Oktyabrın 16-da Polşanın Vrotslav şəhərində start götürən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir. Milli komandamız baş məşqçi Zlatan Vanevin rəhbərliyi altında iki kişi və bir qadın atletlə təmsil olunur. Artıq hər üç idmançımız çıxışlarını başa vurub. London-2012 Yay Olimpiya Oyunlarının mükafatçısı Valentin Xristov (62 kq), Kazan Universiadasının qalibi Firudin Quliyev (69 kq) və Kristina Yovu (53 kq) mükafat qazanıblar.
Qadınların yarışında Kristina Yovu 53 kq çəki dərəcəsində çıxış edərək gümüş medala yiyələnib.
Təmsilçimiz birdənqaldırma hərəkətində əvvəlcə 93 kq, daha sonra 96 kq, üçüncü sifarişdə isə 100 kq-lıq ştanqın öhdəsindən gəlib. Atletimiz çinli Li Ya Yun eyni çəkini qaldırsa da, şəxsi çəkiyə görə Kristina Yovu qızıl medal qazana bilməyib. Təkanla qaldırma hərəkətində isə Yovu atletimiz əvvəlcə 113 kq ağırlığın öhdəsindən gəlib. İkinci sifarişdə idmançımız 120 kq-ı öhdəsindən gələ bilməyib. Üçüncü cəhddə 121 kq ağırlığa boyun əyməyən Kristina Yovu təkanla qaldırma da eyni nəticəni göstərib. İki hərəkətin cəmində 221 kq (100 kq + 121 kq) nəticə göstərən Kristina Yovu Vrotslavda ikinci yerə layiq görülüb.
Kristina Yovudan sonra kişilərin yarışında Olimpiya mükafatçısı Valentin Xristov öz bacarığın nümayiş etdirib.
Dünya çempionu titulu üçün Vrotslava yollanan Valentin 62 kq çəki dərəsində çıxış edib.
O, birdənqaldırma hərəkətində hər üç yanaşmasını uğurla başa vurub. 19 yaşlı atletimiz əvvəlcə 136, daha sonra 139, sonda isə 141 kq ağırlığın öhdəsindən gəlib. Bu nəticə ilə ağırlıqqaldıranımız bürünc medala layiq görülüb.
Təkanla qaldırma hərəkətinə Valentin Xristov 170 kq-la başlayaraq, həm çəki qarışısında aciz qalmayıb. Növbəti sifarişdə qaldırdığı çəkiyə 6 kq əlavə edən Olimpiya mükafatçısı bu çəkini sonrakı iki cəhddə ram edə bilməyib. başladı və ilk cəhdini uğurla yerinə yetirdi. Təəssüf ki, atletimiz sonra sifariş verdiyi 176 kq-ı növbəti iki cəhddə ram edə bilmədi. Təkanla qaldırma da Valentin bürünc medala yiyələndi.
İki hərəkətin cəminə görə 311 kq (141 kq + 170 kq) nəticə göstərən Valentin Xristov, iki "kiçik” bürünc medalla yanaşı, çempionatı 4-cü pillədə başa vurub.
Milli komandamızın prespektivli idmançılarından biri Firudin Quliyev böyüklər arasında dünya çempionatında debüt edib. Gənc atletimiz 69 kq çəki dərəcəsində mübarizə aparıb.
Firudin birdənqaldırma hərəkətində əvvəlcə 140 kq-ı ram edib. Sonra o 143 kq-ı sifariş verib. Bu çəki idmançımızın rekordu sayılırdı. Lakin idmançımız öz rekordunu üçüncü cəhddə qaldırıb və 8-ci yeri tutub.
İdmançımızın təkanla qaldırma hərəkətindəki çıxışı böyük diqqət çəkib. Belə ki, o, 185 kq sifariş verərək, həmin çəkinin öhdəsindən gəlib. Ağırlıqqaldıranımız 194 kq sifarış verməklə, çinli Liao Huyanın gənclər arasında vurduğu dünya rekordunu (190 kq) yeniləməyə nail olub. İlk yanaşmada uğursuz çıxış edən təmsilçimiz son cəhddə istəyinə çatıb. Bu nəticə 194 kq-la Firudin Quliyevə təkanla qaldırma hərəkətində gümüş medal qazandırıb.
İki hərəkətin cəmində 337 kq (143 kq + 194 kq) nəticə göstərən Firudin Quliyev dünya çempionatını bürünc medalla başa vurub.
Anar Əhmədov