Çingiz Hüseynzadə: “Qış idmanı növlərinin inkişafı üçün maddi-texniki baza yaradılıb”




Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Pxençxan-2018 Qış Olimpiya Oyunlarından əvvəl "Olimpiya dünyası” qəzetinə və "olimpnews.az”saytına eksklüziv müsahibə verib. Çingiz Hüseynzadə ölkəmizin olimpiadada iştirakı, qış idman növlərinin inkişafı və təbliğindən danışıb.

- Çingiz müəllim, Azərbaycan XXIII Qış Olimpiadasında bir nəfər idmançı ilə təmsil olunacaq. İdmançımızdan hansı nəticəni gözləyirsiniz?

- Azərbaycan Olimpiya komandası Naqano-1998 Qış Olimpiadasından indiyədək təşkil edilən bütün olimpiadalarda iştirak edib. Komandamız hər dəfə müxtəlif sayda idmançı ilə təmsil olunub. Pxençxan-2018 Olimpiadasında ölkəmizin şərəfini yalnız bir idmançı qoruyacaq. Patrik Braxner artıq ikinci dəfədir ki, olimpiadada Azərbaycanı təmsil edir. O, kifayət qədər təcrübəli idmançıdır. Əsas iştirakdır, medal qazanmağa gəlincə, bu idmandır, hər şey ola bilər.

- Azərbaycan ilk dəfə qış olimpiadasında 1998-ci ildə iştirak edib. O vaxtdan indiyədək qış idman növlərinin inkişafı üçün hansı işlər görülüb?

- Son illər ölkəmizdə dağ xizəyi idman növü geniş inkişaf etməyə başlayıb. Ümumiyyətlə, qış idmanı növləri üzrə artıq maddi-texniki baza yaradılıb. Şahdağda, Qusarda bu sahənin inkişafı üçün müəyyən infrastruktur vardır. Qış idman növləri texniki növlər olduğundan müəyyən işlər görməyə ehtiyac duyulur. Məsələn, trampilindən tulllanma, xizək idmanı üçün xüsusi qurğular lazımdır. Hazırda bu sahədə işlər görülür və ümid edirik ki, gələn olimpiadada Azərbaycan daha çox idmançı ilə təmsil olunacaq.

- Necə düşünürsünüz, XXIII Qış Olimpiadasının ölkənin aparıcı idman televiziya kanalları tərəfindən birbaşa yayımı qış idman növlərinin təbliğinə öz təsirini göstərəcəkmi?

- Azərbaycanda qış idman növlərinin inkişafını təmin etmək üçün onun əhali, insanlar arasında populyarlığını artırmaq, təbliğini gücləndirmək mühüm şərtlərdəndir.

- Çingiz müəllim, Pxençxan-2018 Olimpiadası nələrlə yadda qalacaq?

- Bu olimpiada başlamamışdan əvvəl gündəmə dopinq qalmaqalı ilə daxil oldu. Belə ki, Rusiyanın olimpiadadan kənarlaşdırılması və onların yarışlarda neytral bayraq altında təmsil olunmaları Pxençxan-2018 Olimpiadasının gərgin keçəcəyindən xəbər verir. Bundan başqa, Koreya Xalq Demokratik Respublikasının (KXDR) yarışlarda iştirak etməsi də məsələnin bir tərəfidir. Bu baxımdan televiziya kanalları yayım zamanı diqqətli olmalı, səhvlərə yol verməməlidir. Biz ədalətli mövqeyimizi qoruyub saxlamalıyıq.



Səadət Hakıyeva









Bu yazı

14503 dəfə oxunub

Tarix

2018-02-09 10:21:53

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook