Futbol salnaməsində imzası dəyişməyən veteran


Elə insanlar var ki, onlarla eyni dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt saya bilərik. Onları hamı sevir, həyatları isə hər birimiz üçün örnəkdir. Belə insanlar cəmiyyətin hər bir sahəsində liderlik keyfiyyətini büruzə verirlər. Canlı əfsanələrlə birlikdə yaşamaq özü bir xoşbəxtlikdir.

Hələ Sovetlər dövründən Azərbaycan futbolunun kifayət qədər tanınmış, sevilən futbolçuları olub. Onlardan biri də Kazbek Tuayevdir. Bu ad azarkeşlərə çox şey deyir: Azərbaycan futbolunun yaşayan əfsanəsi, "Neftçi” klubunun 1966-cı tarixi "bürünc”ünün memarı, milli komandamıza beynəlxalq rəsmi oyunlarda ilk qələbəni qazandıran baş məşqçi və daha nələr, nələr... Bəzi uğurlarını görmək üçün yaşımız imkan verməsə də, böyüklərin futbol söhbətlərindən eşidib, öyrənmişik.

Ötən həftə "CBC Sport” telekanalında efirə gedən "İmza” verlişinə Kazbek Tuayevin dəvət edilməsi təsadüfi deyil. Böyüklərin bizə danışmadığı bəzi futbol söhbətlərini, keçmişdə baş verənləri qonağın özündən eşitdik.

Həmin veriliş efirə gedəndən sonra Kazbek Tuayevlə "İmza”da səsləndirdiyi maraqlı məqamları müzakirə etdik. Həmsöhbətimiz bildirdi ki, verilişdə səslənən suallar onu ötənlərə apardı. "Bu vaxta qədər bir sıra verlişlərdə qonaq olmuşam. Lakin "CBC Sport” kanalında hazırlanan "İmza” verlişini çox bəyəndim. Təxminən bir saatdan artıq davam edən verlişdə bir sıra hadisələri və insanları yenidən yada saldıq. Hiss olunurdu ki, yaradıcı heyət çox peşəkardır. Layihənin rəhbəri Azər Cavad, redaktor Rasim Mövsümzadə və aparıcı Əminə Kazımova ilə çəkiliş meydanında böyük səmimiyyət hiss etdim. Əminə xanımın ünvanladığı sualları çalışdım ki, dolğun və ətraflı cavablandırım. Fikrimcə, bu məndə alındı. Veriliş efirə getdikdən sonra mənə çoxlu zənglər gəldi. Çoxları bildirdilər ki, Kazbek müəlllim bizi o günlərə qaytardınız, həmin anları sizinlə birlikdə yaşadıq”, - deyə o bildirdi.

Kazbek Tuayevin "İmza” verlişində "Neftçi” klubunun 1966-cı ildə qazandığı bürünc mükafatla bağlı sualları xüsusi cavablandırıb. Həmin suallara verilən cavablar diqqətimizdən yayınmadı. "Mən qeyd etdim ki, 1960-cı ildə formalaşan komandamız 6 ildən sonra nəticə verdi. Həmin heyətin qurulmasında dahi futbolçu Ələkbər Məmmədov, komandanın təşkilatçısı Şövkət Orduxanov, baş məşqçimiz Əhməd Ələsgərov və başqaları böyük səy göstərmişdi. Bakını canından çox sevən futbolçular "Neftçi”də oynamaq təklifinə o dəqiqə razılaşmışdılar. Keçmiş dövlət rəhbərliyinin nümayəndələri olan Vəli Axundov və Əli Əmirovun da bizə dəstəyi yetərincə idi. Ümummilli lider Heydər Əliyev həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edirdi. O, dahi bir şəxsiyyət idi. Həmişə bizə böyük dəstək verirdi. Bir neçə dəfə "Neftçi”nin cəzalandırılmasının qarşısını almışdı. Sonralar o bizimlə görüşüb, bizə mükafatlar da vermişdi. Bax, bu cür diqqətin sayəsində "Neftçi” sevilir, azarkeşlərin rəğbətini qazanırdı”, - deyə Kazbek Tuayev bildirdi.

Azərbaycan futbolunda özünəməxsus imzası olan veteran futbolçumuz onu da qeyd etdi ki, "Neftçi”nin tarixi uğuru sonrakı illərdə də Azərbaycan futbolunun inkişafına müsbət təsir etdi. "Bizim şəraitimiz və imkanlarımız yüksəlmişdi. Bürünc mükafata görə bizə "Qaz-21” hədiyyə etmişdilər. Tez-tez görüşlərə gedirdik. Hamı bizi sevirdi. Bununla da Azərbaycanda yeni-yeni futbolçular yetişməyə başladı. Yeni komandalar yarandı. Həmin futbolçular bu gün də bizim aramızdadılar. Qeyd edim ki, "Neftçi” ilə Azərbaycan futbolunda yeni era başladı. Bu barədə çox danışa bilərəm. Futbol mənim həyatımdır. Futboldan sonra gözəl bir ailə qurmuşam. Çox xoşbəxtəm. Mən heç vaxt Azərbaycanı tərk etmərəm. Hara getsəm, Bakı üçün çox darıxıram”, - deyə veteran futbolçu bildirdi.

Azərbaycan futbolunun yaşayan əfsanəsi sonda "Olimpiya dünyası” qəzeti vasitəsi ilə "İmza” verlişinin yaradıcı heyətinə öz təşəkkürünü bildirdi.



Bu yazı

36895 dəfə oxunub

Tarix

2018-03-19 20:23:26

Yazını

Çap et

Yazını

Paylaş