FUTBOL
7 qolun vurulduğu “El-Klasiko”da “Barselona” qələbə qazandı
Futbol üzrə İspaniya La Liqasının 35-ci turu “EL-Klasiko” ilə yadda qalıb.
"Olimpnews.az" xəbər verir ki, “Lluis Kompanys Olimpiya” stadionunda keçirilən əzəli rəqiblərin budəfəki mübarizəsində də qazanan tərəf “Barselona” klubu olub. Oyuna Madrid təmsilçisi yaxşı başlayıb. Mbappe 5-ci və 14-cü dəqiqələrdə fərqlənərək komandasını hesabda önə keçirsə də, kataloniyalılar matçda geridönüş etməyi bacarıblar. Hans Flikin komandası əvvəlcə Erik Qarsiyanın 19-cu dəqiqədə vurduğu qolla hesabı minimuma endirib. Daha sonra Lamin Yamal (32-ci dəqiqə) və Rafinya (34) fərqlənərək kataloniyalıları hesabda irəli çıxarıb. İlk hissənin sonlarına yaxın “Barselona” daha bir dəfə “Kral klubu”nun qapısına yol tapıb. Rafinya 45-ci dəqiqədə özünün ikinci, komandasının isə dördüncü qolunun müəllifi olub. Karlo Ançelotinin komandası ikinci hissədə vəziyyəti xeyirlərinə dəyişməyə çalışsa da, yalnız bir dəfə fərqlənməyi bacarıb. Fransalı hücumçu Kilian Mbappe 70-ci dəqiqədə het-triklə yadda qalıb. Bu, oyunda son qol olub və “Barselona” əzəli rəqibi “Real Madrid”i 4:3 hesabı ilə məğlub edərək çempionluq yolunda mühüm addım atıb. Çempionatın sonuna üç tur qalmış liderliyini davam etdirən Kataloniya təmsilçisi Madrid “Real”ını 7 xal qabaqlayır. Hans Flikin komandasının aktivində 82, “Real Madrid” klubunun isə 75 xalı var. Mayın 15-də “Espanyol”la oyunda qələbə qazanacağı təqdirdə “Barselona” klubu La Liqa çempionluğunu təmin edəcək.
Paylaş :