“Olimpiya” Peşəkar Döyüş Klubunun əsas məqsədi ölkəmizdə idmanın inkişafına töhfə verməkdir

Bu gün ölkəmizdə idmanın inkişafı geniş vüsət alıb.Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi günümüzün vacib məsələlərindəndir. Azərbaycanda hər sahədə olduğu kimi, idman sahəsində də son dövrlərdə yüksək nailiyyətlər əldə olunub. Ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Beynəlxalq turnirlərə qatılan təmsilçilərimiz istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növləri üzrə yüksək uğurlar qazanırlar.

Bu idmançıların yetişdirilməsində ən böyük məsuliyyət sözsüz ki, fəaliyyət göstərən klubların üzərinə düşür. Çünki perspektivi və idmana marağı olan gənclər məhz belə klublarda yetışır, gərgin əmək sayəsində beynəlxalq arenalarda öz sözlərini deyirlər. Hazırda paytaxt və ölkəmizin regionlarında kifayət qədər klublar, mərkəzlər fəaliyyət göstərir ki, çempionların yetişdirilməsi istiqamətində bu idman ocaqlarının əhəmiyyəti danılmazdır.

Olimpnews.az saytının məlumatına görə, ölkəmizdə müxtəlif döyüş növlərinin inkişafına öz töhfəsini verən idman ocaqlarından biri də Bakı Olimpiya Stadionunda (BOS) fəaliyyət göstərən "Olimpiya" Peşəkar Döyüş Klubudur. İdman klubu 2017-ci il noyabrın 3-də fəaliyyətə başlayıb. Klubun açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev iştirak ediblər.

Zalın rəmzi lentini kəsən R. Abdullayev bildirib ki, BOS-un yalnız futbola deyil, digər idman növlərinə də xidmət göstərməsi ölkə başçısı cənab İlham Əliyevin tapşırığıdır: "Bu gün sevindirici gündür. Cənab prezident Bakı Olimpiya Stadionunun istifadəyə verilməsindən sonra qarşımıza məqsəd qoyub ki, bu qurğu təkcə futbola deyil, digər idman növlərinə də xidmət etsin. Minlərlə gəncin bura gəlməsi sevindiricidir. BOS-un, buradakı zalların idmanımıza böyük töhvə verəcəyinə əminəm".

Klubda döyüş növləri ilə məşğul olmaq üçün
yüksək səviyyəli imkanlar mövcuddur

Bugünlərdə klubun fəliyyəti barədə ətraflı məlumat almaq üçün adıçəkilən idman ocağına baş çəkdik. "Olimpiya" Peşəkar Döyüş Klubunun direktoru Eldar İsmayılov klubun fəaliyyəti barədə bizə ətraflı məlumat verdi. Qeyd edək ki, idmana uşaq yaşlarından maraq göstərən Eldar İsmayılov idmanla peşəkar şəkildə məşğul olub. O, 2003-cü ildə kikboksinq üzrə Avropa çempionu adını qazanıb.

Eldar müəllim bildirdi ki, klubda təcrübəli məşqçi-müəllimlərin rəhbərliyi altında 5 idman növü tədris olunur. Burada idmançılar Olimpiya idman növlərindən boks, qeyri-Olimpiya idman növlərindən isə kikboksinq, muay-tay, MMA və uşu-sandanın sirlərinə yiyələnirlər. 400 kvadrat metrlik ərazini əhatə edən klubun iki zalı müasir standartlara cavab verir. Burada döyüş növləri ilə məşğul olmaq üçün yüksək səviyyəli imkanlar mövcuddur. Boks, kikboksinq və uşu sanda üzrə məşqlər üçün nəzərdə tutulan zalda müasir tələblərə cavab verən rinq, qeyd olunan idman növləri, eləcə də fiziki hazırlıqla məşğul olmaq üçün ən son avadanlıqlar mövcuddur. Muay-tay və MMA məşqlərinin keçirildiyi zalda isə bu idman növləri üçün peşəkar meydança quraşdırılıb və trenajorlar yerləşdirilib. Qeyd edək ki, zal ilin bütün fəsillərində məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik sistemi ilə təchiz edilib.

100-dən çox yeniyetmə, gənc və böyükyaşlı idmançı
müxtəlif idman növlərinin sirlərinə yiyələnir

Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq kluba müraciət edənlərin sayı kifayət qədərdir. Eldar İsmayılovun sözlərinə görə, rəhbərlik etdiyi klubun əsas məqsədi ölkəmizdə idmanın inkişafına töhfə vermək, döyüş növləri üzrə peşəkar idmançılar yetişdirmək, aparıcı idman ocaqlarından birinə çevrilməsidir.
"Bu gün Azərbaycanda idman yüksək səviyyədə inkişaf edib. Ölkə təmsilçilərimiz ən mötəbər yarışlarda yüksək nailiyyətlər qazanırlar. Azərbaycanda idman sahəsindəki inkişaf bir sıra dövlətlər üçün nümunədir. Ölkəmizdə gənclər döyüş növlərinə böyük maraq göstərirlər. Bu sahədə kifayət qədər peşəkar, təcrübəli və titullu idmançılarımız var. Klub yaranarkən əsas məqsəd ölkəmizdə qeyri-Olimpiya idman növlərinə dəstək vermək, döyüş növlərini daha da inkişaf etdirmək olub.

İki aydır ki, fəaliyyət göstərməsinə baxmayaraq, hazırda klubda 100-dən çox yeniyetmə, gənc və böyükyaşlı idmançı məşğul olur. Qeyd edim ki, kluba müraciət edənlər arasında qadınlar da azlıq təşkil etmir. Klubun müasir standartlara cavab verən bazası var. Burada idmançıların məşq etmələri üçün hər cür şərait yaradılıb. İdman zalımızda hətta peşəkar yarışlar, eləcə də kiçikmiqyaslı dıgər yarışları təşkil etmək üçün də imkan var. Çox istərdik ki, ölkənin öndəgedən klublarından biri olaq. Bu məqsədə nail olmaq istiqamətində fəaliyyətimizi davam etdiririk”.

İdman ocağı peşəkar məşqçiləri bir araya toplayıb

Eldar İsmayılov bildirdi ki, klub yaranarkən məşqçi seçiminə də xüsusi diqqətlə yanaşılıb. Klubda fəaliyyət göstərən idman növləri üzrə federasiyaların rəhbərliyi ilə bu barədə danışıqlar aparılıb.

"Olimpiya” Peşəkar Döyüş Klubunda 5 növ üzrə 7 məşqçi fəaliiyət göstərir. Kluba peşəkar və təcrübəli məşqçiləri cəlb etmişik. Bu məşqçilərin əksəriyyəti vaxtilə peşəkar idmanda öz sözünü demiş idmançılar olublar. Klubun baş məşqçisi olan Ceyhun Abbasov kikboksinq üzrə əməkdar məşqçidir.

Kikboksinq üzrə əməkdar məşqçilər, yığma komandanın məşqçisi Çingiz Eyvazov və 23 qat dünya çempionu Eduard Məmmədov klubda kikboksinqin sirlərini idmançılara öyrədirlər. Bu növ üzrə digər məşqçilərimiz Zaur Qaravəliyev dünya çempionu, Nicat Hüseynov Avropa ikincisi adını qazanıb.

Boks üzrə məşqləri əməkdar idman ustası, 2003-cü ilin dünya üçüncüsü Tofiq Əhmədov və Ceyhun Abiyev tədris edirlər. Qeyd edim ki, onlar vaxtilə ölkəmizi boks üzrə Olimpiya Oyunlarında təmsil ediblər. Uşu-sanda üzrə məşqlər Elşad İbrahimovun rəhbərliyi altında keçirilir. Təcrübəli məşqçilər Ruslan Əfəndiyev MMA, Ruslan Musayev isə muay-tay üzrə məşqlərikeçirlər. Təcrübəli və peşəkar məşqçilərin klubda çalışması bizim üçün böyük üstünlükdür və bizi çox sevindirir. İnanıram ki, onların rəhbərliyi altında bir sıra uğurlu nailiyyətlər qazanılacaq”.

Qeyd edək ki, klubun üzvləri arasında bir sıra tanınmış və təcrübəli idmançılar da yer alıblar. MMA üzrə çıxış edən Tofiq Musayev ölkədaxili və beynelxalq yarışlarda bir sıra uğurlu nailiyyətlər qazanıb. Uşu-sanda üzrə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, məşqçi Ruslan Əfəndiyevin yetirməsiVüqar Kərimov buyaxınlarda Ukraynada qarışıq döyüş növləri üzrə keçirilən WWFS liqasında peşəkarlar arasında döyüşdə qalib gəlib.

Aysel Sultanova,
Esmira Orucova



Bu yazı

11013 dəfə oxunub

Tarix

2018-01-10 14:15:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook