Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi

Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi 

Olimpiya dünyası

06.09.2026, 12:14

Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı “IRONMAN 70.3” triatlon yarışı keçirilib. “IRONMAN 70.3”yarışlarında dünyanın 62 ölkəsindən 1500 idmançı iştirak edib. “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini əhatə edib. Yarışın marşrutu boyunca idmançıları müşayiət edən ailə üzvləri, yaxınları, azarkeşlər və şəhər sakinləri onları alqışlarla dəstəkləyiblər. Müxtəlif ölkələrdən Bakıya gələn qonaqlar yarışın həyəcanı ilə yanaşı, Bakının gündəlik həyatı və görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Yarışın finiş xəttini ilk olaraq ABŞ-ni təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matej Yukiç göstərib - 04:01:20. Azərbaycan idmançıları arasında isə finiş xəttini ilk keçən Teymur Fərəcov (40-44 yaş) olub - 04:36:10. Yarışın qalibləri sırasında üç Azərbaycan təmsilçisi yer alıb: Leyla Abdulazizova (18-24 yaş kateqoriyası) və Natalya Vallek (50-54 yaş) qadınlar arasında, Anatoliy Afonenko (75-79 yaş) isə kişilər arasında. Mükafatçılar sırasına Tural Atakişiyev də yer alıb, o, öz yaş kateqoriyasında (18-24 yaş) finişə ikinci çatıb. Yarışda, həmçinin Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə də iştirak edib və məsafəni uğurla başa vurub. Kişilər arasında estafet yarışında Azərbaycanı təmsil edən Team Metak (AlfaTriClub), qarışıq estafetdə isə Team Turan Team ikinci yer tutub. “IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilib. Həmçinin tədbir çərçivəsində estafet yarışı da keçirilib. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunan yarışda ümumilikdə 47 komanda mübarizə aparıb. “IRONMAN 70.3” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanıblar. Qeyd edək ki, Bakı Bulvarının "Yeddi gözəl" fəvvarəsinin qarşısındakı ərazidə "IRONMAN" kəndi və əyləncə zonası fəaliyyət göstərib. Ziyarətçilər burada "IRONMAN" ab-havasını yaxından hiss edib, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edir, asudə vaxtlarını maraqlı keçiriblər.                         

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR