Tural Sadıqlı: “Yetirmələrim arasında perspektivli atletlər çoxdur”





Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə, o cümlədən bədən tərbiyəsi və idmanda sürətli inkişaf baş verdi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra görülən işlər daha geniş vüsət aldı. Qısa müddət ərzində Azərbaycanda idmanın maddi-texniki bazasının yaradılması istiqamətində geniş proqram hazırlandı. Paytaxtımızla yanaşı, ölkəmizin ayrı-ayrı bölgələrində də idman kompleksləri tikilib gənclərin istifadəsinə verildi. Sözsüz ki, görülən işlər ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatının kütləviləşməsinə hərtərəfli şərait yaratdı. Hazırda respublikamızda idmanın kütləviliyini təmin edən bir sıra idman təşkilatları mövcuddur. Belə idman qurumlarından biri də bədən tərbiyəsi və idmanın geniş təbliğ olunmasında mühüm rol oynayan Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzidir (RBTİM).

RBTİM-də uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafına kömək göstərmək, onların fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə müntəzəm məşğul olmasına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsinə nail olmaq məqsədilə mühüm tədbirlər görülür.

Bu mərkəz populyar idman növü olan atletikanın inkişafına da öz töfhəsini verməkdədir. RBTİM-in atletləri mərkəzin aparıcı mütəxəssisi Tural Sadıqlının rəhbərliyi altında məşq edirlər. Uzun illər atletika ilə məşğul olmuş Tural Sadıqlının rəhbərliyi altında 30-dək yeniyetmə və gənc bu idman növünün sirlərinə yiyələnir. Mərkəzin yetirmələri son illər ərzində bir sıra uğurlu nailiyyətlər də qazanıblar.
Belə ki, ötən il RBTİM-in təşkilatçılığı ilə keçirilən 9 noyabr "Milli Bayraq Günü”nə həsr olunmuş klublarası Uşaq Atletika Oyunlarında idman ocağının yeniyetmə təmsilçiləri Həmidə Hüseynzadə qızıl, Sona Abbaslı gümüş, Bibixanım Qəmbərova və Əmrah Yaqubov isə bürünc medallar qazanıblar.
Yanvarın 19-da 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında keçirilən Bakı şəhər birinciliyində Bibixanım Qəmbərova 2 km, 600 m və 300 m məsafəyə qaçışda 2-ci, Sona Abbaslı isə 600 m məsafəyə qaçışda 3-cü olub.
Fevralın 9-10-da 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında keçirilən Azərbaycan birinciliyində ən yüksək nəticəni Anna Yusupova qazanıb. Belə ki, "Gəncə Marafonu-2017”-nin gümüş mükafatçısı birincilikdə 1500 m və 3000 m məsafəyə qaçışda bütün rəqiblərini üstələyərək çempion olub.
Bibixanım Qəmbərova 300 m məsafəyə qaçışda qızıl, 2 km məsafəyə qaçışda isə gümüş medal əldə edib. Sona Abbaslı 300 m və 600 m məsafəyə qaçışda 2-ci, Həmidə Hüseynzadə isə 600 m məsafəyə qaçışda 3-cü olub.
4x200 m məsafəyə estafet yarışında Sona Abbaslı, Həmidə Hüseynzadə, Bibixanım Qəmbərova və Svetlana Melidovadan ibarət 4-lük 2-ci pillədə qərarlaşıb.
Martın 6-7-də Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə "Olimpiya Hərəkatı”proqramı çərçivəsində keçirilən atletika yarışının Sabunçu rayonu üzrə mərhələsində Həmidə Hüseynzadə bürünc medal qazanıb.
Gənc mütəxəssis Tural Sadıqlının sözlərinə görə, hər bir yeniyetmə və gəncin mənəvi və fiziki cəhətdən sağlam böyüməsində idman mühüm rol oynayır. Bu baxımdan kiçik yaşlarından idmanla məşğul olmaq vacib əhəmiyyət daşıyır. "RBTİM-da idmanın inkişafı istiqamətində mühüm işlər görülür. Mərkəz tərəfindən yeniyetmə və gənclərin idmana cəlb olunması, bədən tərbiyəsi və idmanın kütləviləşməsi, əhali arasında yayılması istiqamətində səmərəli işlər görülür. 
Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov idmançılarımızın problemləri ilə mütəmadi olaraq maraqlanır, bizə diqqət və qayğısını əsirgəmir. Mərkəzin təşkilatçılığı ilə keçirilən yarışlar yeniyetmə və gənclərdə idmana olan marağı daha da artırır. Qeyd edim ki, mərkəzin təqvim planına əsasən tarixi günlər və milli bayramlar münasibəti ilə il ərzində ayrı-ayrı idman növləri üzrə, eləcə də atletika üzrə yarışlar təşkil edilir. 
Atletlərimiz keçirilən yarışlarda uğurlu nəticələr qazanıblar. Son illər gənclərimiz atletikaya böyük maraq göstərirlər. Bilirsiniz ki, bütün idman növlərinin təməlində atletika dayanır. Məlumdur ki, idman gənclərin pis vərdişlərdən çəkinərək sağlam ruhda böyümələrində vacib əhəmiyyətə malikdir. Bizə öz sağlamlıqlarını qorumaq üçün müraciət edənlər də var. Bununla yanaşı, yetirmələrim arasında perspektivli atletlər var. Son bir neçə yarışda onlar özlərini yaxşı tərəfdən nümayiş etdiriblər. Çox istəyirəm ki, yetirmələrim gələcəkdə daha da yüksək nailiyyətlər qazansınlar”.




Aysel Sultanova





Bu yazı

49641 dəfə oxunub

Tarix

2018-03-19 15:52:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev