Komanda idman növlərinin inkişafı günün tələbidir


İdmanın və Olimpiya Hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqətində olan vacib məsələlərdən biridir. İnsanların fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunmasına şərait yaradıb. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli şəxsiyyət kimi yetişir.

Uşaq və gənclərin istedadlarının üzə çıxarılması, onların peşəkar idmanla məşğul olması üçün mühüm tədbirlər həyata keçirilir. Yeniyetmələr arasında Olimpiya Oyunlarının, Olimpiya festivallarının və digər mötəbər yarışların təşkili də məhz bu məqsədə xidmət edir. Azərbaycanda digər sahələrdə olduğu kimi idman və Olimpiya Hərəkatı böyük inkişaf yolu keçib. Son illər ərzində paytaxtda, eləcə də, ölkəmizin müxtəlif regionlarında Olimpiya idman kompleksləri, meydançalar və digər idman qurğularının inşa olunması deyilənlərin göstəricisidir. Ölkəmizi beynəlxalq yarışlarda təmsil edənlərin sorağının ən yüksək zirvələrdən gəlməsi də Azərbaycanda idmana xüsusi qayğı ilə yanaşıldığından xəbər verir. Son illər ərzində müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda idmançılarımız güclü rəqiblərə qarşı inamla mübarizə apararaq, böyük nailiyyətlər qazanıblar. Ölkəmizdə keçirilən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançılarının gücünü, bacarığını bir daha nümayiş etdirdi. Təmsilçilərimiz bu yarışlarda uğurla yarışaraq yüksək nəticələr qazandılar. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, ayrı-ayrı idman növlərinin inkişafı istiqamətində Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də federasiyalar tərəfindən əməli işlər görülür. Yuxarıda adları qeyd olunan idman tədbirlərinin təşkili uşaq və gənclərin fiziki və mənəvi inkişafına, onların sağlam ruhlu vətəndaş kimi böyüməsinə yönəldilib.

Ölkəmizdə müxtəlif idman növləri, o cümlədən basketbol geniş şəkildə inkişaf edib. Peşəkar basketbolçularımızın beynəlxalq arenalarda uğurlu çıxışları uşaq və yeniyetmələri daha da həvəsləndirir. Əldə olunan nailiyyətlər uşaqların basketbol zallarına axınını artırır. Şübhəsiz ki, basketbolun uşaqlar arasında geniş yayılmasına da xüsusi diqqətlə yanaşılır. Yaradılan şərait yeniyetmələrin basketbolun sirlərinə, incəliklərinə yiyələnməsində mühüm rol oynayır. Sevindirici haldır ki, hazırda yeniyetmə basketbolçular arasında perspektivli oyunçular var və onların gələcəkdə Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına inam böyükdür.

Ölkəmizdə uşaq basketbolunun hazırki fəaliyyəti və gələcək perspektivləri barəsində məlumat almaq üçün basketbol üzrə milli komandanın baş məşqçisi Samit Nuruzadə ilə görüşdük. Müsahibimiz hesab edir ki, istənilən idman növündə, o cümlədən basketbolda yeniyetmələrin yetişdirilməsi çox vacibdir: "Hər bir idman növünün inkişafında uşaq idmanının əhəmiyyəti böyükdür. Əgər yeniyetməlik dövründə uşağa düzgün istiqamət verilərsə, gələcəkdə həmin uşaqdan yüksək nəticələr gözləmək olar. Yeniyetmələr həm də ehtiyat qüvvə deməkdir. Bu baxımdan, ölkəmizdə ehtiyat qüvvə hazırlanır. Federasiya tərəfindən bu məsələ ilə bağlı müəyyən işlər görülür. Basketbol federasiyasının rəhbərliyi uşaq və yeniyetmə basketbolunun inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Uşaq və yeniyetmələrin bu idman növünə marağını artırmaq, gənc basketbolçuların təcrübələrini daha da artırmaq üçün mütəmadi olaraq məktəblər arasında turnir keçirilir. Təbii ki, bu da uşaq və gənclər arasında basketbola müəyyən qədər həvəs yaradır. Belə turnirlər istedadlıların üzə çıxarılmasında əhəmiyyətli rol oynayır. Bundan başqa hər il uşaq-yeniyetmə liqalarını təşkil edirik. Təşkil etdiyimiz liqa yarışları yeniyetmə və gənc basketbolçuların həm fiziki güclərinin artırılmasında, həm də yarış təcrübəsi qazanılmasında böyük rol oynayır. Bir sözlə liqa yarışlarının keçirilməsi gənc və perspektivli basketbolçulara təcrübələrini artırmaq imkanı verir. Bizim əsas məqsədimiz də məhz budur. İstəyirik ki, yeniyetmə və gəncləri basketbola kütləvi şəkildə cəlb etməklə onların sağlam həyat tərzini təmin edək. Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyi gənc və yeniyetmələrin basketbola marağını artırmaq üçün bizə hər cür köməklik göstərir.

Bu idman növünün inkişafı məqsədi ilə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında Olimpiya Hərəkatı layihəsi həyata keçirildi. Layihənin proqramına idmanın basketbol növü də daxil edilmişdi. Layihə basketbolun məktəblilər arasında kütləviləşməsində mühüm rol oynadı. Əvvəllər 8-10 yaşlı uşaqlar basketbol ilə az məşğul olurdularsa, bu layihədən sonra kütləvilik daha da artdı. Gənc və yeniyetmə basketboluna göstərilən bu qayğının əsas məqsədi onların peşəkar şəkildə yetişdirilməsi və milli komandanın tərkibində beynəlxalq arenalarda ölkəmizi təmsil etmələridir. Digər məqsəd isə, yeniyetmə və gənclər arasında idmanın təbliğinə nail olmaq, Azərbaycanın gənc nəslinin fiziki sağlamlığını idman vasitəsi ilə təmin etməkdir”.

Buyaxınlarda İranın Sarab şəhərində beynəlxalq basketbol turniri keçirilib. Turnirdə U-18 milli yığma komandamızdan başqa İranın U-18 millisi, İraqın Süleymaniyyə və Sarabın basketbol komandaları iştirak edib. Samit Nuruzadənin yetirmələri turnirin ilk qarşılaşmasında Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub olublar. Bu məğlubiyyətdən sonra komandamız növbəti oyunda turnirin favoriti olan İranın U-18 millisini üstələyib - 75:71. Ev sahibləri ilə keçirilən sonuncu görüşdə isə komandamız 90:72 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandamız son 7 ildə ilk dəfə olaraq İranın U-18 yığmasını məğlub edərək Sərabda keçirilən ənənəvi beynəlxalq turnirin qalibi adını qazanıb.

Komandanın beynəlxalq turnirdəki çıxışını yüksək qiymətləndirən Samit Nuruzadə bu qələbənin onun üçün çox əhəmiyyətli olduğunu bildirdi. "Komandanın məşqçisi olduqdan sonra ardıcıl üç ildir ki, İranda keçirilən beynəlxalq turnirdə iştirak edirik. Turnirdə iştirak etdiyimiz ilk ildə nəticələrimiz çox pis oldu. Növbəti il təşkil olunan beynəlxalq turnirdə basketbolçularımız ikinci yerə sahib çıxdılar. Bu il isə komandamız gözəl oyun nümayiş etdirərək birinci yerə layiq görüldü. Bir məşqçi kimi mənə İran komandasını məğlub etmək məsələsi daha çox əhəmiyyətli idi. İranda basketbol çox populyardır. Bizdə isə bu idman növü hələ yeni inkişaf mərhələsinə qədəm qoyub. Buna görə də İran yığması üzərindəki bu qələbə mənim üçün komandanın qiymətləndirilməsi baxımından çox yaxşı oldu. Bu, bizim üçün böyük nəticədir. Bundan başqa, buyaxınlarda Azərbaycan Basketbol Federasiyası və "3x3 Azerbaijan” təşkilatının dəstəyi ilə beynəlxalq turnir keçirildi. Texniki Universitetinin idman zalında təşkil olunan turnirdə Türkmənistan və Azərbaycanı təmsil edən 13 komanda yarışırdı. Dairəvi üsulla keçirilən 5 qadın komandasının yarışında Türkmənistan -1 komandası bütün rəqiblərini üstələyərək turnirin qalibi oldu. Kişilərin yarışında isə iki qrupa bolünən səkkiz komanda öz gücünü sınayırdı. Finalda Azərbaycanın "Old Dream Team” komandası və Türkmənistan-2 komandası qarşılaşdılar. Təəssüf ki, qonaq komanda 22:13 hesabı ilə qələbə qazanaraq turnirin qalibi adına layiq görüldü. Qeyd edim ki, bu yarışın təşkil olunmasında əsas məqsəd basketbolçularımızın oyun təcrübəsini artırmaq idi”, - deyə o bildirdi.

Uzun müddət İngiltərədə və İspaniyada məşqçi kimi fəaliyyət göstərən Samit Nuruzadə əldə etdiyi təcrübəni Azərbaycanda yerli basketbolçularla bölüşür. Onun fikrincə, bu növ üzrə bazanın olmaması bir qədər çətinliklər yaradır. Gələcəkdə bu problemlərin həll olunacağına ümid edən gənc mütəxəssis basketbolun inkişafı üçün görüləcək tədbirlərdən danışdı. "İngiltərədə basketbol çox məşhurdur. Orada idmanla məşğul olmaq üçün lazımi şərait və baza var. Zalları bəhanə etmək istəmirəm. Azərbaycanda da yetərincə yüksək şəraitli zallar mövcuddur. Bu gün ölkəmizdə basketbol idman növünün inkişafı üçün hər cür şərait var. Sadəcə, bu inkişafa təkan vermək üçün bir qədər istəklə çalışmaq lazımdır. Hazırda bizim kifayət qədər potensiallı basketbolçularımız var. Biz mütəxəssislərin vəzifəsi belə gəncləri aşkar edib, meydana çıxarmaq, yğmaya cəlb etməkdir. Uzun müddət İngiltərənin Mançester, Ridinq və Lids şəhərləridə işləmişəm. İngiltərədə basketbolun inkişafı üçün yaxşı bazalar var. Bu bazalarda həm məşq etmək, həm də qalmaq mümkündür. Bizim əsas problemlərimizdən biri də ölkəmizdə basketbolun bazasının olmamasıdır. İnanıram ki, bu məsələ də tezliklə öz həllini tapacaq. Bazamız olarsa, vaxt probleminə də qənaət etmək mümkün olar”, - deyə məşqçi bildirdi.

Təhsil və idman vəhdət təşkil etməlidir

İdmanın gənc nəslin fiziki və mənəvi inkişafında rolu danılmazdır. Basketbol idman növü də öz üstünlükləri ilə uşaq və gənclərimiz üçün çox faydalıdır. Digər idman növlərində olduğu kimi, burada da ağıl, düşüncə işlətmək lazımdır. Müsahibimiz Samit Nuruzadə basketbolun uşaq və gənclər üçün faydalarından danışarkən, təhsil məsələsinə də toxundu: "Mən uşaqlıqdan basketbol oynayaraq böyümüşəm. İdmanla məşğul olmaqla yanaşı, eyni zamanda iki universitet də bitirmişəm. Uşaqlıqdan mənim fikrim ya dərslərimə, ya da idmana yönəlib. Düşünürəm ki, gənclərimiz də bu ruhda böyüyərsə, gələcəkləri parlaq olar. Çox istəyirəm ki, uşaq basketbolu yüksək səviyyədə inkişaf etsin. İdmanda da hər şey, biri-biri ilə qırılmaz zəncirlə bağlıdır. Uşaq basketbolunun inkişafı yüksək səviyyədə olarsa, böyüklərarası çempionatın nəticələri də yaxşı olacaq. Basketbolu uşaqlar arasında elə sevdirmək lazımdır ki, həm təhsili, həm də basketbolu eyni səviyyədə aparmağı bacarsınlar.

Basketbol klublarının sayının çox olması da bizim üçün vacibdir. Bizdə əsasən UGİM-lərin sayı yetərincədir. Lakin klublar barədə bunu demək olmaz. İdman növləri üzrə klubların sayını artırmaq daha yaxşı olardı. Hazırda basketbolçularımızın hazırlıq səviyyəsinin artırılması məqsədi ilə federasiya tərəfindən müəyyən işlər görülür. Çalışırıq ki, potensiallı idmançılarımızı daha yaxşı təcrübə qazanması üçün başqa ölkələrə göndərək. Hazırda iki basketbolçumuz Türkiyədə təcrübə keçir. Onların hər ikisi "Fənərbağça” komandasının heyətində çıxış edirlər”.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası bu növün yeniyetmələr arasında sevilməsi, basketbolla məşğul olan uşaqların sayının artması məqsədi ilə təcrübəli mütəxəssislərin köməyindən yararlanmağa çalışır. Müxtəlif yaş qrupları üzrə komandalar daha bacarıqlı məşqçilərə həvalə olunur. Samit müəllimlə söhbət zamanı öyrəndik ki, bölgələrdə potensiallı basketbolçular yetişir. "Gənc basketbolçularımızın beynəlxalq yarışlarda fərqlənmələri Azərbaycan basketbolunun uğurudur. Lakin təbii ki, bu hələ başlanğıcdır. Azərbaycan Basketbol Federasiyası əlindən gələni edir ki, yeniyetmə və gənc basketbolçularımız daha da inkişaf etsinlər. Şübhəsiz ki, əsas məqsəd gənclərin fiziki tərbiyəsi ilə bağlıdır. Yəni biz çalışırıq ki, gənclərimizin fiziki sağlam olmasını təmin edək. Beynəlxalq turnirlərdə, Avropa və dünya birinciliklərində əldə olunan qələbələr gənclərimizin mənəvi tərbiyəsində də əvəzsiz rol oynayır. Federasiya gənc basketbolçuların vətənpərvər ruhda yetişməsinə xüsusi diqqət göstərir. Məşqçilərimiz öz yetirmələrinin mənəvi tərbiyəsini də diqqət mərkəzində saxlayırlar. Əlbəttə, istənilən idmançını yaxşı hazırlamaq olar və həmin idmançı müxtəlif yarışlarda qalib gələ bilər. Bu, fiziki və texniki hazırlığın sayəsində mümkündür. Digər məsələ yeniyetmə və gənc idmançının mənəvi cəhətdən inkişafına nail olmaqdır. Fiziki və mənəvi tərbiyə biri-biri ilə sıx bağlıdır. Onların ayrılıqda təbliğatı yüksək nəticə verməyə bilər. Yəni sözümün əsas məğzi odur ki, uşaqların fiziki-mənəvi tərbiyəsi paralel inkişaf etdirilməlidir. Gənc və perspektivli basketbolçuları aşkara çıxarmaq üçün biz yalnız paytaxt ərazisində seçimlər aparmırıq. Bizim əsas ehtiyat bazamız Gəncə, Cəlilabad, Şəki bölgələridir. Belə ki, federasiyanın bölgələrdə xüsusi mütəxəssisləri var ki, onlar perspektivli idmançıları seçib milli komanda üçün hazırlayırlar. Təcrübəli basketbol mütəxəssisi Şəhriyar Əsgərov Cəlilabad rayonunda idmançılarla çalışır. Qərb bölgəsində çox yaxşı seçimlər aparan Rizvan Səfərovu da xüsusi qeyd etmək istərdim. Vüqar Musayev isə Şəkidə və digər bölgələrdə bu idman növünün inkişafı üçün fəallıq nümayiş etdirir. Onlar bölgələrdə yetişməkdə olan yeniyetmələri aşkara çıxarmaq üçün bütün bacarıqlarından istifadə edir, bölgələrdə basketbolun inkişafına böyük töhfə verirlər. Hazırda Lənkəranda da basketbolun kütləviliyi istiqamətində tədbirlər həyata keçiririk. Digər bölgələrdə basketbolun bir qədər zəif inkişaf etməsinin səbəbi idman məktəblərində çalışan baş məşqçilərin basketbol üzrə mütəxəssis olmamasıdır. Bununla belə, deməliyəm ki, federasiyamız bölgələrdə bu növün inkişafına xüsusi diqqətlə yanaşır. Bölgələrdəki perspektivli uşaqların öz təhsilini Bakıda davam etdirməsini təmin etməyə çalışırıq. Bölgələrdə çalışan məşqçilərimizə tövsiyə edirik ki, onlar hündürboylu uşaqları seçsinlər. Çünki basketbol dedikdə, hər kəsin ağlına hündürboylu idmançılar gəlir. Ola bilər ki, hansısa bir uşaq bölgədə keçirilən məşqlərdə və ya yarışlarda zəif nəticə göstərsin. Həmin uşağı paytaxta gətirmək, burada onun potensialını üzə çıxartmaq çətin deyil. Basketbolçu üçün ən vacib amil boyun hündür olmasıdır. Basketbolçu həm də düşünməyi, oyun zamanı kombinasiya qurmağı bacarmalıdır. Məşqçinin dediklərini anlamaq və vaxtında reaksiya vermək bacarığı da əsas şərtdir. Uşaqlarda bu xüsusiyyətləri inkişaf etdirmək biz məşqçilərin vəzifəsidir.

Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, orta məktəblərdə keçirilən idman dərsləri qəanətbəxş deyil. Məsələn, 8-9 yaşında uşaqlar basketbol bölməsinə yazılanda biz onlara basketbolun fəndlərini deyil, qaçmağı, tullanmağı, bir sözlə, adi idman hərəkətlərini öyrətməyə məcbur oluruq. Dəfələrlə görmüşəm ki, bizim bölməyə gələn məktəblilər adi idman hərəkətlərini belə, yerinə yetirməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, uşaqların fiziki baxımdan güclü olması üçün valideynlər onları beş-altı yaşından üzgüçülük, yüngül atletika və ya akrobatika bölmələrinə aparmalıdırlar. Qeyd etdiyim kimi, əsas məqsəd uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının təmin edilməsidir. Çünki məhz sağlam gənclər dövlətimizin gələcəyidir”,- deyə Samit Nuruzadə əlavə etdi.

Ötən il Azərbaycan basketbolu üçün uğurlu oldu

Mayın 12-dən 22-nə kimi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında basketbolçularımız bu mötəbər turnirin ən yüksək zirvəsini fəth etdilər. Belə ki, IV İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol üzrə həm kişi, həm də qadın yığma komandalarımız bütün rəqiblərini üstələyərək Bakı-2017-nin qalibləri oldular. 1/4 finalda İndoneziyanı (20:9), yarımfinalda Türkiyəni (17:7) məğlub edən qadın millimiz finalda Malidən revanş alaraq (13:7) çempionluq zirvəsinə yüksəlib. Kişi basketbolçularımız isə 1/4 finalda İndoneziyanı (21:13), yarımfınalda Türkiyəni (19:14) məğlub ediblər. Mayın 21-də keçirilən həlledici qarşılaşmada millimiz 3x3 basketbol üzrə dünya çempionu (2014) Qatar komandası ilə qarşılaşdı (13:9). Komandamız güclü rəqibini məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını qazandı. Bununla yanaşı, keçən ilin hesabat dövründə yeniyetmə oğlanlardan ibarət U-16 milli yığmamız U-18 Gürcüstan çempionatında iştirak ediblər.

Daha sonra fevral ayında Sərabda (İran) keçirilən beynəlxalq turnirdə Azərbaycanın U-18 millisi 6 komanda arasında ikinci yeri tutub. Mart ayında isə Bişkekdə keçirilən ənənəvi "Novruz” turnirində U-20 yığmamız ikinci yerə sahib çıxıb. Ötən ilin aprel ayında IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı çərçivəsində 3x3 basketbol üzrə qadınlardan ibarət milli komandamız Daşkəndə keçirilən "AGMK” Cup FİBA 3x3 turnirində uğurla çıxış edərək birinci yeri tutub.

2017-ci ilin mayı Azərbaycan basketbolçularının parlaq qələbələri ilə yadda qalıb. Mayın 1-dən 5-nə kimi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən "Qələbə Kuboku 2017” beynəlxalq basketbol turnirində U-18 yığmamız bütün rəqiblərini üstələyərək qızıl medalları qazanıb.

Beynəlxalq yarışlarla yanaşı, ABF-sı 2016-2017-ci illər mövsümündə U16 və U14 yeniyetmə oğlanlar arasında 22 komandanın iştirakı ilə XII Uşaq-Yeniyetmə Basketbol Liqası (komanda) və 3x3 basketbol üzrə kişilər və yeniyetmə oğlanlar arasında 12 turnir keçirilib. Eyni zamanda GİN-nin dəstəyi ilə 2016-2017-ci illər mövsümündə kişilər arasında 7 komandanın iştirakı ilə XXIV Azərbaycan çempionatı keçirilib və müxtəlif yaş qruplarında olan yeniyetmə oğlanlardan və qızlardan ibarət komandalarımız respublikanın bölgələrində keçirilən (Mingəçevir, Göygöl, Biləsuvar, Xaçmaz, Göyçay, Şirvan) zona yarışlarında fəal iştirak ediblər.

İnanırıq ki, Azərbaycan basketbolçuları növbəti illərdə də uğurlu çıxışlarını davam etdirərək yeni qələbələri ilə xalqımızı sevindirəcəklər.

Azər Əlizadə


Bu yazı

20872 dəfə oxunub

Tarix

2018-03-07 15:14:52

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook