01:05 09-05-2025
88
Avropa Liqasında ingilis finalı olacaq
Futbol üzrə UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.
"Olimpnews.az" xəbər verir ki, ilk oyunda doğma meydanda "Budyo Qlimt"ə (Norveç) qalib gələn (3:1) "Tottenhem" "(İngiltərə) səfərdə də rəqindən üstün olub -0:2. Londonluların heyətində Dominik Solanke (63-cü dəqiqə) və Pedro Porro (69) fərqlənib.
Beləliklə, iki oyunun nəticəsinə görə "Budyo Qlimt"ə 5:1 hesabı ilə qalib gələn "Tottenhem" finala vəsiqə qazanıb.
Britaniyalıların həlledici qarşılaşmadakı rəqibi digər İlgiltərə klubu "Mançester Yunayted" olacaq. Ötən həftə Bilbao səfərində "Atletik"ə üç cavabsız qolla qalib gələn "qırmızı şeytanlar" Mançesterdə də böyükhesablı qələbəyə seviniblər 4:1. Matça 29-cu dəqiqədə Mikel Xaureqisarın vurduğu qolla qonaqlar üstün başlasalar da, üstünlüklərini sona qədər qoruya bilməyiblər. "Manikunyanlar"ın heyətində 72-ci və 90+1-ci dəqiqələrdə Meyson Maunt, 78-ci dəqiqədə Kazemiro, 85-ci dəqiqədə isə Rasmus Höylund fərqlənərək darmadağını rəsmiləşdirib. Bununla da "Tottenhem"lə yanaşı, "Mançester Yunayted" klubu da finala vəsiqə qazanıb.
Beləliklə də, Avroliqanın builki finalı ingilis klublarının dueli ilə yadda qalacaq. Həlledici qarşılaşma mayın 21-də Bilbao şəhərində yerləşən "San Mames" stadionunda keçiriləcək.


