Azərbaycan futbolunda mətbuatla davranış mədəniyyəti hələ tam formalaşmayıb

Futbolda ictimaiyyətlə əlaqə, ünsiyyət çox mühüm rol oynayır. Təsadüfi deyil, klubların strukturunda media və ictimaiyyətlə bağlı departament, şöbə, ən pis halda mətbuat xidmətinin olması vacibdir. Lisenziyalaşdırma qaydaları da bunu tələb edir...

FİFA və UEFA bu sahəyə böyük önəm verir, şərait yaradır, tələblər irəli sürür, yeniliklərin davamlı tətbiqinə çalışır. Məlumatı olmayanlar da bilməlidir ki, Avropa səviyyəli yarışlarda nümayəndə heyətinin tərkibində media strukturunun olması şərtdir. Prezident, vitse-prezident və digər vəzifəli şəxslər olmaya bilər. Hətta komanda baş məşqçisiz də oyun keçirə bilər. Media ilə əlaqələndiricinin olması isə mütləqdir.

Stadionlarda nazirə, deputata xüsusi yerlər ayrılmır. VİP loja, müxtəlif sektorlar var. Biletlərin qiymətinə uyğun istənilən şəxs istənilən yerə sahib ola bilər. Media sektoru isə xüsusidir, tələbdir. Orada nə nazir, nə klub prezidenti, nə də texniki zonada olmayan baş məşqçi, futbolçu yer ala bilməz. FİFA və UEFA-nın mediaya münasibəti budur...

Tam əminliklə bildirirəm ki, müvafiq tələblər olmasaydı, klublarımızın 90 faizində KİV-lə bağlı nəinki departament, şöbə, heç sıravi əlaqələndirici də olmayacaqdı. Hazırda daxili çempionat oyunlarında, xarici təlim-məşq toplanışlarında onları "artıq yük” sayan klub rəhbərləri az deyil...

Məşqçilərin inkişafında, yüksək kateqoriyaların alınmasında mətbuatla əlaqələrinə, ünsiyyət davranışlarına xüsusi diqqət verilir, müvafiq dərslər keçirilir. Müxtəlif beynəlxaq seminarlarda federasiya, klub rəsmilərinə də mətbuat və ictimaiyyətlə əlaqələrin necə qurulması ilə bağlı tövsiyələr verilir...

Azərbaycan futbolunda mətbuatla davranış mədəniyyəti hələ tam formalaşmayıb. Təbii ki, bunlar qarşılıqlı olmalıdır. Müasir futbolda inkişaf yolunun bir qolu da budur. Mətbuat hansısa məsələni, problemi qabardandan sonra məcburiyyət qarşısında "səngər”dən çıxıb fikir bildirməyin adı yoxdur. Vaxtında etmək olmazmı?! Həqiqətən, vaxtında hərə öz vəzifə borcunu yerinə yetirsə mətbuatda "alim”liyə nə ehtiyac var ki?!

Federasiya rəsmiləri, klub, məşqçi, futbolçuların həqiqi mənada alimliyi idarəçilikdə, yaşıl meydanda özünü göstərməlidir. İşlərlə bağlı lazımi məlumatlar davamlı olaraq KİV-in gündəmində olmalıdır.

Hər kəs dərk etməlidir, futbol azarkeşlər üçün oynanılır. Futbolu kabinetlərdə gizlətmək mümkün deyil. Federasiya, klub, idarəçi, məşqçi və futbolçuların oyundan əvvəl və sonra azarkeşlərlə əlaqəsi mətbuat vasitəsi ilə olur. Azarkeşi, ictimaiyyəti isə "ac” saxlamaq olmaz.

Çox vaxt futbolda olanlar mətbuatdan şikayətçi olurlar. Tək bizdə deyil, bütün dünyada belədir. Bir məqama xüsusi diqqət yetirim. Sıravi vətəndaşın xəyalında görmədiyi pulları futbolçu, məşqçi bir ayda, ildə qazanır. Formalaşmış futbol psixologiyasına uyğun, hətta tələsirlər də. İdmançı, futbolçu ömrü qısadır, "5-10 ildə nə qazandıq, qazandıq” fəlsəfəsidir. Adi azarkeş isə son pulunu da biletə verib stadiona gedir...

Təbii ki, pullar əziyyətsiz qazanılmır. Zədələr, təzyiqlər, sarsıntılar hesabına başa gəlir. Təhqir, şaiyə və digər neqativ halların olmaması şərtilə ictimai təzyiqin baş verməsi təbii qarşılanmalıdır. Qazanılan pulların qarşılığını vermək lazımdır. Hər bir məşqçi, futbolçu psixoloji olaraq buna hazır olmalıdır...

Zinədin Zidan son illərdə "Real”a neçə-neçə titul qazandırıb, dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb. La Liqada bir qədər büdrəyən kimi mətbuatın, ictimaiyyətin təzyiqi ilə üzləşdi, istefası tələb olundu. Tab gətirə və doğru yol seçə bilməsəydi UEFA Çempionlar Liqasında da məğlub olardı, yolunu davam etdirə bilməzdi. "Liverpul”un əfsanələrindən olan Karrager İngiltərə televiziyasındakı şərhçilikdən kənarlaşdırılıb. Səbəb, "Mançester Yunayted” azarkeşlərini təhqir etdiyinə görə...

Azərbaycanda ahıl yaşında milyonlar qazanmış Berti Foqst Almaniya mediasına açıqlamasında bildirib ki, vaxtında mətbuatla ünsiyyəti düz qurmayıb. İndiki Azərbaycan futbolunda olan təsadüflərə, illərdir futbolda olanlara, məşqçi, futbolçu, funksionerlərə Berti Foqstun fikirlərindən nəticə çıxarmaları daha faydalı olar. Əksi olarsa, əmin olsunlar, zərbə özlərinə, futbola dəyəcək. Futbol təfəkkürünü, mədəniyyətini artırmadan istədiyimiz futbolu görməyimiz nağıl olar...

Futbolun inkişafını istəyirsinizsə, ən azından FİFA və UEFA-nın mətbuat və ictimaiyyətlə bağlı tələb və tövsiyələrinə yenidən nəzər yetirin. Bu, işlərinizə və ümumilikdə futbolumuza ancaq xeyir verə bilər...

Tahir Süleymanov,
futbol mütəxəssisi




Bu yazı

21315 dəfə oxunub

Tarix

2018-03-19 19:24:06

Yazını

Çap et

Yazını

Paylaş