Təhsil müəssisələrində gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilir




Dövlətin gənclər siyasətinin əsasını təşkil edən əsas məsələlərdən biri də uşaq və gənclərin idman və bədən tərbiyəsi ilə məşğul olmalarını təmin etməkdir. Çünki sağlamlıq müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edən önəmli amildir. Bu nöqteyi-nəzərdən ölkənin orta ümumtəhsil məktəblərində, ali və orta ixtisas müəssisələrində, elm ocaqlarında uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində mühüm işlər görülür, müvafiq tədbirlər həyata keçirilir.
Səbail rayonu ərazisində fəaliyyət göstərən 189-190 saylı tam orta məktəbdə də, bu sahə diqqətdən kənarda qalmayıb. Qocaman tədris ocaqlarından olan bu orta məktəbdə uşaq və gənclərin fiziki cəhətdən sağlam böyümələri, xalqımızın adət-ənənələrinə hörmət, vətənə məhəbbət, eləcə də, onların hər zaman torpaqlarımızın müdafiəsinə hazır olmaları ruhunda tərbiyə edilməsinə böyük önəm verilir.



"Həyatda qazandığımız uğurlara görə məktəbə, müəllimə borcluyuq”

Səbail rayonundakı 189 və 190 saylı tam orta məktəblər Təhsil Nazirliyinin qərarına əsasən, 2015-cü ildə birləşib. Məhz həmin ildə "Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial iqtisadi inkişaf proqramına” uyğun olaraq burada əsaslı təmir işləri aparılıb. Məktəbin beşmərtəbəli binası yüksək səviyyədə təmir olunaraq şagird və müəllimlərin ixtiyarına verilib.
189 saylı məktəbin binası 1937-ci ildə inşa edilib. 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyyə hospitalı kimi fəaliyyət göstərən orta məktəb 1947-ci ildə yenidən tədris müəssisəsi kimi işə başlayıb. Haqqında sözügedən tədris ocağı uzun illər Bakı şəhərində özünəməxsus ənənələri ilə seçilən tanınmış məktəblərdən biri olub. Hər bir məktəbin fəaliyyətini onun məzunlarının cəmiyyətdəki mövqeyi ilə dəyərləndirmək mümkündür. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin sözləri ilə desək, "Həyatda qazandığımız uğurlara görə məktəbə, müəllimə borcluyuq”.


Məktəbin məzunları arasında tanınmış
insanlar çoxdur

190 saylı orta məktəb haqqında da xoş sözlər söyləmək mümkündür. Bu məktəbin adı tanınmış pedaqoq, maarifçi Sona xanım Tağıyevanın fəaliyyəti ilə sıx bağlıdır. Belə ki, 1945-ci ildə fəaliyyətə başlayan təhsil ocağının ilk direktoru Əməkdar müəllim, "Şöhrət” ordenli Sona xanım Tağıyeva olub və 59 il məktəbə rəhbərlik edib.
Təbii ki, hər bir məktəbin adını müxtəlif sahələrdə öz sözünü deməyi bacaran, istedadlı məzunlar daha da şərəfləndirirlər. Sözügüdən təhsil ocağının da məzunları sırasında tanınmış insanlar az deyil. 189-190 saylı orta məktəbin məzunları arasında ölkənin nüfuzlu, adlı-sanlı ziyalıları, alim və yazıçıları, bəstəkar və şairləri, bir sözlə, Azərbaycanı ləyaqətlə təmsil edənlər çoxdur. Belə insanlardan Elçin Əfəndiyev, Kamal Abdulla, Osman Mirzəyev, Bəhram Bağırzadə, Çingiz Abdullayev, Hacı İsmayılov, Yaşar Nuri və s. görkəmli sənət adamlarının ictimai-siyasi xadimlərin adlarını çəkmək mümkündür.

Hazırda 189-190 saylı orta məktəbə təcrübəli pedaqoq, respublikanın Əməkdar müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Ceyran Kuliyeva rəhbərlik edir. Məktəbdə tədris rus və Azərbaycan dillərində həyata keçirilir. Şəhərin pilot məktəblərindən olan bu təhsil ocağı Təhsil Nazirliyinin və British Council təşkilatının birgə işi olan "Fun English” və eləcə də, "Elektron məktəb” layihələrində fəal iştirak edir. 56 sinif otağı olan təhsil ocağında 2017-2018-ci tədris ili üzrə 1415 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 130-dan artıq müəllim məşğul olur. Müəllimlər arasında təcrübəli, peşəkar, öz fənnini dərindən bilən, müasir təhsilin nəbzini tutanlar çoxdur. Onların arasında "İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri, "Əməkdar müəllim”lər, "Qabaqcıl təhsil işçiləri”, müxtəlif elm sahələri üzrə fəlsəfə doktorları, "Tərəqqi” medalı ilə təltif olunanlar, dərslik müəllifləri var. Məktəbin şagirdləri müxtəlif şəhər və respublika olimpiadalarında, beynəlxalq idman, musiqi, rəsm yarışlarında iştirak edir və nailiyyətlər qazanırlar. Təhsil ocağında oxuyanlar "İnepo”, "Sabahın alimləri” müsabiqə və olimpiadalarında uğurla iştirak edirlər. 189-190 saylı məktəb ötən dərs ilində orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə, Bakı şəhər məktəbləri arasında ilk onluqda yer alıb. 2017-ci ildə məktəbin məzunlarından 55-i respublikada, 4-ü isə xaricdə ali təhsil müəsisələrinə qəbul olunublar. Məzunlardan 5 nəfəri 600-dən, 14 nəfəri 500-dən çox bal toplayıb. Məktəb ötən illərdə olduğu kimi "Elektron məktəb”, "Globallab”, "Leap”, "Məktəblərdə futbol və şahmat dərsləri”, layihələri, həmçinin, yeni "Məktəblinin dostu” pilot layihəsində iştirak edəcək.



"Məktəbimizdə şagirdlərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilir”

Məktəbdə təhsil sistemində mövcud olan qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, istedadlı şagirdlərin aşkar edilməsi və onlara qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Məktəbdə gənc müəllimlərin maarifləndirilməsinə, şagirdlərin təlim-tərbiyə işinin təkmilləşdirilməsinə xüsusi diqqət ayrılır. Bu təhsil ocağında nizam-intizam, müəllim-şagird münasibətləri çox yüksək səviyyədədir. İşini günün tələbləri səviyyəsində qurmağı bacaran və ölkə gənclərinin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olan belə tədris müəssisələrinin olması çox sevindiricidir.
189-190 saylı tam orta məktəbdə uşaq və gənclərin sağlamlığına xüsusi diqqət yetirilir. Məktəbdə fiziki tərbiyə fənninin tədrisi ilə altı nəfər müəllim məşğul olur. Onlara 27 ildir ki, bu sahədə fasiləsiz çalışan, təcrübəli pedaqoq Həsən Vəliyev rəhbərlik edir. Həsən müəllimlə idman zalında görüşdük. Səliqə ilə təmir edilmiş zalda şagirdlərin məşğul olmaları üçün hər şərait var. Etiraf edim ki, orta məktəbdə bu cür yüksək səviyyəli zalın olması məni bir vətəndaş, bir idman jurnalisti kimi çox sevindirdi. Halbuki, bəzi orta məktəblərdə idman zalını qoyaq bir kənara, bədən tərbiyəsi fənninin tədrisi çox aşağı səviyyədə aparılır. Bu bir faktdır ki, hər bir sahədə, rəhbərlikdən çox şey asılıdır. Bu da onu göstərir ki, diqqət, qayğı, məsuliyyət olan yerdə nəticə də var.



Məktəbdə fiziki tərbiyə dərslərinin tədrisi ilə bağlı sualımızı Həsən müəllim belə cavablandırdı: "Uşaq və gənclərin fiziki tərbiyəsi, onların vətənpərvərlik ruhunda böyümələri istiqamətində üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Məktəbimizdə şagirdlərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilir. Çünki müasir dövrümüzdə ölkəmizin, xalqımızın sağlam gənclərə ehtiyacı vardır. Çalışdığım təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi, təhsil almaları və sağlam ruhda yetişmələri üçün rəhbərlik tərəfindən hər cür şərait və imkan yaradılıb. Gələcək gənclərindir. Xalqımızın, respublikamızın gələcəyini etibarlı əllərə təqdim etmək üçün biz müəllimlərdən böyük məsuliyyət tələb olunur. Məktəbdə mənim kimi peşəkar müəllimlərlə yanaşı, istedadlı gənclər də şagirdlərə fiziki tərbiyənin sirlərini öyrədirlər. Dərslər proqram üzrə həftədə iki dəfə aparılır. Bu ildən bütün siniflərdə idman dərsləri kurikulium sistemi üzrə aparılacaq. Yeni proqram təhsilin müasir tələbləri əsasında tərtib edilib. Köhnə sistemdən fərqli olaraq şagirdlərin qiymətləndirilməsi tamamilə yeni formada həyata keçiriləcək”.

"Müəllim vətəndaş yetişdirməyə çalışır”

Həsən Vəliyev öz peşəsinin vurğunu olan şəxslərdəndir. Polis podpolkovniki olan atasının arzusu onu asayiş keçikçisi görmək olub. Lakin Həsən müəllimin idmana olan həvəsi onu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna (indiki ADBTİA) aparıb çıxarıb: "Orta məktəbi Zəngilan rayonunun Mincivan qəsəbəsindəki 36 saylı orta məktəbdə oxumuşam. İdmana böyük həvəsim var idi. 1977-ci ildə Azərbaycan Bədən Tərbiyə və İdman İnstitutuna qəbul olundum. Atam özü kimi mənim də daxili işlər orqanlarında işləməyimi istəyirdi. Amma sonra qərarlı olduğumu görüb dedi: "Oğul, fərqi yoxdur, hansı sahəni seçirsən əsas odur ki, işini sevəsən”. Ali məktəbi bitirdikdən sonra təyinatımı Xırdalan şəhərindəki 2 saylı orta məktəbə verdilər. Əsgərlik xidmətimi başa vurduqdan sonra yenidən öz işimə qayıtdım. Yolum uzaq olduğuna görə, bir müddət sonra 190 saylı məktəbə işə düzəldim. İçərişəhərdən Xırdalana gedib-gəlməkdə çətinlik çəkirdim. 1990-cı ildən indiyə kimi orta məktəbdə bədən tərbiyə müəllimi işləyirəm. Artıq 27 ildir ki, uşaq və yeniyetmələrə idmanını sirlərini öyrətməkdən yorulmuram. İşimi çox sevirəm. İşlədiyim müddətdə şagirdlərimizin idmanı sevməsi üçün əlimdən gələni əsirgəməmişəm”.

Biz Həsən müəllimlə peşəsinin gözəlliyi, məsuliyyəti barədə söhbət etdik. Həsən Vəliyev "Müəllimlik peşəsi çoxmu çətindir?” sualımıza belə cavab verdi: "Hər bir peşənin öz çətinliyi var. Təbii ki, müəllimlik peşəsinin məsuliyyəti daha çoxdur. Müəllim bilik, savad verir, həyat yollarında düzgün addımlamağı öyrədir, vətəndaş yetişdirməyə çalışır. Fərqi yoxdur, harda olursa olsun, insan öz işini sevməsə, can yandırmasa, nə özünə, nə də cəmiyyətə xeyir verməyəcək”.
İdman və fiziki tərbiyənin tədrisi ilə seçilən 189-190 saylı kimi nümunəvi məktəbləri barmaqla saymaq olar. Əksər məktəblərdə ya şərait yoxdur, ya da ki, şagirdlər fiziki tərbiyə fənnindən yayınırlar. Görəsən, məktəblərdə bədən tərbiyə fənnini uşaq və yeniyetmələrə sevdirmək üçün nə etmək lazımdır? Həsən Vəliyevin sözlərinə görə, zor tətbiq etməklə heç bir sahədə müsbət irələyiş əldə etmək mümkün deyil: "İndiki uşaq və gənclər özləri də görürlər ki, ölkəmizdə idman necə inkişaf edir və təbliğ olunur. İdmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edir, çoxlu sayda medallar qazanırlar. Onlar şahiddirlər ki, respublikamızda idmançılar necə sevilir və bu şəxslərə necə hörmət olunur.

Bəzi uşaq və gənclər idmanla məşğul olduqlarını bəhanə gətirərək dərslərdən yayınırlar. İnsan həm fiziki, həm də mənəviyyat baxımından güclü olmalıdır. Bütün idman növlərində dəqiqlik mühüm şərtdir. Beyin, təfəkkür güclü olmalıdır ki, idman mübarizəsində də uğur əldə edə biləsən. Güləş, cüdo, gimnastika, futbol və eləcə də, digər idman növlərində idmançının taleyini saniyələr həll edir”.
Həsən müəllimin sözlərinə görə, 189-190 saylı orta məktəbin şagirdləri voleybol, basketbol, stolüstü tennis üzrə idman yarışlarında fəal iştirak edir, mükafatalayiq yerlər tuturlar. Milyonların sevimlisi olan futbol idman növü burada daha çox sevilir və təbliğ olunur. Təhsil ocağının yetirmələri spartakiada yarışlarında da yaxından iştirak edir, yüksək nəticələr qazanırlar. Belə ki, 189-190 saylı orta məktəb Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Olimpiya Oyunlarının tərəfdaşı olan "Coca-cola” şirkətinin birgə layihəsi əsasında həyata keçirilən "Olimpic moves” üzrə basketbol yarışlarında 2016-cı ildə 1-ci, 2017-ci ildə isə 2-ci yeri tutub. Sonra məktəb bu il futbol üzrə Təhsil Nazirliyi, AFFA və Coca-cola şirkətinin birgə layihəsi əsasında təşkil edilən "Məktəbli kuboku” yarışlarının qalibi adına layiq görülüb.

İdman sahəsində tanınmaq istəyir

Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən biri də gənclərə geniş imkanlar verilməsi, onların idarəçilik və dövlət strukturlarında fəaliyyətinə dəstək göstərməkdir. Bir sözlə, ölkəmizdə gənc kadrlara özünü doğrultması üçün müvafiq şərait yaradılır. Biz bunu haqqında sözü gedən 189-190 saylı məktəbin gənc kadrlarından biri, məktəbin bədən-tərbiyə müəllimi Namiq Cəfərovun timsalında bir daha şahidi olduq.
Namiq Cəfərov haqqında çox yüksək fikirdə olan Həsən Vəliyev onun kimi istedadlı, zəhmətkeş, vətənvərvər gənclərlə fəxr etdiyini deyir. Namiq Cəfərov 1988-ci il iyunun 23-də Bakı şəhərində anadan olub. Bakının Əhmədli qəsəbəsindəki 25 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra 2012-ci ildə müsabiqə ilə 189-190 saylı orta məktəbdə işləməyə başlayıb. 29 yaşlı gənc mütəxəsis bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində fiziki tərbiyənin metodikası üzrə təhsilini davam etdirir, 4-cü kurs tələbəsidir. Doktorluq dissertasiyası üzərində işləyən Namiq Cəfərov 5 Oktyabr Müəllimlər Günü ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən fəxri diplomla mükafatlandırılıb. O, həm də bu il Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən "2 Fevral Gənclər Günü” münasibəti ilə rayonun ictimai həyatında fəal iştirakına görə Fəxri fərmana layiq görülüb.



Onun ən böyük arzusu idman sahəsində tanınmış, təcrübəli mütəxəssis kimi yetişməkdir. Namiq müəllim öz sevimli peşəsindən, idman sahəsinə olan marağından danışdı: "Dövlətimiz hər bir sahədə olduğu kimi gənclərə diqqət və qayğı göstərir. Mən çox şadam ki, Həsən Vəliyev kimi təcrübəli, qayğıkeş insandan çox şey öyrənmişəm. Gənclərin hər zaman onlara işin mahiyyətini başa salan, peşəkar, təcrübəli insanların dəstəyinə ehtiyacı vardır.
Mən iyunun 23-də anadan olmuşam. Həmin gün Beynəlxalq Olimpiya Komitəsinin yaranması gününə təsadüf edir. Uşaqlıqdan arzum olub ki, idman və Olimpiya Hərəkatı ilə bağlı sahədə çalışım. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin gənclər və idmanla bağlı bir sıra layihələrində iştirak edirəm. Milli Olimpiya Komitəsi (MOK) ilə əməkdaşlığım 2015-ci ildən başlayıb. Adıçəkilən qurumun "Gənc liderlərin yetişdirilməsi” layihəsini Həsən müəllimin köməyi ilə 2 il məktəbdə təcrübədən keçirdik. Layihə uğurlu alındığı üçün məni Böyük Britaniyaya göndərdilər. 10 gün ərzində müxtəlif təlimlərdə iştirak etdik. Bu ölkədə diqqətimi cəlb edən pedaqoqların şagirdlərə yanaşma üsulu oldu. Burada fiziki tərbiyə dərsləri əyləncəli, oyun ab-havasında aparılır. Çalışırıq ki, Avropa ölkələrinin idman təcrübəsini millilik prinsipləri əsasında məktəbimizdə də tətbiq edək.

Məktəbdə idman dərslərini tədris etməkdə əsas məqsəd şagirdlərin fiziki cəhətdən sağlam olmasını təmin etməkdir. Əlbəttə, biz idmançı yetişdirə bilmərik, bizim vəzifəmiz ancaq onların savadlı, geniş dünyagörüşünə malik, sağlam ruhda yetişmələrinə kömək etməkdir. 20 faiz torpaqlarımız düşmən işğalında olduğu bir vaxtda fiziki cəhətdən sağlam, qüvvətli, həmçinin vətəninə, torpağına bağlı gənclərə ehtiyac var.”
Namiq Cəfərov həddindən artıq enerjili insandır. Peşəsini çox sevən bu gənc müəllim daim yenilik axtarışındadır. Namiq müəllim deyir: "Ötən ilin dekabr ayında məktəbin fiziki tərbiyə müəllimlərinin təşəbbüsü ilə Azərbaycan Atletika Federasiyasına (AAF) müraciət etdik. Federasiyanın razılığı əsasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar məktəbimizdə "Məktəbin ən yaxşı atletisən” şüarı altında yarış təşkil etdik. Yarışlarda iştirak edən 200 şagird arasından 50 nəfər (25 oğlan, 25 qız) qalib seçildi. AAF-nın prezidenti Çingiz Hüseynzadə və baş katib Məhərrəm Sultanzadənin köməkliyi ilə Respublika Olimpiya Mərkəzində həmin 50 şagird üçnövçülük yarışlarında özlərini sınadılar. Yarışda qalib gələn 4 nəfər şagird federasiya tərəfindən yaşlarına uyğun məşqçilik kurslarına cəlb edildi. Biz həmin layihəni kiçikyaşlı şagirdlər arasında da təşkil etməyi planlaşdırırıq. Bugünlərdə məktəbimizin komandası atletika idman növü üzrə Azərbaycan birinciliyində (2003-2004-cü illər təvəllüdlülər) 3-cü yeri tutub

Biz məktəbdaxili yarışlar da təşkil edirik. Hər il ənənəvi olaraq məktəbdə 5 Mart Bədən Tərbiyəsi Günü ilə əlaqədar futbol yarışları keçirilir. Ölkə rəhbərinin 2005-2015-ci illərdə futbolun inkişafı ilə bağlı Fərmanına uyğun olaraq Təhsil Nazirliyi və AFFA-nın dəstəyi ilə 2009-2010-cu illərdə "Məktəbli Kuboku” yarışlarında ilk iştirak edən məktəblərdən biri də 189-190 saylı orta məktəb olub. Məktəbimizin 10-cu sinif şagirdi Fərid Ağayev karate (wako) üzrə gənclər arasında dünya və Avropa çempionu tituluna layiq görülüb. Fərid Ağayev dərslərini də çox əla oxuyur, nümunəvi şagirddir”.

Heç kimə sirr deyil ki, ağır çantalardan istifadə edilməsi şagirdlərdə skalioz kimi ciddi onurğa xəstəliyinin yaranmasına səbəb olur. Bu problemin qarşısını almaq üçün 189-190 saylı orta məktəbdə yuxarı sinif şagirdləri elektron dərsliklərdən istifadə edirlər və bu, çox yaxşı haldır.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, təlim-tərbiyənin düzgün aparıldığı təhsil ocaqlarında gənc nəslin fiziki və mənəvi inkişafı məsələsi diqqət mərkəzindədir. Dövlətimizin əsas məramı gənc nəslin xalqımıza layiq şəkildə, sağlam, güclü, vətənpərvər ruhda tərbiyəsidir. Bu məsələnin düzgün həlli üçün ailə, məktəbəqədər tərbiyə müəssisələri, orta məktəblər, ali təhsil ocaqlarının birgə və səmərəli fəaliyyəti istənilən nəticənin alınmasında önəmli rol oynayır.




Səadət Hakıyeva










Bu yazı

42364 dəfə oxunub

Tarix

2018-02-14 17:08:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook