Fərid Qayıbov MINEPS VII çərçivəsində bir sıra görüşlər keçirib

Fərid Qayıbov MINEPS VII çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində Türkiyənin gənclər və idman naziri Osman Aşkın ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi, yeni təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə edilib.

Fərid Qayıbov Ekvadorun idman naziri Sebastian Palasios, nazirliyin Əməkdaşlıq və beynəlxalq əlaqələr departamentinin direktoru Karlos Alarkon Armendaris ilə də görüşüb. Görüşdə MINEPS VII tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkilinə, eləcə də konfrans çərçivəsində digər ölkələrin nümayəndələri ilə görüşlər keçirmək və müzakirələr aparmaq imkanına görə minnətdarlıq ifadə olunub.

Peru İdman İnstitutunun prezidenti Quido Flores Marcan ilə görüşdə iki ölkə arasında idman sahəsində əlaqələrin perspektivləri müzakirə edilib.

Fərid Qayıbov, həmçinin Avropa Parlamentinin üzvü, Yunanıstanın sabiq turizm naziri Elena Kundura ilə görüş keçirib. Görüşdə idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.