Baş məşqçiyə uzun müddət şans verilməlidir?!

Bu sual, mövzu uzun müddətdir ki, futbol ictimaiyyəti arasında müzakirə olunur. Qurban Qurbanovun timsalında nümunə göstərilir, müxtəlif arqumentlər gətirilir. Bundan istifadə edən məşqçilər də özlərinə bəraət qazandırmağa çalışırlar... Dərin təhlillər aparılmalıdır. Azərbaycan futbolunun ən böyük problemlərindən biri elə problemlərə üzdən yanaşmaqdır.

Dünyada əsasən iki kateqoriyalı klublar mövcuddur: köklü, tarixi ənənəsi, formalaşan oyun üslubu olan daimi lider klublar və başqaları. Dünyada nəhəng klublardan tutmuş ölkə miqyasında olan bütün klublara qədər... Lider klublar eksperiment məkanı deyil. Ola da bilməz. Belə klublar tarixinə uyğun idarə olunmalı, fəlsəfəsinə, ruhuna görə məşqçi, futbolçular seçilməli, yetişdirilməlidir. "İmprovizasiya” məkanı ikinci dərəcəli klublarda ola bilər.

Məşqçilər formalaşmış peşəkar psixologiyaya malikdir. 70-80 faizi komandanın qələbə, heç-heçəsindən çox görüşdən sonra mətbuat konfransında "məğlubiyyəti kimin üstünə atım” düşüncəsi ilə meydana çıxır. "Məğlubiyyətlərin günahkarı mənəm” deyən məşqçi görmüsünüz? Məsuliyyətdən qaçmaq məşqçilərin peşəkar vərdişidir. Klublarda zəif idarəçilik olanda isə bu "vərdiş” pik nöqtəyə çatır. Lider klubları zirvədə saxlamaq üçün işini bacaran lider rəhbərlər, məşqçilər, futbolçular lazımdır.

Gələk yuxarıda qeyd etdiyim məsələyə. Qurban Qurbanova uzun müddət ona görə şans verilib ki, məşqçilik karyerasının ilk vaxtlarından potensialını göstərməyə başlayıb. Hətta "Neftçi”də çalışdığı ilk ilində də sona kimi çempionluq uğrunda mübarizə aparıb.

"Qarabağ” klubunda isə pley-offlar "yaşaya-yaşaya”, bürünc, gümüş medallar qazanaraq sonda ölkə çempionluğunu əldə edib. Bununla yanaşı, klub Avropa və Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə əldə edərək tarixi uğurlar qazanıb. Qurban Qurbanov çətinliklər görərək, istefalar eşidərək, püxtələşə-püxtələşə milli komandanın baş məşqçi vəzifəsinə qədər yüksəlib. Bu, qırılma nöqtəsi də ola bilərdi. Xatırlayıram, 2012-ci ildə "Neftçi”nin tarixi uğuru fonunda "Qarabağ” 4-cü yerlə kifayətləndi və avroliqaya vəsiqə belə qazana bilmədi. Həqiqətən, həmin il "Qarabağ”ın sponsorları, Qurban Qurbanov üçün çətin dönəm idi. Ya tamam, ya davam dilemması ilə qarşı-qarşıya dayanmışdılar. Baş məşqçi ciddi təzyiqlər, rəhbərliyin inamsızlığını görsə idi, özü də istefa verə bilərdi. Doğru analizlər, ictimaiyyətin dəstəyi (istəməyənlər də var idi) kritik nöqtəni aşmağa imkan verdi. İndiki uğurların təməli 5 il əvvəl atılmış oldu. Buna görə də ilk növbədə "Qarabağ” rəhbərliyinə xüsusi təşəkkür düşür.

Bu, boşuna verilən qərar deyildi. Çalışdığı vaxtda "Qarabağ” heç vaxt ortabab, autsayder rolunda olmayıb. Hər mövsüm stabil olaraq liderlər arasında mövqeyini qoruyurdu. Uğursuzluqdan isə heç kim sığortalanmayıb. Əsas odur ki, bu uğursuzluqlar davamlı olmasın. Belə olsaydı Qurban Qurbanovu heç kim bağışlamazdı və üzün müddət şans verilməzdi.

"Neftçi” də çalışdığım 5 il ərzində Bakıda, Quzanlıda 30-a yaxın prinsipial, barışmaz, çempionluq, kubok uğrunda oyunlarımız keçirilib. Görüşlərdə məğlubiyyət, qələbə, heç-heçələr də olub. Qurban Qurbanov bir dəfə də olsun uğursuzluqlara bəhanələr gətirməyib, öz səhvləri üzərində çalışıb. Məşqçilərin bacarığı tək fiziki, taktiki, nəzəri biliklərlə kifayətlənməməlidir. Sponsor, rəhbərlik, rəqiblər, ictimaiyyət, azarkeş, media ilə əlaqələr, psixoloji yanaşma, ünsiyyət çox vacibdir. Qeyd etdiklərim lider məşqçilərin formalaşmasında mütləq amildir. "Məşqçilərə uzun müddət şans verilməlidir” ifadəsi, fikirləri şablonluqdan uzaq olmalıdır.

Bu fərdi məsələdir və kütləvi olaraq hər məşqçiyə şamil oluna bilməz. Aparıcı klublarda çalışmaq böyük bacarıq, istedad, əzmkarlıq, geniş təfəkkür tələb edir. Yuxarıda qeyd etdiyim kimi, lider klubların ortabab, autsayder olmaq şansı yoxdur. Məğlubiyyətləri sıralayaraq "mənə uzun müddət şans verilməlidir” düşüncəsi vaxt qazanmaqdan, manipulyasiyadan başqa bir şey deyil. Böyük klublarda rəhbər, məşqçi və futbolçuların bir şansı var: lider klubda liderliyini sübut etmək. Əks halda, deməli böyük kluba layiq deyillər.

Müxtəlif situasiyalar ola bilər. Azərbaycan futbolunda belə hallar çox yaşanıb. Sponsor-rəhbər-məşqçi-futbolçu ardıcıllığı ilə məşqçi və ya başqasının günahı olmadan problemlər yaşana bilər. İdeyalarını həyata keçirmək üçün obyektiv, subyektiv səbəblər təhlil olunmalı, sabahın qalibi olmaq üçün real, qətiyyətli addımlar atılmalıdır. Məğlubiyyətlərə bəhanələr gətirərək böyük məşqçi olmaq mümkün deyil.

Böyük klubları məhvə sürükləyib "bizə şans verilmədi” ifadəsindən fərqli olaraq "lider klublara layiq olmayanlara şans veril(ir)di” yanaşması daha doğrudur. Belə tələbkarlıq rəhbər, məşqçi və futbolçuların hər birinə aiddir. Lider klubları ayaqda saxlayacaq, daha da inkişaf etdirəcək qalibiyyət ruhlu liderlər olmalıdır!

"Göydən üç alma düşdü” nağıllarını ən yaxşı halda ikinci dərəcəli klublarda davam etdirmək olar. Aşağı düşə-düşə...

Tahir Süleymanov,
futbol mütəxəssisi




Bu yazı

35053 dəfə oxunub

Tarix

2017-12-19 12:05:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook