Kimmerlərin konkisi Olimpiadalarda

Kimmerlərin konkisi Olimpiadalarda


Konki yarışları idmançıdan dəqiqlik, cəsarət və yüksək iradə tələb edir. Konki idmanının yaranma tarixi çox qədimdir. Bu idman növündə istifadə edilən alətlərin- konkilərin 3200 il bundan əvvəl Qara dənizin şimalında yaşamış kimmerlər tərəfindən icad edildiyi iddia edilir. Konki üzrə ilk yarışlar və çempionatlar İngiltərədə keçirilib. Bu idman növünün qəhrəmanları arasında Klas Tunsberq, Lidiya Skoblikova, Erik Xayden, Sven Kramer, Klaudiya Pexştayn, Şani Devis və s. Olimpiya çempionlarının adı çəkilir.

 

İlk klub və ilk yarış


Konki idmanı (ing.speed skatnig.- sürətli qaçış) konki ilə buz üzərində müəyyən məsafənin mümkün qədər tez və sürətlə qət edilməsini əks etdirir. Konki idmanın qədim növlərindən biridir. İlk konki yarışları 1763-cü ildə Böyük Britanyiada təşkil edilib. Həmin yarışların qalibi adını 15 mil məsafəni 46 dəqiqəyə qət edən Lemb alıb. Konki ilə sürətli qaçış XIX əsrin ikinci yarısında inkişaf etməyə başlayıb. İlk konki klubu 1742-ci ildə İngiltərədə yaranıb. Sonra belə klublar 1830-cu ildə London və Qlazqo şəhərlərində fəaliyyət göstərməyə başlayıb. Konki idman növü üzrə milli çempionatlar ilk dəfə 1879-cu ilin dekabrında İngiltərədə təşkil edilib.

 

Çempionlar
 

Konki növü üzrə ilk dünya çempionu adını hollandiyalı Eden, Avropa çempionu adını isə isveçli Erikson qazanıb. Bu idman növü üzrə dünya rekordları 1890-cı ildən qeyd olunmağa başlayıb. Beynəlxalq Konkisürmə Federasiyası (İSU) 1892-ci ildə yaranıb və tərkibində 60 milli federasiyanı birləşdirir. Kişilər arasında konki üzrə Avropa çempionatı 1893, qadınlar arasında isə 1970-ci ildən keçirilir. Kişi idmançılar Olimpiya proqramı üzrə yarışlarda 1924 (Şamoni), zərif cinsin nümayəndələri isə 1960-cı ildən (Skvo-Velli) iştirak edirlər.

 

Kimmerlərin konkisi
Britaniya muzeyində

 

Hazırda Britaniya muzeyində yaranma tarixi qədim olan sümük konkilər saxlanılır. Həmin konkilər 1967-ci ildə Cənubi Buq və Odessa yaxınlığında aparılan arxeloji qazıntılar zamanı aşkar edilib. Maraqlıdır ki, alimlər sümük konki alətinin 3200 il bundan əvvəl Qara dənizin şimalında yaşamış kimmerlərə məxsus olduğunu iddia edirlər.
"Konki" sözünə ilk dəfə Hemaxın (1648) "İngilis və Niderland dilində" lüğətində rast gəlinir. Konki termini idmana rus dilindən daxil olub. Taxtadan hazırlanmış konkilərin burun hissəsi at (kon) fiqurunun başına bənzəyirdi. "Ki" şəkilçisi isə rus dilində "əzizləmə" mənasını bildirir.


 

I Pyotr konkidən istifadə edib
 

XIII əsrdən başlayaraq XVIII əsrin əvvəllərinə kimi Rusiyada konkiləri taxtadan hazırlayırdılar və onlara bürünc, yaxud dəmirdən, sonralar isə poladdan hazırlanmış xizəklər bərkidilirdi. Konkiyə bərkidilmiş ayaqqabıdan istifadə edən ilk dövlət məmuru Rusiya imperatoru I Pyotr olub. Hollandliyada gəmi tərsanəsi sənətini öyrənən I Pyotr konkini ayaqqabı ilə geyməyi daha əlverişli və məqsədəuyğun sayıb. Dörd əsrdən çox yaşı olan taxta konkilər sonralar yalnız uzunluğu və formasına görə dəyişib.
XIX əsrin 90-cı illərinə kimi Hollandiya və İngiltərənin istehsalı olan və xizəyi poladdan hazırlanmış taxta konkilərdən geniş istifadə olunurdu. Norveç idmançıları A.Paulsen və K.Vernerin 1880-ci ildə icad etdikləri boru şəkilli konkilər idman aləmində əsl inqilaba səbəb oldu. Həmin idman alətinin müasir formada işlənib hazırlanmasında rusiyalı idmançı Aleksandr Qrişinin müstəsna xidmətləri vardır. A.Qrişin 1887-ci ildə qaçış üçün nəzərdə tutulan uzunsov, boru şəkilli konkilərdən istifadə edib. Uzun illər formasını qoruyub saxlayan idman konkiləri, prinsipcə, ciddi dəyişikliyə məruz qalmayıb. Bu sahədə ilk yenilik Hollandiyanın "Vikinq" və "Raps" firmalarına məxsusdur. 1996-1997-ci illərdə keçirilən dünya çempionatında yeni konkilərdən istifadə edilib. Məhz həmin yarışlarda belçikalı Vart Vedkamp 10000 m məsafəyə yarışlarda qalib adına layiq görülüb.


 

Olimpiya oyunlarının
proqramında

 

Konki idmanı 1924-cü ildən başlayaraq bütün "ağ olimpiada"ların proqramında nümayiş etdirilib. Kişilər bu növ üzrə yarışlarda ilk qış oyunlarının keçirildiyi 1924-cü ildən iştirak edirlər. Sürətli konki yarışlarının favoritləri Norveç və Finlandiya idmançıları hesab edilir. Finlandiya idmançısı Klas Tunsberq 1924-cü ildə çoxnövçülük üzrə Olimpiya çempionu titulu alan yeganə idmançı idi. Kişilər arasında konki birinciliyi 500 m, 1000 m, 1500 m, 5000 m, 10 000 m, qadınlar arasında isə 500 m, 1000 m, 1500 m, 3000 m, 5000 m məsafələrdə keçirilir.
1924-1984 və 1992-ci illərdə konkisürənlərin Olimpiya oyunlarında yarışları açıq meydançalarda keçirilib. 1964-cü ildən konki üzrə Olimpiya yarışları süni buz meydançalarında aparılır. 1988-ci ildə konki idmanı tarixində ilk dəfə yarışların startı qapalı katoklarda (buz meydançası) verilib. 1994-cü ildən başlayaraq İSU-nun qərarı və Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə konki yarışlarını ancaq qapalı katoklarda təşkil edilməsinə qərar verilib.
Müqayisə üçün qeyd edək ki, əgər ilk qış Olimpiya oyunlarında (Şamoni-1924) 10 ölkədən 31 konkisürən iştirak edibsə, Naqano-1998 Olimpiya Oyunlarında bu rəqəm 171 idi.


 

Qadınlar konki yarışlarına
gec qoşulublar


Qadınların konki idmanı yarışlarında iştirakına kişilərdən 56 il sonra, 1980-ci ildə icazə verilib. Zərif cinsin nümayəndələri sürətli konki yarışlarında Leyk-Plesid Qış Olimpiya Oyunlarından başlayaraq iştirak edirlər. Bu sahədə müəyyən uğurlar əldə edilmədiyinə görə, qadınlar arasında konki yarışları proqramdan çıxarılsa da, sonradan bərpa edilib.

 

Sürətli konkisürmə Olimpiya oyunlarının proqramına
1960-cı ildə daxil edilib

 

Sürətli konkisürmənin Olimpiya proqramına daxil edilməsi barədə bir sıra milli federasiya və milli Olimpiya komitələrinin çoxsaylı xahişini nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul etdi. 1960-cı ildə Skvo-Vellidə keçirilən VIII Qış Olimpiya Oyunlarının proqramında 500 m, 1000 m, 1500 m və 3000 m məsafəyə yarışların nümayiş etdirilməsinə icazə verildi. 1998-ci ildə bu növə 5000 m məsafəyə yarışlar da əlavə olunub.

 

Dünya rekordları
 

1998-ci ildə Naqanoda keçirilən Olimpiya oyunlarında sürətli konkisürmə yarışlarında 5 yeni dünya rekordu müəyyən edilib. Hollandiyalı Cani Romme (5000 m - 6.22,20), Almaniya təmsilçiləri Hunda və Ştir Numann bacıları və Klaudia Pexşteyn - (5000 m - 6.59,65 və 6.59,6) qadın konkisürmə idmanı tarixində ilk rekordçulardır. Monqolustan təmsilçisi M.Timmer (1500 m -1.57,58) və norveçli Adne Sondral (1500 m - 1.47,87) da bu siyahıda yer alıblar.

 

Solt-Leyk-Siti Olimpiadasında
 

2002-ci il Solt Leyk Sitidə keçirilən Olimpiya oyunlarında aşağıda adı çəkilən idmançılar konkisürmə üzrə müəyyən edilmiş dünya və Olimpiya rekordlarına imza atıblar.

 

Qadınlar arasında
 

Naqano-1998-in Olimpiya çempionu Klaudio Pexşteyn (Almaniya) 1500 və 3000 m məsafəyə konkisürmə yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Almaniya idmançısının Olimpiadada qazandığı üçüncü qızıl medalı idi. İdmançı birinci Olimpiya qızılını Lillihamer-1994-də qazanmışdı.
500 m məsafəyə yarışlarda Tomoni Okadzaki (Yaponiya), 1500 m məsafəyə yarışlarda Anni Frizinqer (Almaniya), 5000 m məsafəyə konkisürmə yarışlarında isə Qreta Smit (Hollandiya) fərqləniblər.

 

Kişilər arasında


Keysi Timspandolf (Amerika) 500 m məsafəyə, Yexe Utdehoda (Hollandiya) 10 000 m məsafəyə, Derek Para (Amerika) 1500 məsafəyə konkisürmə yarışlarında yeni dünya və Olimpiya rekordlarına imza atıblar.


 

Proqramda dəyişiklik
 

Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə 2006-cı ildə Turində XX Qış Olimpiya Oyunlarının proqramına konkisürmə idmanı üzrə komanda yarışları əlavə edilib. Yarışlarda hər ölkədən bir komanda mübarizə aparıb. Qaydalara görə, konki yarışlarında 400 m məsafəyə kişilər 8, qadınlar isə 6 dövrə vurmalıdır.

 

XXI Olimpiadada
konki yarışları

 

Vankuver-2010 Qış Olimpiadasının konki yarışları fevralın 13-də başlayıb və "Richmond Olympic Oval" buz meydançasında keçirilir. Konkisürənlər 12 dəst medal uğrunda gərgin mübarizədə qüvvələrini sınayırlar. Konki yarışlarında ən güclü favoritlər Rusiya, Koreya, ABŞ, Hollandiya, Norveç təmsilçiləri hesab olunur.
Vankuverdə kişilər arasında 500 metr məsafəyə yarışlarda Mo Txe Bom (Cənubi Koreya) I, Keyntiro Naqasima (Yaponiya) II, Dzyodzi Kato (Yaponiya) III yerdə qərarlaşıblar. Qadınların mübarizəsində bu məsafəyə yarışlarda Li San Xva (Cənubi Koreya), Cenni Volf (Almaniya), Van Beysin (Çin) fərqləniblər.
1000 metr məsafəyə yarışlarda kişilər arasında mükafatalaiyq yerləri Şani Devis (ABŞ), Mo Tcxe Van (Cənubi Koreya), Çed Xedrik (ABŞ), qadınlar arasında isə Kristina Nesbitt (Kanada), Anneffe Qerritsin (Niderland) və Laurire Van Rissen (Niderland) tutublar.
Sven Kramer (Niderland), Li Sin Xu (Cənubi Koreya) və İvan Skobrev (Rusiya) kişilər arasında 5000 metr məsafəyə konki yarışlarında birinci olublar. Qadınların yarışında isə mükafatalayiq yerlərə Martina Sablikova (Çexiya), Ştefani Vekkert (Almaniya) və Kristina Qrobs (Kanada) layiq görülüblər.
Qeyd edək ki, konki yarışları fevralın 27-də başa çatacaq.
Qış Olimpiya oyunlarının konki yarışlarında rekord sayda qızıl medal qazanmış idmançılar:
6 qızıl - Lidiya Skoblikova (SSRİ, 1960, 1964)
5 qızıl - Klas Tunsberq (Finlandiya, 1924, 1928)
Vonni Bleyer (ABŞ, 1988, 1992)
Erik Hayden (ABŞ, 1980)
Klaudia Pexşteyn (Almaniya, 1994, 1998, 2002, 2006)
4 qızıl - Evgeni Qrişin (SSRİ, 1956, 1960)
2 qızıl - Tatyana Averina (SSRİ, 1976)


 

Kimmerlərin konkisi Olimpiadalarda