İdman gimnastikası üzrə Dünya kuboku yarışlarında 26 ölkə təmsil olunacaq




Mart ayının 15-18-də ölkəmizdə idman gimnastikası üzrə Dünya kuboku yarışları keçiriləcək.

"Olimpnews.az" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, idman gimnastikası üzrə sayca üçüncü dəfə təşkil edilən yarışda medallar uğrunda 26 ölkədən 100-dən çox gimnast mübarizə aparacaq.
İştirakçı ölkələrdən Çili və Taypey (Çin) yığma komandalarının üzvləri Milli Gimnastika Arenasında debüt çıxışlarını edəcəklər. Ölkəmizdə təşkil olunan yarışlarda ilk dəfə iştirak edən Çili komandasından bir gimnast, Taypeydən isə 3 gimnast medallar uğrunda mübarizə aparacaq. Ölkəmizdə keçiriləcək Dünya kuboku yarışlarında ən çox idmançı ilə təmsil olunan Sloveniya, Yunanıstan və Türkiyə komandalarıdır.

Gimnastika həvəskarları bu yarışlarda Olimpiya Oyunlarının qızıl mükafatçısı, 2 qat dünya, 3 qat Avropa çempionu, yunanıstanlı Elefterios Petruniasın möhtəşəm çıxışlarını izləmək imkanı əldə edəcəklər. Bundan başqa, tamaşaçılar qadın idman gimnastları arasında öz çıxışları ilə idmanda yaş stereotipinə qarşı çıxan, 28 illik peşəkar idman karyerasına malik olan özbəkistanlı Olimpiya çempionu, dəfələrlə dünya və qitə yarışlarının mükafatçısı Oksana Çusovitinanın çıxışlarını izləyəcəklər.

Bundan başqa, tamaşaçılar Çini təmsil edən dünya çempionları Fan Yilin (qadınlar, müxtəlif hündürlüklü qollar), eləcə də, dünya çempionu You Haonun (kişilər, parallel qollar) çıxışlarına baxa biləcəklər.
Azərbaycanı bu yarışlarda kişilər arasında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas, qadınlar arasında isə Yuliya İnşına, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.
Məlumat üçün bildirək ki, 4 gün müddətində keçiriləcək yarışlarda kişilər arasında 6, qadınlar arasında isə 4 cüt medal öz sahibinə qovuşacaq.



Bu yazı

25161 dəfə oxunub

Tarix

2018-02-19 16:00:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev