“Heç vaxt həyatımdan şikayətlənməmişəm”


İnsan həyata gəldiyi və ağlı kəsən gündən etibarən yüksəlməyi, zirvəyə çatmağı arzu edir. Bəzən həmin zirvəyə qədər gedən yol asan, bəzən də çətin olur. Çətinkilər insanı daha mübariz və əzmli edir, onu həyatın kəşməkeşli yollarında büdrəməyə qoymur. Müsahibimiz, ömrünün xeyli hissəsini idman sahəsinə həsr edən yubilyar Mirzə Orucov da zirvəyə gedən yolda çətinlikləri dəf edərək irəliləyən insanlardandır.

Ölkəmizdə digər idman növləri ilə yanaşı, badminton növünün də inkişafı istiqamətində müəyyən işlər görülür. Vaxtilə populyar idman növü olan badminton, bir müddət durğunluq dövrünü yaşadı. 2015-ci ildən sonra federasiyada bir sıra dəyişikliklər baş verdi. Bu idman növünün kütləviliyinə və inkişafına yol açıldı.

Müxtəlif zamanlarda Azərbaycanda badminton idman növünün inkişafında xidmətləri olan insanlardan biri də Mirzə Orucovdur. Vaxtilə Badminton Federasiyasının baş katibi və Oğuz Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışan Mirzə müəllim hazırda Azərbaycan Badminton Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. Buyaxınlarda Mirzə Orucov 60 illik yubileyini qeyd edəcək. Bununla əlaqədar olaraq Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar məşqçi Mirzə Orucovla redaksiyamızda görüşdük. Müsahibimizlə söhbətimizdə onun 60 illik həyat fəaliyyətindən, badmintonun ölkəmizdə inkişafından və bu növün gələcək perspektivlərindən danışdıq.

- Geriyə dönüb 60 ilə nəzər saldıqda nələri dəyişmək istəyərdiniz?

- Həqiqətən də, illərin necə keçdiyini hiss etmək olmur. Bu illər ərzində acılı-şirinli günlərim çox olub. Lakin heç vaxt həyatımdan şikayətlənməmişəm. Keçmişimə dönüb nəzər yetirəndə çox şeyləri görürəm. Əvvəlcə, gəncliyim gözümün önünə gəlir. Kaş ki, həmin illər geriyə qayıdaydı. Bir neçə arzum var idi ki, onları həyata keçirmək istəyərdim.

- Mirzə müəllim, Sizi badmintona bağlıyan nə olub?

- 1965-ci ildən badmintonla məşğul olmağa başlamışam. Badmintona maraq böyük qardaşım Şahindən keçib. O, məndən əvvəl bu idman növü ilə məşğul olurdu. Mən də onunla məşqlərə gedirdim. Onu da qeyd edim ki, qardaşım da SSRİ idman ustasıdır. 1975-ci ildə Qorki şəhərində badminton üzrə keçirilən SSRİ birinciliyininin qoşa yarışlarında ikinci yeri tutdum. 1976-cı ildə Belarusda keçirilən SSRİ birinciliyində mütləq çempion adını qazandım. Həm fərdi, həm qoşa, həm də qarışıq-qoşa yarışlarında birinci yeri tutdum. Növbəti illərdə SSRİ idman ustası normasını yerinə yetirdim və yığma komandanın heyətinə daxil oldum. 1983-cü ildə Belarusun Mogilyov şəhərində təşkil olunan "Spartak” Cəmiyyətlər Şurasının çempionatında qoşa yarışlarda birinci oldum. 1988-ci ildə beynəlxalq turnirdə Nərgiz Mehdiyeva ilə birlikdə qarışıq qoşa yarışlarında qalib gəldim. 1991-ci ildə İranın Zəncan şəhərində təşkil olunan beynəlxalq turnirdə Ceyhun Məmmədəliyevlə birlikdə qoşa yarışlarda üçüncü yeri tutdum. Beynəlxalq yarışlarla yanaşı ölkədaxili yarışlarda da uğurla çıxış edərək 20 dəfədən çox respublika çempionu olmuşam. 1996-cı ildə Badminton Federasiyasında dəyişikliklər oldu. Kamal Abdullayev Badminton Federasiyasının prezidenti seçildi. 2008-ci ildə federasiyanın baş katibi seçildim. 2008-ci ildən 2014-cü ilə kimi Oğuz Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində fəaliyyət göstərmişəm. Həmin kompleksdə Olimpiya idman növləri ilə yanaşı qeyri-Olimpiya növləri də inkişaf etdirilirdi. Kompleksdə, demək olar ki, hər cür şərait var idi.

- Ailənizdə Sizdən başqa badmintonla məşğul olan varmı?

- Ailədə 9 qardaş, 2 bacı olmuşuq. Anamız ticarətlə məşğul idi. Atam isə baş həkim işləyib. Böyük ailəmiz olub. Qeyd etdiyimiz böyük qardaşım Şahin badmintonla məşğul olub. Digər qardaşlarım isə müxtəlif peşənin sahibi oldular. Mən isə badmintonu seçdim. Yadıma gəlir, hətta 1980-cı illərdə qardaşlarımla videomaqnitofonlar icarəyə verirdik. Həmin dövrdə hələ çox adamda videomaqnitofon yox idi. Bir sözlə, ailəni dolandırmağa çalışırdıq. Mehriban olmuşuq, həmişə bir-birimizə kömək etmişik.

- Necə düşünürsünüz, badminton idman növündə davamlı nailiyyətlərin əldə olunması üçün hansı işlər görmək lazımdır?

- Qarşımızda böyük məqsədlərimiz var. Gənc idmançılarımızdan 2-si Danimarkada məşq keçir. İnanıram ki, həmin idmançılar orada uzunmüddətli qalaraq, bu idman növünün sirlərinə peşəkar səviyyədə yiyələnəcəklər. Federasiya tərəfindən komandaya Ukraynadan məşqçi dəvət olunub. Yeni mütəxəssis hazırda gənclərlə məşğul olur. Bundan başqa komandaya İndoneziyadan iki legioner idmançı gətirilib. Bundan başqa hazırda universitetlər arasında badminton üzrə çempionatlar keçirilir. Yarışlarda 8 ali təhsil müəssisəsi iştirak edir. Çempionata may ayında yekun vurulacaq. Yarışlar iki qrup üzrə keçirilir. Hər qrupda 4 komanda iştirak edir. Yarışın qaydalarına əsasən universitetlər arasında iki görüş keçirilir.

- Badminton idman növü kifayət qədər faydalı idman növüdür. Bu idman növünün kütləviliyinin artırılması üçün hansı işlər görülür?

- Bir neçə ay bundan əvvəl 30-35 yaşlı idmançıları və məşqçiləri regionlara ezam etdik. Tovuz, Xaçmaz, Sumqayıt və Gəncədə badminton bölmələri yarandı. Həmin bölmələrdə yeniyetmə və gənclərə bu növün sirləri aşılanır. Artıq, demək olar ki, yeni yaradılan bölmələrdə inkişaf var. İnanırıq ki, gələcəkdə bu idman növü daha da kütləvilik qazanacaq.

- Kütləvilikdən söz düşmüşkən, I Avropa Oyunlarından sonra badmintona maraq artdımı?

- Bəli. Digər idman növləri kimi, badmintona da maraq artdı. Avropa Oyunlarına kimi ölkədə badminton üçün müasir infrastruktur yox idi. Oyunlar üçün meydançalar, torlar, hakim qüllələri yaradıldı. Bunlar olduqdan sonra badmintonu peşəkar səviyyədə inkişaf etdirə, gələcəkdə müxtəlif yarışlar keçirə bilərik. Bilirsiniz, istənilən idman növünün kütləviliyində və inkişafında təbliğat ön planda dayanır. I Avropa Oyunları da ölkəmizdə idman növlərinin təbliğatında mühüm rol oynadı. Gələcəkdə ölkəmizdə badminton üzrə beynəlxalq yarış təşkil etməyi planlaşdırırıq. Bu barədə Avropa Badminton Federasiyası ilə danışıqlar gedir. Bizim ən birinci məqsədimiz odur ki, bu il paytaxtımızda gənclər arasında beynəlxalq turnir təşkil edək. Bundan başqa veteranlar arasında da badminton üzrə beynəlxalq turnir təşkil etmək əsas planlarımızdan biridir. Fikrimcə, ölkəmizdə belə yarışların təşkil olunması badmintonun kütləviliyinin artmasında və inkişafında böyük rol oynayacaq.

- Bir müddət əvvəl badmintonun məktəb proqramlarına daxil olması mövzusu gündəmə gəlmişdir. Bu məsələ nə yerdə qaldı?

- Düzü, bu, hələ də sual olaraq qalıb. Hələlik, heç bir dəqiq məlumat yoxdur.

- İstərdik, bazalarla bağlı məlumat verəsiniz.

- Komandalarımız əvvəllər Bakı Slavyan Universitetinin idman zalında məşq edirdi. Lakin hazırki bazamız Azərbaycan Texniki Universitetin idman sarayıdır.

Azər Əlizadə


Bu yazı

9717 dəfə oxunub

Tarix

2018-02-07 15:16:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook