OLİMPİYA DÜNYASİ
Azərbaycanlı məşqçi təhlükəsiz idman sahəsində beynəlxalq sertifikata layiq görülüb
Mayın 2-də İsveçrənin Lozanna şəhərində Olimpiya Həmrəyliyi Fondunun, ABŞ Olimpiya və Paralimpiya Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə əməkdaşlığı ilə Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramı (ICECP) təşkil edilib.
Proqramda azərbaycanlı məşqçi Ayan Xankişiyeva təhlükəsiz idman (Safe Sport) sahəsi üzrə sertifikata layiq görülüb.
O, 2024-cü il aprelin 8-dən ABŞ-ın müxtəlif ştatlarında və İsveçrənin Lozanna şəhərində keçirilən beynəlxalq təlim sessiyalarında iştirak edib.
Ayan Xankişiyeva Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramının (ICECP) təhlükəsiz idman (Safe Sport) sahəsində sertifikat əldə edən ilk azərbaycanlı məşqçi oldu.
Son illərdə milli səviyyədə təhlükəsiz idman siyasətinin formalaşdırılması, məşqçilərin və idman təşkilatlarının maarifləndirilməsi, eləcə də uşaqların və idmançıların müdafiəsi istiqamətində bir sıra əhəmiyyətli təşəbbüslər həyata keçirilib.
Ayanın bu uğuru, Azərbaycanda təhlükəsiz idmanın təşviqi və mütəxəssis bazasının genişləndirilməsi sahəsində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Azərbaycan bu istiqamətdə sistemli şəkildə çalışan və qabaqcıl yanaşmalar tətbiq edən ölkələrdəndir.
Paylaş :