FUTBOL
“Sportinq” Gyökereş transferinə əngəl törədir
Portuqaliyanın “Sportinq” klubu isveçli hücumçu Viktor Gyökereşin “Arsenal”a transferini ləngitməyə davam edir.
Olimpnews.az xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhənglərindən olan London təmsilçisi artıq bir neçə həftədir futbolçunun keçidi ilə bağlı danışıqlar aparır. Lakin “Sportinq” rəhbərliyi yekun razılaşmanı təmin etməyə tələsmir.
Məlumatlara görə, Lissabon klubunun bu mövqeyi Gyökereşin ciddi narazılığına səbəb olub. 26 yaşlı forvard artıq klub rəhbərliyinə etirazını bildirib və növbəti dəfə komandanın məşqinə çıxmaq istəmədiyini açıq şəkildə bəyan edib. Hücumçunun sərt reaksiyası danışıqlarda gərginliyin daha da artmasına səbəb olub.
Qeyd edək ki, Gyökeres 2023-cü ilin yayında “Sportinq”ə transfer olunub və keçən mövsüm Portuqaliya çempionatında yüksək məhsuldarlıq göstərərək Avropa klublarının diqqətini cəlb edib. “Arsenal” rəhbərliyi onunla şəxsi razılıq əldə etsə də, müqavilənin şərtləri və transfer məbləğinə dair razılaşma hələ də qüvvəyə minməyib.
Paylaş :