Yeniyetmə boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar

Yeniyetmə boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Yığma komandamız mayın 20-24-də Özbəkistanın Fərqanə şəhərində keçiriləcək yarışda gücünü yoxlayacaq. Komandamız turnirə bu gün baş məşqçi Vaqif Kazımov və Ağası Məmmədovun rəhbərliyi altında yollanacaq. Yarışda ölkəmizin idman şərəfini Bilal Nəzərov (44 kq), Faiq Mollayev (46 kq), Vaqif Hacıyev (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Murad Seyidli (60 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyev (70 kq) qoruyacaqlar.

Turnirdə Fikrət Hacıyev isə referilər arasında yer alacaq. Millimiz Vətənə mayın 26-da qayıdacaq.

Qeyd edək ki, yarış sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində təşkil olunacaq Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır. Mayın 12-dən Bakıda başlayan təlim-məşq toplanışı turnirdən sonra da davam edəcək və boksçularımızın bir neçə yarışda iştirakı planlaşdırılır.