13:27 03-04-2026
58
AFFA-nın XXXIV Hesabat Konfransı keçirilib
Bu gün AFFA-nın XXXIV Hesabat Konfransı keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, baş katibi Azər Əliyev, AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, FİFA və UEFA-nın, həmçinin yerli futbol ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son bir ildə Azərbaycan futbolunda əldə olunan nəticələrin uğurlu olduğunu bildirib.
"Futbol nəticələrlə ölçülən sahədir və bu baxımdan ötən il uğurlu olub. "Qarabağ"ın və milli komandanın uğurları sevindiricidir. "Qarabağ" Azərbaycanı Avropa arenasında layiqincə təmsil etdi. Milli komandamızın da qazandığı uğuru yüksək dəyərləndirmək olar. Ölkədə futbola maraq artıb. Bu münasibətlə futbol ictimaiyyətini təbrik edirəm”, - deyə Çingiz Hüseynzadə bildirib.
Sonra ötən il ərzində AFFA tərəfindən ötən il görülən işlərlə bağlı videoçarx nümayiş tdirilib. Həmçinin kişi və qadınlardan ibarət millilərin nəticələri, "Qarabağ"ın UEFA Çempionlar Liqasında çıxışı və bir sıra məqamlarla bağlı məlumatlar verilib. Digər klubların avrokuboklardakı çıxışları haqqında məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
AFFA-nın prezidenti Rövşən Nəcəf çıxışında ölkə rəhbərliyinin hər zaman futbola və idmana böyük dəstək verdiyini qeyd edib. O, futbol üzrə Azərbaycan millisinin uğurlu nəticələr qazandığını bildirib: "Ayxan Abbasovun gəlişindən sonra komandada intizam və oyun planında inkişaf hiss olunur. Bu dönəmdə yığmanın başına keçməyə razılıq verən Ayxan Abbasova təşəkkür edirik. Milli "FIFA Series" turnirin qalibi oldu. Bu fikirləri qadınlardan ibarət yığmaya da aid etmək olar".
Qurum rəsmisi "Qarabağ"ın Azərbaycan futbolunun beynəlxalq nüfuzuna töhfə verdiyini söyləyib.
R. Nəcəf Azərbaycan və Özbəkistanın 2027-ci ildə 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatında ev sahibliyi edəcəyini xatırladıb.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında
Ayxan Abbasovun gəlişindən sonra Azərbaycan millisinin uğurlu oyun nümayiş etdirdiyini bildirib: "Bir neçə gün öncə milli komanda Sumqayıtda təşkil olunan "FIFA Series-2026" turnirinin qalibi oldu. Bu uğuru nə şişirtmək, nə də kiçiltmək lazımdır".
C.Fərəcullayev Misli Premyer Liqasında komanda sayının 12-yə yüksəldiyini xatırladıb.
Onun sözlərinə görə, legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox şans verən klublar arasında bölüşdürüləcək.
FIFA-nın regional meneceri Marion Qavat Azərbaycanın "FIFA Series-2026" turnirinə uğurlu ev sahibliyi etdiyini bildirib: "Biz Azərbaycana böyük etimad göstəririk. Yığma komanda turnirdə uğurlu oyunlar nümayiş etdirdi. Düşünürəm ki, ölkəniz 2027-ci ildə ev sahibliyi edəcəyi U-20 dünya çempionatında da yaxşı mübarizə aparacaq".
M.Qonaq "Qarabağ"ı Avropada qazandığı uğurlara görə təbrik edib.
Tədbirdə AFFA-nın maliyyə hesabatları da təqdim edilib. Belə ki, AFFA-ya 2025-ci ildə 61 milyon 437 min 894 manat vəsait daxil olub.
Bu məbləğdən 26 milyonu SOCAR-dan (AFFA Maliyyə dəstəyi), 11 milyon 128 min 500 manatı "AzərMaş"dan, 6 milyon 435 min 438 manat UEFA-dan, 5 milyon 300 min manat SOCAR-dan (Qrant Müqavilə) vəsait daxil olub.
Bundan əlavə, 4 milyon 907 min 311 manat A MYK Yayım Hüququ gəlirindən (UEFA), 2 milyon 874 min 917 manat FIFA-dan, 1 milyon 918 min manat "Paşa Sığorta"dan, 930 min manat "Paşa Həyat"dan, 500 min manat "Ensol MMC"dən, 132 min 750 manat "Carlsberg"dən, 59 min manat "Azərlotereya"dan, 1 milyon 251 min 978 manat digərlərindən qurumun hesabına köçürülüb.
Qurumun ötən il üçün xərcləri 49 milyon 110 min 811 manat olub.
Milli komandalara xərclənən vəsait 27 milyon 881 min 267 manat təşkil edib.
Əməkhaqqı və ezamiyyə xərcləri 8 milyon 128 min 465 manat, hakimlər və hakim-inspektorlara 4 milyon 40 min 35 manat, oyunların təşkilinə 2 milyon 441 min manat xərclənib.
Qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, AFFA Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 2 milyon 371 min 143 manat olub.
Bundan əlavə, VAR layihəsinin tətbiq olunması üçün 978 min 200 manat, mühafizə üçün 556 min 437 manat, nəqliyyat üçün 472 min 940 manat, Kütləvi futbolun inkişafı üçün 370 min 71 manat, aviabilet və hotellər üçün 341 min 40 manat, digər xərclər üçün 312 min 367 manat, Lisenziyalaşdırma və Maliyyə üçün 267 min 630 manat, təsərrüfat xərcləri üçün 214 min 94 manat, Marketinq və Sponsorluq Departamenti üçün 208 min 220 manat, "Elit Məşq" Layihəsi üçün 185 min 996 manat, təhsil üçün 179 min 806 manat, kommunal və rabitə xərcləri üçün 162 min 100 manat xərclənib.
Qeyd edək ki, klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.
AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına 2025-ci ildə ayrılan vəsaitlər də açıqlanıb. Ən çox vəsait Azərbaycan Futzal Federasiyasına verilib. Quruma 1 milyon 631 min 458 manat ayrılıb.
Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Ferasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.
AFFA-nın balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına 2025-ci ildə ayrılan vəsaitlər də müəyyənləşib. "Dalğa Arena" üçün 1 milyon 738 min 10 manat, Ağsu stadionuna 833 min 788 manat, Binə stadionuna 791 min 181 manat, "ASCO Arena"ya 328 min 477 manat, Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat, Şamaxı stadionuna 213 min 379 manat, Təhsil və reabilitasiya mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.





jpg-1774946291.jpg)
jpeg-1774942965.jpeg)

jpg-1773914059.jpg)