Elxan Məmmədov: "Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır” - MÜSAHİBƏ


AFFA-nın baş katibi Elxan Məmmədov Antalyada jurnalistlərin suallarını cavablandırıb. Olimpnews.az saytının məlumatına görə, baş katib milli komandadakı son dəyişikliklərdən danışıb, Millətlər Liqasındakı püşkü dəyərləndirib.

- Qurban Qurbanovun gəlişi ilə millidə yeni dövr başladı. Yığma komandadan nə gözləyirsiniz?

- Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidir. Bəziləri ilə keçmişdə oynamışıq, tanış komandalardır. İlk yoxlama oyunu Antalyada oldu. Əsas məqsəd futbolçuları yoxlamaq idi. Martda ikinci yoldaşlıq matçımız da olacaq. Mayın sonu və iyunun əvvəlində fürsətdən yararlanıb yenə bir neçə oyun keçirəcəyik.

- Kosovo millisi ilə səfər oyunu hansısa diplomatik problemlər yaratmayacaq?

- Bildiyiniz kimi, fevralın əvvəlində Kosovo millisi ilə yoldaşlıq oyunu keçirməli idik. Püşkdən sonra eyni qrupa düşdüyümüzə görə, baş məşqçi ilə məsləhətləşib oyunu keçirməməyi qərara aldıq. Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü kimi artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan qabaq Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan əvvəl bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq.

- Bir neçə baş məşqçi ilə çalışmısınız. Yeni təyinat millidə ab-hava baxımından hansısa dəyişiklik yaradıbmı?

- Bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi ona azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əcnəbilərlə həmişə hansısa gözlənilməzliklər olurdu. Əsas məsələ uzunmüddətli düşünməkdir və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır.

- Millətlər Liqasındakı qrupa baxarkən futbol ictimaiyyəti düşünür ki, bu qrupdan mütləq növbəti mərhələyə vəsiqə qazanmalıyıq. Baş katib olaraq siz nə düşünürsünüz?

- Məqsədimiz birinci yeri tutmaqdır. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir.

- Dünya çempionatının seçmə mərhələsinə milli komandamız "Niyə də yox?” şüarı ilə başlamışdı. Bu dəfə hansı şüar olacaq?

- Bu barədə Marketinq şöbəsinin əməkdaşları düşünürlər. "Niyə də yox?” ölkədə çox populyar oldu. Düzdür, seçmə mərhələnin sonu uğursuz olduğuna görə şüar axırda komik format aldı. Buna baxmayaraq, addım özünü doğrultmuşdu.

- Daha əvvəlki məşqçilərin AFFA-dan tələbləri çox idi, yoxsa Qurban Qurbanovun?

- Elə də böyük fərq yoxdur. Məşqçilər ilk gündən öz tələblərini səsləndirirlər. Biz də baxırıq və qəbul edirik. Qurban müəllim də öz arzu və tələblərini bildirdi, bu proses davam edir. Qeyri-adi bir şey yoxdur. Əsas odur ki, müəyyən standartlar var.

- Adətən yerli məşqçilərlə əcnəbilər arasında onlara yaradılan şəraitdə fərqlər olur. Bu dəfə də elə olacaq?

- Biz 2018-ci ilin büdcəsini artıq təsdiq etmişik, heç bir dəyişiklik yoxdur. O, daha çox məşqçinin özündən asılıdır. Əgər onun öz tələbləri varsa, vəzifəsinə hörmətlə yanaşırsa, tələb edəcək və işəgötürən də bunu icra edəcək.

- Millətlər Liqasında yolumuz Ermənistan millisi ilə kəsişə bilər. Bunu istərdinizmi?

- Bu, problemli oyundur. Püşkə görə bu mərhələdə düşə biməzdik, amma növbəti mərhələdə qarşılaşmaq mümkündür. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu hal baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Amma futbol elədir ki, yekunda FİFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq. Nə lazım olsa, onu da edəcəyik. Neytral meydançada olsa da, oyun təşkil olunacaq. Eyni qaydada canlı yayım, sponsor problemləri var.

Rahib Səmədov,
Bakı-İstanbul-Antalya-İstanbul-Bakı



Bu yazı

15463 dəfə oxunub

Tarix

2018-02-07 14:09:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook