Ağırlıqqaldıranlar ölkə birinciliyində yarışıblar

Ağırlıqqaldıranlar ölkə birinciliyində yarışıblar

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırlıqaldırma üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışın açılış mərasimində çıxış edən federasiyanın baş katibi Rizvan Rəsulov birinciliyin təşkilində əsas məqsədin ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişaf etdirilməsindən ibarət olduğunu vurğulayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ardınca federasiyanın vitse-prezidenti Firdovsi Umudov iki hakim - Səbinə Rzayeva və İlham Hüseynova müvafiq Beynəlxalq Dərəcəli Hakim kitabçaları təqdim edib.

İki gün davam edən birincilikdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edib.

Yarışın ilk günündə "körpücük" üzərinə əvvəlcə qadınlar çıxıblar. 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq, 87 kq və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.

Kişilərdə isə əvvəlcə 55 kq çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Ümumilikdə 215 kq (95 kq+150 kq) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq-la (71 kq+91 kq) Xəyyam Allahverdiyev gümüş, 160 kq-la (70 kq+90 kq) Dəniz Bağırov isə bürünc medal qazanıb.

Çəkisi 61 kq-a qədər olan atletlərin yarışında Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 240 kq (110+130) nəticə ilə rəqiblərini üstələyib. 202 kq (91+111) nəticə ilə Orxan İmanov gümüş, 200 kq-la (94+106) Ramiz Kərimov bürünc medala sahib çıxıb.

Son yarış günündə çəkisi 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq və 109 kq olan atletlər qaliblərin adına aydınlıq gətiriblər. 67 kq çəki dərəcəsində ümumilikdə 258 kq (118+140) nəticə ilə Fuad Həsənov, 73 kq çəki dərəcəsində 255 kq (120+135) nəticə ilə Murad Əliyev, 81 kq çəki dərəcəsində 248 kq (115+133) nəticə ilə Hüseyn Heydərov, 89 kq çəki dərəcəsində 260 kq (120+140) nəticə ilə Orxan Söhrabzadə, 96 kq çəki dərəcəsində 237 kq (107+130) nəticə ilə Canəli Əsədov, 109 kq çəki dərəcəsində isə 342 kq (162+180) nəticə ilə Əli Şükürlü qalib adını qazanıb.