FUTBOL
"Mançester Siti" gözlənilmədən klublararası dünya çempionatında mübarizəni dayandırdı
İngiltərənin "Mançester Siti" klubu klublararası dünya çempionatında mübarizəni dayandırıb.
Olimpnews.az xəbər verir ki, turnirin favoritlərindən olan "şəhərlilər" 1/8 finalda gözlənilmədən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məğlub olaraq yarışla vidalaşıb.
Xosep Quardiolanın komandası "Campinq World Stadium"da keçirilən oyundan 4:3 hesablı məğlubiyyətlə ayrılıb.
Oyunda hesab 9-cu dəqiqədə "Mançester Siti"nin futbolçusu Bernardo Silvanın qolu sayəsində açılıb. Lakin ikinci hissənin əvvəllərində - 46-cı dəqiqədə Markos Leanardo bərabərlik qolunu vurub. 6 dəqiqə sonra Malkom "Əl-Hilal"ı hesabda önə çıxarıb. Ərəblərin sevinci üç dəqiqə çəkib. Erlinq Haland 55-ci dəqiqədə hesabda tarazlığı bərpa edib. Oyunun əsas vaxtı bu hesabla başa çatdığından matçda əlavə vaxt oynanılıb. Burada "Əl-Hilal" klubu 94-cü dəqiqədə yenidən komandasını hesabda önə çıxarıb. Kulibali fərqlənib. Lakin 104-cü dəqiqədə Fil Foden növbəti dəfə hesabda tarazlığı bərpa edib. Gərgin və dramatik məcrada keçən oyunda son qolun müəllifi Markos Leanardo olub. Beləliklə, "Əl-Hilal" klubu 4:3 hesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb. Səudiyyə Ərəbistanının bu mərhələdəki rəqibi Braziliyanın "Fluminense" klubu olacaq.
Paylaş :