İyulun 6-da Bakıda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə Federasiya kuboku yarışı keçirilib. Zığ şosesindəki "Zeytun bağları” adlanan ərazidə təşkil olunan yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin idmançıları mübarizə aparıblar. Bundan başqa, həmin məkanda "SharkHead/velopeople” Həvəskar Velosipedçilər Klubunun "X-Ride” Cross-Country üzrə Bakı açıq kubokunun 3-cü mərhələsi də təşkil olunub.
Bir gün davam edən və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydalarına əsasən keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar hər biri 2.4 km-dən ibarət 5 dövrədə (cəmi 12 km) yarışıblar. Nəticələrə gəlincə, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku”nun üzvü Aqşin İsmayılov marşrutu 29 dəqiqə, 53 saniyəyə başa vuraraq Federasiya kubokunun qalibi olub. 2-ci və 3-cü yerləri isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçiləri tutublar. Orxan Məmmədov çempiona 13 saniyə, Murad Sultanov isə 1 dəqiqə, 6 saniyə uduzaraq müvafiq olaraq gümüş və bürünc medala yiyələniblər.