“Qarabağ”dan Madriddə tarixi nəticə


UEFA Çempionlar Liqasında IV tura yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” səfərdə "Atletiko” klubu ilə qarşılaşıb. Turnir cədvəlinin son pillələrində qərarlaşan komandaların matçında qalib müəyyənləşməyib. Qurban Qurbanovun yetirmələri Madrid səfərindən tarixi nəticə ilə qayıdıblar.

UEFA Çempionlar Liqası
C qrupu
"Atletiko” (İspaniya) - "Qarabağ” (Azərbaycan) - 1:1
Qollar: Tomas, 56 - Miçel, 40.
Qırmızı vərəqələr: Saviç, 88 (ikinci sarı) - Pedro Enrike, 59 (birbaşa).
Hakimlər: Deniz Aytekin, Qvido Kleve, Markus Hakker, Eduard Beytinqer (hamısı Almaniya).
31 oktyabr. Madrid. "Metropolitano” stadionu. 55 893 tamaşaçı.

Oyunda hesabı təmsilçimiz açıb. Matçın 40-cı dəqiqəsində künc zərbəsindən ötürülən topu Miçel əla baş zərbəsi ilə qapıdan keçirib. İlk hissə təmsilçimizin üstünlüyü ilə başa çatıb - 0:1.

İkinci hissədə təzyiqi artıran rəqib bir neçə epizodda qola yaxın olsa da, bu istəyinə oyunun 56-cı dəqiqəsində çatıb. Tomas uzaqdan vurduğu top qapıçı üçün qarşısıalınmaz olub. 3 dəqiqə sonra isə "Qarabağ" meydanda azlıqda qalıb. Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Meydan sahiblərinin say üstünlüyü yarım saat çəkib. Bu müddətdə hesabda önə keçə bilməyən Dieqo Simeonenin yetirmmələri oyunun 88-ci dəqiqəsində Saviçi «itirib». Serb müdafiəçi ikinci sarı vərəqə ilə oyunu tərk edib.

Qalan dəqiqələrdə başqa qol olmayınca matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. UEFA tarixi qolun müəllifi Miçeli matçın ən yaxşı futbolçusu seçib. Heç-heçə "Qarabağ”ın 1/8 final mərhələsinə şanslarını saxlayıb.

Yeri gəlmişkən, "Qarabağ” avrokuboklardakı uğursuz seriyasını qırıb. "Atletiko” ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri 91 gündən sonra rəqib meydanında uğur qazanıb. Sonuncu belə uğur avqustun 1-də Moldovada "Şerif” üzərində qələbə ilə gerçəkləşmişdi (2:1).

Oyundan sonra
Dieqo Simeone ("Atletiko” klubunun baş məşqçisi): «Bəhanələrə sığınmaq istəmirəm. Oyuna pis başlamamışdıq. Rəqibə zərbə vura bilərdik, amma dəqiqlik çatmadı. Əvəzində isə onlar fərqləndilər. İkinci hissədə əsəbi idik. Rəqib əla müdafiə olunurdu. Çox yaxşı qapıçıları var. Nəticə istədiyimiz kimi deyil və çox çətin vəziyyətə düşdük. "Roma”ya qarşı daha yaxşı olmağa çalışacağıq. Taleyimiz o matçın nəticəsinə görə bəlli olacaq. Biz həmişə eyni cür oynamışıq, əvvəllər bu, alınırdı, indi alınmır. Əgər siz xal qazanırsınızsa, hamı gücünüzdən danışır. Nəticə yoxdusa, insanların fikri dəyişir».

Qurban Qurbanov ("Qarabağ” klubunun baş məşqçisi): «Çox ağır oyun oldu. Bir xalla dönsək də, rəqibin oyununu qeyd etməliyəm. Futbolçularımız bu cür komandaya qarşı sona qədər mübarizə apardılar. İlk dəfədir ki, Çempionlar Liqasının qrupunda çıxış edirik. Futbolçularımızın belə oyunları çox keçirmələrinə ehtiyac var. Şükürlər olsun ki, komandamızın əziyyəti boşa getmədi. Məncə, qırmızı vərəqə düz verilmişdi. Hakim haqlı olaraq, həmin vərəqəni göstərdi. Çünki Pedronun ayağı həddindən artıq yuxarı qalxmışdı. Bu mənada, hakimin qərarına etirazım yoxdur. Yaxşı nəticə həm futbolçulara, həm də bizə özünəinam hissi verir. Nəticə önəmlidir. Əgər şansımız varsa, futbolçuları maksimum dərəcədə hazırlayacağıq. Dayanmaq istəmirik, potensialımızı daha çox açmaq niyyətindəyik».


Bu yazı

2125 dəfə oxunub

Tarix

2017-11-02 09:48:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook