UEFA Gənclər Liqası gənc futbolçular üçün ciddi sınaq, böyük təcrübə və əsl məktəbdir


2017-ci ili Azərbaycan futbolu üçün uğurlu hesab etmək olar. Çünki "Qarabağ” tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb. Təmsilçimiz qrupda "Çelsi” (İngiltərə), "Atletiko” (İspaniya) və "Roma” (İtaliya) kimi tanınmış komandalarla qarşılaşıb. Son çempionumuz çətin rəqiblərlə başabaş mübarizə apararaq, 2 xal toplayıb.

"Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazandığına görə, klubun U-19 komandası UEFA Gənclər Liqasının qrup mərhələsində iştirak etmək imkanı qazanıb. Təəccübləndirici olsa da, U-19 əsas komandadan daha yaxşı nəticə göstərib. Gənc futbolçular səfərdə güclü "Atletiko” klubunu məğlub edərək, qrup mərhələsini 3 xalla başa vurublar.

"Olimpiya dünyası” qəzeti "Uşaq və gənclərin fiziki və inkişafı” layihəsi çərçivəsində budəfəki yazını "Qarabağ”ın U-19 komandasına həsr edir. Bununla əlaqədar olaraq, "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov, bu heyətin kapitanı Zaur Fərzəliyev və yarımmüdafiəçisi İbrahim Qədirzadə ilə müsahibəni oxucularımıza təqdim edirik. Belə ki, baş məşqçi ilə futbolçular mötəbər turnir barəsində fikirlərini bildirib, keçirilən oyunları təhlil ediblər.

Qurban Qurbanov: "Nəticə baxımından U-19 komandasından razı qaldım"

- 2017-ci il yekunlaşmaq üzrədir. Bu ili "Qarabağ” klubu üçün uğurlu hesab etmək olarmı?

- Çox ağır və yaddaqalan il oldu. Azarkeşlər son iki ildə bizdən komandanın Çempionlar Liqasının qrupuna düşməsini istəyir və hətta tələb edirdilər. Bu mövsüm çətin keçdi. Azərbaycan komandası ÇL-in qrupuna düşməyi bacardı. Bu il "Qarabağ” həm ölkə çempionu oldu, həm də ölkə kubokunu qazandı. Dekabrda Premyer Liqanı lider kimi başa vurmaq istəyimiz də yerinə yetdi. Bütün bu nəticələr 2017-ci ilin bizim üçün uğurlu keçdiyini deməyə imkan verir. Bəzi klublar var ki, rəhbərlik də daxil olmaqla, məşqçilər, futbolçular kiçik uğur qazandıqdan sonra rahatlaşır və "Gələn il qrupa düşməsək də, bizə heç kim heç nə deməyəcək” fikri ilə fəaliyyət göstərir. Amma bü cür düşüncələrin yaranmasına imkan vermədik. Beləliklə, ÇL-in qrupuna düşməyi bacardıq. "Qarabağ”ın rəhbərliyinə, futbolçularına və azarkeşlərinə təşəkkür edirəm. Uğurlar bizi rahat etməməlidir, daha yüksək nəticələr uğrunda mübarizə aparmaq lazımdır. Bir neçə təşkilat tərəfindən "İlin məşqçisi” mükafatına layiq görülməyim mənim dövlətimiz, xalqımız və azarkeşlər qarşısında məsuliyyətimi birə-beş artırır. Lakin iki böyükhesablı məğlubiyyət məni çox məyus etdi. İngiltərənin "Çelsi” komandasına ev və səfər matçlarında uduzduq. Belə olmasını heç istəməzdim. Amma hadisələrə real yanaşmaq və obyektiv olmaq lazımdır. Futbolda belə hesablar olur.

- "Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazandığına görə, klubun U-19 komandası Gənclər Liqasının qrup mərhələsində iştirak etmək imkanı əldə etdi. Gənc futbolçuların keçirdiyi 6 oyunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, gənc yaşında mötəbər turnirdə iştirak etmək futbolçuların inkişafı üçün böyük təkandır. Bu yaşda Çempionlar Liqasının gücünü hiss etməyin böyük faydası var. Nəticə baxımından U-19 komandasından razı qaldım. Rəşad Sadıqovun rəhbərliyi altında çalışan futbolçular ilk oyunlarda çətinlik çəksələr də, qrupda qələbə qazanmağı bacardılar. Düşünürəm ki, gənclərimiz ölkəmizi layiqincə təmsil etdilər.

- U-19 komandasının heyətində hansı futbolçunun oyununu bəyəndiniz və onu əsas heyətə dəvət etmək fikriniz varmı?

- Hər hansı futbolçunun adını çəkmək istəmirəm. Amma heyətdə potensialı olan, perspektivli futbolçular kifayət qədərdir. Amma onlar öz üzərində hələ çox işləməlidirlər.

- Oğlunuz Musa Qurbanov da futbolçudur. Adətən valideynlər peşə seçimi zamanı övladlarına yol göstərirlər. Bu seçimdə sizin nə dərəcədə rolunuz olub?

- Musanın 16 yaşı gələn ilin aprel ayında tamam olacaq. Buna baxmayaraq, o, Gənclər Liqasının oyunlarında U-19 komandasının heyətinə dəvət olundu. Musa klubla birlikdə məşqlərdə iştirak etdi. O, U-17 milli komandasına yeni dəvət olunub. Düzünü desəm, oğlumun futbolu seçməsində mənim heç bir rolum olmayıb. O, həqiqətən, futbolu çox sevir.

- Mütəxəssislər futbolda uğur qazanmaq üçün uşaq futboluna diqqət artırmağın vacib olduğunu deyirlər...

- Hazırda aşağı yaş qruplarında problemlər kifayət qədərdir. Bunlardan biri haqqında sizə danışacağam. Valideynlər futbolçulara həddindən artıq çox mane olurlar. Tanıdığım belə futbolçuların sayı çoxdur. Biz valideynləri də futbola münasibətdə düzgün formalaşdırmağı bacarmalıyıq. İngiltərənin "Çelsi” klubunun akademiyasına getmişdim. Akademiyada ən böyük problem valideynlərlə bağlı idi. Rəhbərlik valideynlərlə ayrıca görüşlər keçirir, maarifləndirici söhbətlər aparır. Uşaqla yanaşı, onun valideyni, ətrafı da komandanı sevməlidir. Futbola gələn uşaq müsbət insani keyfiyyətlərə malik deyilsə, ondan heç vaxt yaxşı futbolçu olmayacaq.

- Uşaq futbolçular süni meydançada yetişirsə, necə sağlam futboldan danışa bilərik?

- Avropanın hər bir yerində süni örtüklü meydançalar var. Lakin müəyyən yaş dövründən sonra belə meydançalardan uzaqlaşmaq lazımdır. Avropa komandaları səviyyəsində olmaq üçün onların standartlarına uyğunlaşmalıyıq. Süni meydançaları salmaq və saxlamaq asandır. Təbii ot örtüyündə məşq olanda ot tez-tez yararsız hala düşür. Qeyd edim ki, illər keçdikcə süni meydanların sayı azalır. Aşağı yaş qrupunda futbolçu süni meydana görə zədələnmir. O, düzgün qidalanmır və qaydasında məşq etmir. Gəlin görək, idman həkimləri tələblərə cavab verirlərmi? Bütün bunlar yüksək səviyyədə olmalıdır. Futbolçunu kim yetişdirir? Əlbəttə, yaxşı məşqçi və peşəkar həkim. Hər bir mütəxəssis öz işini peşəkar şəkildə görməlidir.

- Bəs süni meydança problemini necə aradan qaldırmaq olar?

- "Çelsi” klubunun 32 məşq meydançası var. Bunlardan ikisi süni örtüklü meydançadır. 32 meydanın yalnız 28-dən istifadə olunur. Onlar belə infrastruktura malik olsalar da, yenə deyirlər ki, hələ problemlərimiz var. Təsəvvür edin, bu cür tanınmış klubun da problemləri varsa, daha nə demək olar? Bizim problemlərimizdən biri də süni meydançalardır. Bütün problemləri qısa müddət ərzində həll etmək mümkün deyil. Təbii ki, bir çox problemlərin həllində maliyyə böyük rol oynayır. AFFA bir neçə komandaya sponsorluq edir. Amma bütün problemlərin həllini və yükünü bir təşkilatın üzərinə atmaq düzgün deyil. UEFA da bu məsələyə diqqət ayırır. Qitə futbol qurumu da bizdən öz yardımını əsirgəmir.

- Ölkə futbolundakı problemlərdən biri də futbolçuların xarici klublarda çıxış etməməsidir...

- Bu, böyük mövzudur. Bunlar mütləq olmalıdır. Amma desək ki, tezliklə hər şeyi qaydasına qoyacağıq, yalan olar. Futbolçudan əvvəl onu yetişdirən insanlar - məşqçi, həkim, hətta masajçı var. Onların sağlam olması son dərəcə mühümdür. AFFA rəhbərliyi ilə milli yığmanın baş məşqçisi kimi tez-tez görüşəcəyik. Önəmli məsələlərdən biri də 8-10 yaşlı uşaqların sağlam və peşəkar mütəxəssislərə etibar edilməsidir. Həkimlər mütləq sağlam və savadlı olmalıdırlar. Futbolçuların yetişdirilməsi üçün kurslarımız fəaliyyət göstərəcək. Bir sözlə, görüləsi işlər çoxdur.

Rəşad Sadıqov: "Uşaqların bir az təcrübəsi olsaydı..."

- "Qarabağ”ın U-19 komandası ölkəmizi ilk dəfə UEFA Gənclər Liqasında təmsil etdi. Keçirdiyiniz 6 oyun haqqında nə deyə bilərsiniz?

- Komandanın oyunçuları təcrübəsizlikdən əziyyət çəkirdilər. Peşəkarlıq, ustalıq çatışmırdı. Bu, aydın məsələdir və hamımız bilirik. Ancaq hər bir oyunda "qırılma” nöqtəsi oldu. Oturub bütün matçları analiz eləsək, görərik ki, uduzduğumuz hər matçda səhv buraxırdıq və bu da bizə baha başa gəlirdi. Bundan başqa, standart vəziyyətlərin üzərində çox işləmək lazımdır. Çünki belə epizodlarda da qol buraxdıq. Düşünürəm ki, bir az daha yaxşı nəticə göstərə bilərdik. Uşaqların bir az təcrübəsi olsaydı, qrupdakı xalımız üçdən çox olardı. Təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Qeyd edim ki, mötəbər turnirdən əvvəl heyətin futbolçuları ilə daha çox işləmək imkanımız olmadı. Heyət 2-3 həftə ərzində formalaşdı və komandaya 8-9 yeni futbolçu dəvət olundu. Vaxt azlığı və futbolçuların təcrübəsizliyi nəticələrdə özünü göstərdi. Baş məşqçi kimi, turnirdə çıxış etmək mənim üçün əla təcrübə oldu. Düzdür, futbolçu karyeramla bağlı bəzi çətinliklər oldu, amma burada çox şey öyrəndim. Əlbəttə ki, "Çelsi”, "Atletiko” və "Roma” kimi komandalarla belə yüksək səviyyəli turnirdə üz-üzə gəlmək çox çətindir. Bu cür rəqiblərlə qarşılaşmaq gənc futbolçular üçün ciddi sınaq, böyük təcrübə və əsl məktəbdir. Bu, futbolda ilk ciddi addımlarını atan Azərbaycan idmanı üçün böyük hadisədir.

- Qış fasiləsində heyətdən "Qarabağ”ın əsas komandasına hansısa futbolçu cəlb olunacaqmı?

- Buna Qurban Qurbanov qərar verəcək. Düşünürəm ki, bu komandadan 3-4 nəfər əsas komandada oynaya bilər.

- Baş məşqçi kimi, uşaq və gənclərin fiziki və mənəvi inkişafını nədə görürsünüz?

- Baş məşqçisi olduğum komandada 16-dan 19 yaşınadək futbolçular vardı. Bu uşaqları kollektiv halda harasa aparmaq mümkündür. Onların hər birinin gələcəyi öz əllərindədir. Futbolçular öz üzərində daha çox işləməli və peşəkarlıqlarını artırmalıdırlar. Bu, bütün yaş qruplarına aiddir. Bu gün Avropanın tanınmış klublarının bazalarına gedəndə onlardan geri qaldığımızın şahidi oluruq. Gənc komandalar öz yaşıdları arasında çempion olmaq və Avropa turnirlərində uğurlu çıxış etməyi qarşısına əsas məqsəd kimi qoymalıdır. Hər bir futbolçu böyük idmana keçid etmək üçün üzərində çox işləməlidir. Futbola həvəsi olan uşaq və gənclər fərdi qaydada özləri üçün plan qurmalıdırlar ki, gələcəkdə "Qarabağ”da, "Qəbələ”də, milli komandada çıxış edə bilsinlər. Amma müəyyən müddətdən sonra komandalarda yenilənmə olur və hər futbolçu peşəkarlığını artırmalıdır.

- Hazırda ölkənin uşaq futbolunda çatışmazlıqlar mövcuddur...

- Bəli, çatışmayan şeylər çoxdur. Futbolçularımız "Atletiko”nun, "Çelsi”nin bazasını görəndə artıq əsl futbolun nə olduğunu anlayırlar. Belə ki, Azərbaycanda təbii ot örtüklü meydança görməyən uşaq və gənclər xaricdə eyni bazada 33-34 meydança görəndə təəccüblənirlər. Akademiyalarda inqilabi dəyişikliklər etməliyik. Uşaq liqalarında ildən-ilə geriləmənin şahidi oluruq. Mühüm tədbirlər görülməsə, bu proses davam edəcək. Baş məşqçi kimi il yarımdır ki, uşaq və gənclərlə işləyirəm. Aşağı yaş qruplarındakı futbolçuları yaxşı tanıyıram. Uşaqlarda inkişaf zəif gedir. Akademiyalarda futbolçularla iş daha yaxşı qurulmalıdır. Elə nüanslar var ki, matçın gedişində 1 metr sağa və ya sola hərəkət etməklə, topu düzgün saxlamaqla oyunun nəticəsini həll etmək olur. Avropalı gənclər belə məqamlarda çox diqqətlidirlər. Bizim akademiyalarda isə buna fikir verilmir və hətta xırda məsələ kimi baxılır. Uşaqlarla daha çox işləmək, onlara daha çox vaxt ayırmaq lazımdır. Elə mövqelər var ki, orada getdikcə futbolçu tapmaq çətinləşir. Azərbaycanda dayaq müdafiəçi mövqeyində futbolçu yetişmir və ya onların boyu çox balacalaşır. Həmin futbolçuların ya cəldliyi, ya da topla rəftarı zəif olur və s. Akademiyalarda olan problemləri aradan qaldırmaqla futbolumuzu daha irəli apara bilərik.

- U-19-un oyun sistemi əsas komanda ilə üst-üstə düşür. Sadəcə, fərdi ustalıqda bəzi problemlər var idi. Bəs daha aşağı yaş qruplarında bu sistem tətbiq olunurmu?

- Aşağı yaş qruplarında bu sistemdən çox istifadə olunmur. Uşaqlara daha çox sərbəstlik veririk ki, öyrənsinlər. "Qarabağ”ın U-19 və əvəzedici komandalarında vahid sistemi tətbiq etməyə çalışırıq. Özüm də daxil olmaqla bir çox məşqçilər Qurban Qurbanovun oyun fəlsəfəsinə üstünlük veririk. Məşqçilik etdiyim zaman Qurban müəllimdən çox məsləhət alıram. Gənclər Liqasında U-19-un matçında əsas sistemdə çoxlu dəyişikliklər elədik. Bu, həm mənim üçün, həm də futbolçular üçün xeyirdir. Bu sistem oyunçulara müxtəlif variantlarda oynamağı öyrədir. Avropada hər komanda 2-3 sistem üzərində işləyir. Mən də burada çalışdım ki, bildiklərimi uşaqlara aşılayım. Gərək bütün klublar xaricdə yoldaşlıq oyunlarının keçirilməsində maraqlı olsunlar. Bununla uşaq futbolçular ölkə xaricindəki şəraitlə tanış ola bilirlər, nəsə götürürlər.

- Yeri gəlmişkən, gənc futbolçularla işinizi bundan sonra da davam etdirəcəksiniz. Buyaxınlarda U-21 və U-20 millilərinin baş məşqçisi təyin edildiniz.

- Mənə etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Millidə çalışmaq həm qürurverici, həm də çox məsuliyyətlidir. Əvvəlcə, mənə yalnız U-20 yığmasını çalışdırmaq təklif olunmuşdu. Sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Qurban müəllimlə görüşümüzdə onlar məndən U-21 yığmasını çalışdırmağımı istədilər. Qurban müəllim milli komandalar arasında yeniyetmə və gənclərin üzə çıxarılması, onların beynəlxalq oyun təcrübəsinə malik olmaları üçün U-18 və U-20 yığmasının yaradılması təklifini irəli sürdü. Bildiyiniz kimi, U-20 yığmasına cəlb olunacaq 1998-ci və 1999-cu illər təvəllüdlü futbolçular növbəti seçmə mərhələdən U-21 yığmasına keçid edəcək. Nəzərə almalıyıq ki, seçmə mərhələnin başa çatmasına az qalıb və indidən növbəti yaş qrupunu hazırlamaq lazım gəlir. Bu məqsədlə hər iki yığmanı mənə həvalə ediblər. Komandanı qarşıdakı oyunlara, həm də növbəti seçmə mərhələ üçün formalaşdırmağa çalışacam. 1998-ci və 1999-cu illər təvəllüdlü futbolçulardan ən yaxşılarını təcrübə qazanmaları üçün U-21 yığmasına da cəlb edəcəyik. Futbolçuların seçimi ən çox diqqət yetirməli olduğumuz məqamdır. Milli komandaya işini sevən, perspektivli və milli formaya dəyər verən futbolçular dəvət olunacaqlar. U-20 yığmasındakı məşqçilik fəaliyyətimə may ayından başlayacam. Yoxlama oyunları keçirməyi planlaşdırırıq. Növbəti seçmə mərhələyə qədər komanda formalaşacaq. "Qarabağ”ın U-19 komandasında işimə son verəcəyəm.

Zaur Fərzəliyev: "Həmyaşıdlarım məndən xarici klubların
bazalarındakı şərait barədə soruşurlar"

- Məncə, Gənclər Liqasındakı çıxış bizim üçün böyük təcrübə oldu. Öz üzərimizdə daha çox çalışmalı olduğumuzu keçirdiyimiz oyunlardan sonra anladım. Fiziki göstəricilərimizi çox inkişaf etdirməliyik. Qrupumuzda ən çətin rəqib "Çelsi” klubu oldu. İngiltərə təmsilçisinin fiziki hazırlığı yüksək səviyyədə idi. Belə komanda ilə matçlarda qələbəyə ümid etmək möcüzə sayılır. "Altetiko” klubu ilə səfər matçındakı qələbə bizi sevindirdi, özünəinamı daha da artırdı. Amma digər matçlarda yaxşı çıxış etsək də, məğlub olduq. Buna baxmayaraq, güclü rəqiblərlə oyunlar bizim üçün böyük təcrübə, stimul oldu. Mötəbər turnirdən sonra həmyaşıdlarım məndən getdiyim şəhərlər haqda maraqlanır, xarici klubların bazalarındakı şəraiti barədə soruşurlar. Mən də gördüyüm maraqlı yerlər, bazalar haqda həvəslə cavab verirəm.

İbrahim Qədirzadə: "Gənclər Liqasında keçirdiyimiz
hər bir oyun bizim üçün böyük təcrübədir"

- İlk dəfə idi, belə turnirdə iştirak edirdik. Turnirin bizim üçün çətin keçəcəyini bilirdik. Rəqiblərimiz tanınmış olsalar da, onlardan çəkinmirdik. İmkanımız daxilində layiqli mübarizə aparmağa çalışdıq. Bəzi oyunlarda rəqiblər bizdən təcrübə və ustalıq səviyyəsinə görə üstün idilər. "Çelsi”yə qarşı səfər matçını ən çətin oyun kimi dəyərləndirərdim. İlk hissə 0:0 hesabı ilə başa çatdı. Fasilədən sonra qırmızı vərəqə almağım komandanın 10 futbolçu ilə mübarizə aparmasına səbəb oldu. "Çelsi” kimi komandaya qarşı 10 nəfərlə oynamaq çox çətindir. Komanda yoldaşlarım sonadək mübarizə apardılar.

Turnirdə yeganə qələbə və xalları çətin "Atletiko” səfərində əldə etdik. Oyuna yaxşı köklənmişdik. Qələbə qazanacağımıza inanırdıq. Səfər matçında ümidimizi əks hücumlara yönəltmişdik. Belə hücumların birində qələbə qolunu vurub, 3 xal qazandıq. Çoxları qələbəmizi sürpriz kimi dəyərləndirdilər. "Atletiko” kimi komandanı məğlub etmək uğurdur. İstərdik daha çox xal qazanaq. Təəssüf ki, Bakıda "Çelsi” klubunu məğlub edə bilmədik.

Gənclər Liqasında keçirdiyimiz hər bir oyun bizim üçün böyük təcrübədir. Belə turnirlərdə iştirak etmək, güclü rəqiblərlə tez-tez qarşılaşmaq təcrübəmizi və bizdə özünəinamı artırır.

Rahib Səmədov





Bu yazı

18379 dəfə oxunub

Tarix

2017-12-29 12:48:43

Yazını

Çap et

Yazını

Paylaş