kafedranın əsas məqsədi tələbələrdə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər tərbiyə etməklə yanaşı, onları vətənin müdafiəsinə hazırlamaq, şəxsiyyət kimi formalaşdırmaqdır. Bütün sahələrin mütəxəssisləri üçün tədris edilən bu fənn ilk növbədə fiziki hazırlığın profilləşməsini təmin edir, həm hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasında, onun sağlamlığının möhkəmləndirilməsində əsas amil rolunu oynayır, həm də tələbələrin peşəyönümlü fiziki hazırlığı prosesində nikbin əhval-ruhiyyənin yaranmasında mühüm vasitələrdən birinə çevrilir”.

"Biz məzunlarımızla fəxr edirik”

Məlum olduğu kimi, artıq universitetlərdə fəaliyyət göstərən kafedralar öz işini klub adı altında davam etdirir. Ali təhsil ocağının nəzdindəki klublar tələbələr arasında asudə vaxtın səmərəli təşkili istiqamətində böyük işlər görür. Burada idmanın müxtəlif növləri üzrə məşqlər keçirilir. Ayrı-ayrı bölmələrdə məşğul olan yeniyetmələr Təhsil, Gənclər və İdman nazirliklərinin keçirdikləri universiada və birinciliklərdə çıxış edərək mükafatalayiq yerlər tuturlar. Ali təhsil ocağında universitet əməkdaşlarının istirahətlərinin təşkili istiqamətində də xeyli işlər həyata keçirilib. Akif müəllim bildirdi ki, BDU-nun tələbələri müxtəlif illərdə nəinki universiteti, habelə respublikamızı keçmiş Sovetlər İttifaqında, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında layiqincə təmsil ediblər.

"Bakı Dövlət Universiteti bir çox ziyalıların yetişməsində əvəzsiz rola malikdir. Bu gün fəxrlə qeyd edə bilərəm ki, bir çox məzunlarımız hazırda elm və müxtəlif peşə sahəsində, həmçinin idman sahəsində böyük uğurlar əldə ediblər. Biz məzunlarımızla fəxr edirik. Mən hər zaman tələbələrimizə həmin məzunları nümunə kimi göstərirəm. Sevindirici haldır ki, tələbələrimiz hər il təşkil olunan müxtəlif yarışlarda uğurla təmsil olunurlar. Qeyd edim ki, universitetin komandaları təkcə ölkədaxili deyil, həmçinin bir sıra beynəlxalq yarışlarda da uğurla çıxış edirlər. Xəzəryanı ölkə universitetlərinin II, III və IV beynəlxalq tələbə Oyunlarında, 2002-ci ildə Qazaxıstan Respublikasının Atrau şəhərində keçirilən yarışda qızlardan ibarət basketbol komandamız ikinci, 2004-cü ildə İran İslam Respublikasının Rəşt şəhərində isə üçüncü yerə layiq görülüblər. 2005-ci ildə Türkiyə Respublikasının "Kırık Kale” Universitetində keçirilən beynəlxalq turnirdə həndbol və güləş üzrə komandalarımız birinci və ikinci yerlərə sahib çıxıblar.

2008-ci ildə Təhsil Nazirliyi respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin keçirdiyi voleybol yarışında məşqçi Fərhad Tarıverdiyevin, badminton yarışında isə Almaz Əfəndiyevanın yetirmələri qalib olublar. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr etdiyi futbol turnirində isə BDU-nun komandası birinci yeri tutaraq fəxri diplom və pul mükafatına layiq görülüb. 2009-cu il də universitetin idmançıları üçün uğurlu olub. Gənclər və İdman Nazirliyi ilə "Gənclər” Tələbə İdman Cəmiyyətləri Respublika Şurasının birgə keçirdiyi universiadada Məlahət Qəhrəmanovanın rəhbərliyi ilə BDU-nun oğlanlardan və qızlardan ibarət həndbol komandaları, baş müəllim Almaz Əfəndiyevanın məşqçisi olduğu qızlardan ibarət badminton komandası birinci, Mübariz Bağırovun və Tərifə Bayramovanın yetirmələri olan basketbolçu, stolüstü tennisçi qızlarımız isə ikinci yerləri tutublar.

2008-2009-cu tədris ilindən universitetin bütün fakültələrində "Bolonya sistemi” tətbiq olunur. Tələbələr dərslərdən sonra da kafedranın nəzdində fəaliyyət göstərən idman bölmələrində böyük həvəslə məşq edirdilər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin müxtəlif idman növləri üzrə müəllim və tələbələr arasında keçirdiyi yarışlarda da BDU-nun komandaları mütəmadi olaraq qaliblər sırasında yer alıb”, - deyə Akif müəllim qeyd etdi.

"İdmançılarımız idman qurğularında 
həvəslə məşq edirlər”

Hər bir təhsil ocağında tələbələrin idmanla məşğul olması üçün yüksək səviyyəli mütəxəssis və mövcud şərait olmalıdır. Bakı Dövlət Universiteti ölkəmizdə idman infrastrukturu ilə fərqlənən ali təhsil ocaqlarından biridir. Məlumat aldıq ki, universitetdə Bədən Tərbiyəsi və İdman Kompleksi üç zaldan (onlardan biri idman oyunları üçündür, biri trenajor, digəri isə güləş zalıdır) və şahmat otağından ibarətdir. Universitetdə həmçinin üzgüçülük Kompleksi də mövcuddur. Burada eyni zamanda, kikboksinq zalı, stolüstü tennis zalı, trenajor otaqları, futbol stadionu və iki yardımçı futbol meydançası da tələbələrin ixtiyarındadır. Həmin idman zallarında idmanın ayrı-ayrı növləri üzrə məşqlər keçirilir. BDU-nun tələbələri 15 idman növü üzrə yarışlarda iştirak edirlər. Burada təhsil alan xarici tələbələr də universitetin idman həyatında yaxından iştirak edirlər.

Universitetin professor və müəllimləri üçün sadalanan idman növləri üzrə bölmələr yaradılıb. Universitetin idman infrastrukturu haqqında məlumat verərkən klub müdiri bildirdi ki, ali məktəbdə tələbələrin idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb. "Bakı Dövlət Universiteti özünün idman infrastrukturu ilə fərqlənən ali məktəblərdəndir. Universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr yarışlarda uğurla iştirak edir. Onlardan hansının fəal, hansının passiv olduğunu demək o qədər də düzgün olmazdı. Lakin şərti mənada hüquq, coğrafiya, ekologiya, beynəlxalq münasibətlər fakültələrini göstərə bilərəm. Çünki həmin fakültələrdən idmanla məşğul olanların sayı daha çoxdur və biz bir müddətdən sonra onlar arasında seçim edirik.
İdmançılarımız həvəslə məşq edirlər. Amma fürsətdən istifadə edib onu da deyim ki, mən daha çox açıq havada, xüsusilə də, dəniz sahilində məşqlərə üstünlük verirəm və tələbələrimizə də ən azı yay aylarında bunu məsləhət görürəm.

Universitetin rəhbərliyinin göstərdiyi diqqət və qayğı isə onların həvəslərini daha da artırır. Belə ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov bəzən özü də müxtəlif yarışlarda iştirak edir ki, bu da məsuliyyətimizi ikiqat artırır. O, ildə bir neçə dəfə idmançı tələbələrlə görüşür. Həmin görüşlərdə Abel müəllim tələbələrin problemləri ilə maraqlanır, onlara öz məsləhətlərini verir. Onu da deyim ki, universitet rəhbərliyinin təşəbbüsü ilə bu yaxınlarda idmançılar üçün yeni soyunub-geyinmə, duş otaqları tikilib, istifadəyə verilib. Biz də bu etimadı doğrultmağa çalışırıq. Həmçinin Təhsil Nazirliyi, AFFA kollektivi də bizə böyük köməkliklər edir”- deyə müsahibimiz əlavə etdi.

Unikal velosiped muzeyi

Akif müəllim onu da bildirdi ki, universitetdə beynəlxalq miqyaslı unikal Velosiped və Velosiped İdmanı Muzeyi fəaliyyət göstərir. Bu muzeyin əsasını isə velosiped idmanı üzrə tanınmış mütəxəssis olan Ələddin Şabanov qoyub. O, BDU-da professor əvəzi vəzifəsində çalışıb, pedoqoji elmlər namizədi, idman ustası, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü olub. Bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında muzeyin səyyar sərgilərini nümayiş etdirib. Ələddin müəllim velosiped yarışlarında dünya, Avropa çempionatlarında, super velomarafonlarda 50-dən artıq ölkələrdə Azərbaycanı təmsil edib. 1997-ci ildə "Ekoloji təmizlik uğrunda mübarizə” adlı marafonda Çernobıl kimi faciələrin qarşısını almaq məqsədi uğrunda mübarizədə Avropanın 27 ölkəsini, 144 şəhərini 6 ay müddətində qət edərək Vatikanda Roma papası Yohan Pavel II tərəfindən mükafatlandırılıb. Velosiped muzeyinin ekspozisiyaları günü-gündən artır, yeni materiallarla zənginləşir. Muzeyin rəy kitablarında dünya və Olimpiya çempionlarının, beynəlxalq velosiped idmanı üzrə rəhbərlərin, universitetə gələn qonaqların və bir çox şəxsiyyətlərin ürək sözləri yazılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, idmanın inkişafı ölkəmizin ümumi maraqlarına xidmət edir və idmançılarımızın beynəlxalq yarışlarda qazandığı hər bir qələbə Azərbaycanın dünyada daha yaxşı tanınmasına böyük təkandır. Bu baxımdan, qocaman ali təhsil ocağı olan BDU ölkədə idmanın yüksək səviyyədə inkişaf etməsində, tədrisində və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

BDU-nun idman həyatı, həqiqətən də, çox inkişaf edib. Üzgüçülük kompleksi, kikboksinq, stolüstü tennis zalları, trenajor otaqları, stadion və s. günümüzün müasir tələbləri səviyyəsində qurulub. Yaradılmış bütün bu şəraitdən isə təkcə BDU tələbələri deyil, öz sağlamlığına biganə qalmayan universitetin bütün kollektivi yararlanır.

Azər Əlizadə,
Kənan Novruzov




Bu yazı

2758 dəfə oxunub

Tarix

2017-10-31 11:10:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook