Dekabr ayının yekunu "Olimpiya dünyası" qəzetinin təqdimatında


Gimnastika
Rusiyanın paytaxtı Moskvada "Olimpiyski” idman kompleksində Mixail Voronin kuboku uğrunda idman gimnastikası üzrə XXIV beynəlxalq turnir keçirilib. Yarışda 26 ölkədən 164 idmançı iştirak edib. Qadın idman gimnastlarımızdan Marina Nekrasova və Yuliya İnşına ilk olaraq komanda hesabında fərqləniblər. Onlar yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq 95.950 xalla turnirin bürünc medalına sahib olublar. Ayrı-ayrı alətlər üzrə finallarda isə Marina Nekrasova şəxsi hesabına da medal yazdırmağı bacarıb. Gimnastımız sərbəst hərəkətlərdə gümüş medala (12.266 xal) layiq görülüb. Növbəti uğurlu çıxışını Marina gimnastika tirində nümayiş etdirib. Bu alətdə icrasına görə hakimlərdən 12.433 xal alan idmançımız ikinci bürünc medalını qazanıb.

Güləş
Qazaxıstanın paytaxtı Astanada Əməkdar məşqçi Axmetcan Kazımbetovun xatirəsinə həsr olunan yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib. Yarışda sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak ediblər. Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının da iştirak etdikləri turnirdə güləşçilərimiz üç qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Cüdo
Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters” beynəlxalq turniri keçirilib. Komandamız yarışda 7 idmançı ilə təmsil olunub. Cüdoçularımız turnirdə iki bürünc medala sahib çıxıblar. Komandamıza bürünc medalları Hidayət Heydərov (73 kq) və Elxan Məmmədov (100 kq) qazandırıb.

***
Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Cüdo Federasiyası və Şəmkir Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda idmançılar müxtəlif çəki dərəcələri üzrə qüvvələrini sınayıblar. 32 komandadan 347 cüdoçunun iştirak etdiyi çempionatda ümumi medal sayında UGİM-1 komandası birinci, "Zirvə” ikinci, "Atilla” klubu isə üçüncü olub.

***
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə VI beynəlxalq turnir keçirilib. Yeniyetmələr arasında təşkil olunan yarışda 39 komandanın tərkibində 563 idmançı qalib adı uğrunda mübarizə aparıb. Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin, eləcə də Ukraynanın yeniyetmə cüdoçuları qüvvələrini sınayıblar.
Yarışda fərqlənən idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Voleybol
Bakının kişi voleybolçulardan ibarət "Lokomotiv” komandası "Çağırış kuboku” turnirinin 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində Portuqaliyanın "Fonte Bastardo” komandası ilə qarşılaşıb. Azərbaycan Voleybol Mərkəzində təşkil olunan oyunda Bakı təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu bir həftə sonra Portuqaliyada təşkil olunub. "Qızıl set”də rəqibinə 25:23 hesabı ilə qalib gələn "Lokomotiv” 0:3 hesablı məğlubiyyətə baxmayaraq turu keçən tərəf olub.
Komandamızın 1/8 final mərhələsindəki rəqibi Yunanıstanın "Olimpiakos” klubu olacaq.

Karate
Sumqayıt Olimpiya İdman Mərkəzində Qara və Xəzər dənizi ətrafı ölkələrin növbəti çempionatı keçirilib. Qara və Xəzər dənizi ölkələri Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran, Rusiya, Qazaxıstan və Gürcüstan komandaları mübarizə aparıb. Yarışda 7-12 yaşlı uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar qüvvələrini sınayıblar. Turnirdə fərqlənən idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Boks
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir keçirilib.
Bakıda təşkil olunan yarışda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistanı təmsil edən dəri əlcək ustaları da qüvvələrini sınayıblar. Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb. Yarışda 12 medal qazanan yığmamız bu nəticə ilə komanda hesabında birinci yeri tutub.

"Qəbələ” idman klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. 31 yaşlı idmançımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən "Extra Round 5” turnirində iştirak edib. Superağır çəki dərəcəsində rinqə çıxan Zamiq Atakişiyev Ukrayna təmsilçisi German Skobenko ilə üz-üzə gəlib. Altı raund davam edən döyüşdə qalib müəyyənləşməyib. Bu, boksçumuzun peşəkar rinqdə ilk heç-heçəsidir. Yekaterinburqdakı döyüşünədək 4 qarşılaşmaya çıxan boksçumuz bütün rəqiblərinə qalib gəlib.

Şahmat
Çinin Huayan şəhərində II Dünya İntellektual Oyunları keçirilib. Yarışlar çərçivəsində 5 növ - bric, dama, şahmat, qo, Çin şahmatı və ma-conq stolüstü oyunlar üzrə görüşlər keçirilib. Şahmat turnirində Asiya, Amerika, Afrika və Avropa ölkələrindən 12 qadın və 12 kişi şahmatçı mübarizə aparıb. Ölkəmizi kişi şahmatçıların turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov təmsil edib. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov turnirin gümüş medalına layiq görülüb. Rauf Məmmədov isə 12-ci yerlə kifayətlənib.

***
Avstraliyanın Adelaida şəhərində şahmat üzrə "Australian Young Masters GM Norm” turniri keçirilib. Beynəlxalq turnirdə Azərbaycan, Avstraliya, Rusiya, Hindistan, Fransa və İndoneziyadan ümumilikdə 10 şahmatçı iştirak edib. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub. Yarışda ölkəmizi beynəlxalq şahmat ustası Kənan İzzət təmsil edib. O, 9 mümkün xaldan 6,5 xal toplayaraq yarışları birinci yerdə başa vurub.

***
Rusiyanın paytaxtı Moskvada "Şelkunçik” adlı ənənəvi şahmat turniri keçirilib. Yarışda qələbə uğrunda 16 zəka sahibi mübarizə aparıb. Yarışda "Krallar” komandasının heyətində azərbaycanlı Şəhriyar Məmmədyarov, israilli Boris Gelfand, latviyalı Aleksey Şirov və rusiyalı Sergey Rublyovski çıxış edib. Şeveningen sistemi üzrə keçirilən turnir iki dövrədən ibarət olub. Turnirin yekunlarına əsasən Şəhriyar Məmmədyarovun da yer aldığı "Krallar” komandası "Şahzadələr”ə 31,5:32,5 hesabı ilə məğlub olub. Təmsilçimiz Şəhriyar Məmmədyarov ("Krallar”) öz komandasında ən yaxşı fərdi nəticə göstərib - 11 (7+4).

Futbol
Dekabrın 6-da Ağdamın "Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümündə sonuncu oyununu keçirib. Azərbaycan çempionu turnirin qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında "Roma” klubunun qonağı olub. 72 min azarkeş tutumuna malik olan Romanın "Olimpiko” stadionunda keçirilən qarşılaşmanın 53-cü dəqiqəsində Dieqo Perotti İtaliya təmsilçisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, görüş "Roma”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Aktivində 2 xal olan "Qarabağ” qrupu sonuncu pillədə başa vurmaqla avrokuboklardakı çıxışını dayandırıb.

***
Dubayda təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşınadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Anna Abulaşvili və Minarə Gözəlova vurublar.

Ciu-citsu
Belarusun paytaxtı Minskdə ayrı-ayrı beynəlxalq federasiyaların birgə təşkilatçılığı ilə yeddinci "Döyüş Növlərinin Dünya Oyunları” yarışları keçirilib. Çempionatda 71 ölkədən 4 minədək idmançı 16 döyüş növü üzrə güclərini sınayıblar. Yarışda ölkəmizi Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin beş üzvü təmsil edib. Oyunların tərkibində keçirilən ciu-citsu üzrə dünya çempionatında polis idmançılarımız uğurla çıxış ediblər. Təmsilçilərimiz Eldar Abdullayev (86 kq) qızıl medala sahib çıxıb. Digər idmançılarımız Həsən Əliyev (80 kq) və Elşən İbişov (94 kq) gümüş medala layiq görülüblər.

Budo
Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku keçirilib. Turnirdə Azərbaycan, İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan ümumilikdə 800 idmançı mübarizə aparıb. İdmançılar budo döyüş növünün semi kontakt, ful kontakt, layt kontakt, fri kontakt, S-1, B-1, F-1, silahlı kata, kata, "submission” və "self defens” versiyaları üzrə güclərini sınayıblar. Qaliblər diplom və medallarla təltif olunublar.

Parataekvondo
Portuqaliyada IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçirilən Dünya Oyunlarının taekvondo yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər. Millinin kapitanı Nicat Müslümov 75 kq çəki dərəcəsində (K42) qızıl, 43 kateqoriyalı idmançıların yarışında isə gümüş medal əldə edib. Eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev və 75 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüblər. Qadınların mübarizəsində isə Röyalə Fətəliyeva (49 kq, K44) bürünc medala sahib olub. Beləliklə, parataekvondo üzrə milli komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medalla komanda hesabında üçüncü yeri tutub.

Atıcılıq
Gürcüstanın paytaxtı Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib. Şota Kveliaşvilinin xatirəsinə həsr olunmuş yarışda təmsilçimiz Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq qalib adını qazanıb.
Güllə atıcımız sözügedən şəhərdə təşkil olunan açıq Gürcüstan çempionatında da bacarığını nümayiş etdirib və bu dəfə də mükafata sahib olub. Eyni silahdan eyni məsafəyə atəşaçma yarışında idmançımız gümüş medala (565 xal) layiq görülüb. Qoşa yarışlarda isə Ruslan Lunyov və Nigar Nəsirova cütlüyü 478 xalla birinci yeri tutub.

Taekvondo
Gürcüstanda taekvondo üzrə "Tbilisi Open” beynəlxalq turniri keçirilib. Açıq birincilikdə 59 kq çəki dərəcəsində gənclər arasında mübarizə aparan təmsilçimiz Samir Məhərrəmov qızıl medala layiq görülüb. Digər taekvondoçumuz Rahid Vəliyev isə 33 kq çəki dərəcəsində beynəlxalq turnirin ən yüksək mükafatına sahib olub.

Kikboksinq
Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə "Glory” seriyalı növbəti turnir keçirilib. Azərbaycanın və "Qəbələ” idman klubunun təmsilçisi Alim Nəbiyev də "Glory 49”-un iştirakçısı olub. Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız turnirin sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb. Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən Alim Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da "Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahıda 6-cı pillədə qərarlaşıb.

Döyüş sənəti
Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində keçirilən döyüş sənəti üzrə dünya çempionatında iştirak ediblər. Yarışda 28 ölkədən 950 idmançı qüvvəsini sınayıb. Komandamız çempionatda 18 idmançı ilə təmsil olunub. İdmançılarımız yarışda 7 qızıl və 6 gümüş medal qazanıblar.

Muay-tay
Türkiyənin Antalya şəhərində muay-tay idman növü üzrə Avropa kuboku yarışları keçirilib. Yarışda Azərbaycan yığma komandası üç məşqçinin rəhbərliyi altında 16 idmançı ilə təmsil olunub. Milli komandamız turnirdə 5 gümüş və 7 bürünc medala sahib çıxıb.


Bu yazı

2628 dəfə oxunub

Tarix

2018-01-09 18:06:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook