“Bütün idmançılarımıza “Paris-2024” Yay Olimpiya Oyunlarında uğurlar arzulayıram”.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (ATF) vitse-prezidenti Zemfira Meftaxetdinova deyib.
Olimpiya çempionu Paris Olimpiadasına daha çox atıcının lisenziya qazanacağına ümid etdiyini bildirib: “Bilirsiniz ki, Ruslan Lunyov hələlik atıcılıq üzrə lisenziya qazanan yeganə idmançıdır. Bu, həqiqətən böyük uğurdur. Çünki idmançılar lisenziya üçün xeyli əziyyət çəkirlər”.
Z.Meftaxetdinova indidən Paris Olimpiadasında neçə idmançının medal qazanacağı ilə bağlı proqnoz verməyin tez olduğunu söyləyib: “Hər kəs bu yarışda medal qazanmaq istəyir. Yarışa nə qədər çox idmançı ilə qatılsaq, uğur qazanmaq şansımız bir o qədər çox olar. Amma inanıram ki, nəticələrimiz uğurlu olacaq”.
Xatırladaq ki, “Paris 2024” Yay Olimpiya Oyunları bu il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.