Göygöldə keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokunun ilk yarış gününəyekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, cüdoçularımız turnirinin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.
Qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində, oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində medalçılar müəyyənləşib. Təmsilçilərimizdən Məhəmmədəli Hüsiyev (50 kq) və Nihad Məmişov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Digər cüdoçularımızdan Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Ramil Mahmudov (66 kq) və Səlim Sultanov (66 kq) isə bürünc medala yiyələnib. Qızların yarışında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq) və Səmayə Yusifli (52 kq) bürünc medala sahib çıxıb.