Komandamız ilk dəfə dünya çempionatında üçüncü yeri tutub




Mayın 2-də Perunun Lima şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər arasında dünya birinciliyi mayın 11-də başa çatıb. Xəbər verdiyimiz kimi, Cənubi Amerikada keçirilən yarışda Azərbaycanı Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Nicat Rəhimov (77 kq), Elxan Əliqulizadə (77 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) kimi gənc idmançılarımız təmsil ediblər. Dünya rekordunu yeniləyən Valentin Xristov iki hərəkətinə cəmində qızıl medallara layiq görülüb - 316 kq (138 kq + 178 kq). 178 kq ağırlığın öhdəsindən gəlməklə 2007-ci ildə çinli Yanq Fanın Tayvanda göstərdiyi rekordu (177 kq) yeniləyib.
69 kq çəki dərəcəsində çıxış edən ağırlıqqaldıranımız Firudin Quliyev dünya çempionatının bürünc medalına yiyələnib. Birdənqaldırma hərəkətində Firudin 132 kq ağırlığın öhdəsindən yalnız ikinci cəhddə gəlsə də, üçüncü yanaşmada 135 kq onun üçün ağır olub. Bu nəticə ilə o, 5-ci yerlə kifayətlənib.
Təkanlaqaldırma hərəkətində idmançımız ilk yanaşmada 176 kq-ı ram edib. Üçüncü cəhddə sifariş verdiyi 184 kq ağırılığı qaldırmaq onun üçün çətin olub. Təkanla qaldırmada gümüş medal qazanan Firudin Quliyev iki hərəkətin cəmində 308 kq nəticə ilə (132 kq + 176 kq) üçüncü yeri tutub.


Nailxan Nəbiyev 94 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, birdənqaldırma hərəkətində 160 kq nəticə ilə 5-ci yeri tutub. Atletimiz təkanla qaldırmada 205 kq nəticə ilə bütün rəqiblərindən üstün olub. İki hərəkətin cəmində 365 kq (160 kq + 205 kq) nəticə göstərən Nailxan Nəbiyev, eyni nəticəyə - 365 kq (165 kq + 200 kq) nail olan misirli rəqibi Ossama Xəttaba yalnız şəxsi çəkidə uduzub. Nailxan 93,11 kq olduğu halda, rəqibinin çəkisi 91,61 kq olub. Bu, isə yalnız 4-cü yer üçün yetərli olub.
Kamran İsmayılov 85 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Birdənqaldırma hərəkətində əvvəlcə 142, sonra isə 146 kq-ın öhdəsindən gələn atletimiz, sonuncu yanaşmasında 148 kq sifariş verib. Ancaq çəki onun üçün ağır gəlib və idmançımız bu hərəkətdə 4-cü olub.
Təkanla qaldırma hərəkətində İsmayılov birinci yanaşmasında 175 kq-ı ram edib. Növbəti iki cəhddə isə idmançımız 181 kq-la mübarizə aparıb. Üçüncü yanaşmasında çəkinin öhdəsindən gələn Kamran, bu hərəkətdə 5-ci olub. Toplamda 327 kq (146 kq + 181 kq) nəticə göstərən İsmayılov gənclər arasında dünya çempionatında 5-ci yerlə kifayətlənib.
Elxan Əliquluzadə və Nicat Rəhimov 77 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.



Yarış milli komandamız üçün uğurlu başlamayıb. Birdənqaldırma hərəkətində əvvəlcə 140 kq-ın öhdəsindən gələn Elxan Əliquluzadə, sonrakı yanaşmalarda 145 və 147 kq çəkili ştanqı ram edə bilməyib. Birinci yanaşmadan sonra aldığı zədə idmançımıza bu hərəkətdə ancaq 7-ci olmaq imkanı verib. Ancaq ağrılar üzündən təkanla qaldırma hərəkətinə çıxa bilməyən Elxan, yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb.
Yeniyetmələr üzrə ilk Olimpiya çempionumuz Nicat Rəhimov, gümüş medal qazanıb. Birdənqaldırma hərəkətində 153 kq-ı iki cəhddə ram edən Nicat Rəhimov üçüncü yanaşmasında 158 kq sifariş verib. Ancaq onu ram edə bilməyib. Buna baxmayaraq, Nicat bu hərəkətdə 3-cü yeri tutub.
Təkanla qaldırma hərəkətində isə idmançımız nisbətən yaxşı çıxış edib. Əvvəlcə 185, sonra isə 187 kq çəkini başı üzərinə qaldıran Rəhimov, son yanaşmasında 192 kq-la çempionluq cəhdi edib. Ancaq bu cəhdi uğurlu alınmayıb. Buna baxmayaraq, Nicat Rəhimov bu hərəkətdə ikinci ola bilib.
İki hərəkətin cəmində 340 kq (153 kq + 187 kq) nəticə ilə Nicat Rəhimov gənclər arasında dünya çempionatının gümüş medalına yiyələnib.
Limada keçirilən dünya çempionatı Azərbaycan idmanı üçün yaddaqalan oldu desək, yanılmarıq.
İlk dəfə olaraq yığma komandamız dünya çempionatlarında medal sayına görə 3-cü yeri tutdu.
Dünya çempionatında Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc medala yiyələndilər. 94 kq-da Nailxan Nəbiyevin ümumi sıralamda medal qazanmasına isə şəxsi çəkisinin rəqibindən artıq olması mane oldu. Buna baxmayaraq, o, təkanla qaldırmada qızıl medal qazanaraq, ümumi medal sayını artırdı. Qeyd edək ki, birinci pillədə Rusiya (5 qızıl, 2 gümüş və 1 bürünc), ikinci pillədə isə onlardan cəmi bir medal geri qalan Çin (5-2-0) qərarlaşıb. Yarışda cəmi 6 idmançı ilə təmsil olunsaq da, bu cür nəticələr qazanmağımız böyük uğurdur.





Bu yazı

7199 dəfə oxunub

Tarix

2013-06-14 13:35:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev