"Ürəyim ağrıyır baxanda"... Paralimpiada başlayır

"Ürəyim ağrıyır baxanda"... Paralimpiada başlayır

Olimpiya Oyunları dördilliyin zirvə yarışları hesab olunur. Olimpnews.az saytının məlumatına görə, yarışlar zamanı bütün dünyanın diqqəti olimpiadanın keçirildiyi şəhərdə olur. Dünya KİV-lərinin manşetini olimpiya xəbərləri bəzəyir. Paralimpiya zamanı isə vəziyyət bir qədər dəyişir. Paralimpiya oyunlarının Olimpiya Oyunları ilə müqayisədə ikinci planda qalması hər il özünü daha çox göstərir.

Olimpiya oyunlarının tarixi və digər göstəricilərlə bağlı məlumatsız insan tapmaq çətin olar. Paralimpiada haqqında isə bunu demək olmaz...

İlk Paralimpiya Oyunları
Paralimpiya Hərəkatının tarixi britaniyalı neyrocərrah Lüdviq Qoutmanın adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlar keçirilib. 1960-cı ildə Romada keçirilən 1-ci Paralimpiya Oyunları23 ölkənin 400 idmançısının iştirakı ilə əlamətdar oldu.

1988-ci il Seul Yay Oyunlarından və 1992-ci il Albervil Qış Oyunlarından başlayaraq Paralimpiya Oyunları, Olimpiya Oyunları ilə eyni yerdə və eyni ildə keçirilməyə başladı.

2000-ci il XII Sidney 11-ci Yay Paralimpiya Oyunlarında 127 ölkədən 4000 idmançı altı əlillik qrupunda, 18 idman növündə təmsil olunmuşdu. Bu Beynəlxalq Paralimpiya Hərəkatı tarixində rekord göstərici idi.

Bu gün isə Rio-de-Janeyroda Paralimpiya Oyunları start götürəcək. XV Paralimpiya Oyunlarında Azərbaycan 27 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Yığmamızın bayrqadarı ikiqat paralimpiya çempionu, Bakı-2015 I Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev olacaq. Lisenziyaların ümumi sayı isə 41-dir.

İctimai Televiziya ilə əlaqə saxlayaraq Paralimpiya oyunlarının yayımlanıb yayımlanmayacağını dəqiqləşdirdik. İtv-nin mətbuat xidmətindən bildirildi ki, Paralimpiya oyunları canlı yayımlanmayacaq.

Paralimpiya oyunlarının izlənməmə səbəbi nədir?
Sosial şəbəkələrdə "Paralimpiya oyunlarını izlənməmə səbəbiniz nədir?” – adlı sorğu keçirdik. 44 min aktiv izləyicisi olan səhifədə bu statusa maraq göstərən cəmi 3 nəfər oldu: "İnsanlar sağlam olduqları müddətdə, səhhətində qüsurlar olanlar haqqında daha az fikirləşirlər. Və düşünürəm ki, paralimpiya oyunlarını izləyənlərin əksəriyyəti əlillərdir, çünki paradoks olsa da, sağlam insanlar təəssüf ki, sağlam dərk edə bilmir bəzən - hər kəsin adından danışmıram təbii ki..."

"Çünki ordakı idmançıların, demək olar ki, heç birini tanımıram. Tv-də göstərmirlər”…

"Ürəyim ağrıyır baxanda. Hələ üzgüçülük yarışları lap dəhşətli olur. Qolsuz və təkqollu idmançıların yarışmasına oturub rahat baxmaq mümkün deyil”...

Səhhətində qüsur olan insanlara cəmiyyətdə münasibət birmənalı deyil. Psixoloq Murad İsayev bu faktorun idmandan da yan keçmədiyini deyir: "İctimai sosial fəaliyyətdə, idmanda və bu kimi sahələrdə aktivlik, möhkəmlik və özünütəsdiq daha çox rol oynadığından insanlarda bu sahə ilə sağlam insanların məşğul olması fikri formalaşıb. Yarışları izləmək istəyənlərdə sona qədər baxa bilmədikləri müşahidə olunur. Yarışın gedişində iştirakçıların keçirdiyi emosional vəziyyətlər onların özlərinə mənfi təsir göstərməklə yanaşı, ətrafdakılara da sirayət edir. Bu səbəbdən də bu yarışların çox izlənmədiyini, izləndiyində belə sona qədər olmadığını görürük. İdman elə bir sahədir ki, izləyən daha çox motivasiya və həzz alır. Sağlam bir insanın əngəlli bir idmançının yarışını izləyib zövq alması mümkün deyil. Problem izləyicilərin, gözlədiklərini ala bilməməsidir. Hər hansı bir yarışın izləyicisi adrenalin, zövq və həyəcan gözlədiyin halda idmançının əlinin, qolunun, ayağının olmadığını görür. Bu halda həm insani duyğular ortaya çıxır, həm də bu yarışdan sağlam insanların yarışından aldıqları həzzi ala bilmirlər.Çünki beyinə avtomatik olaraq, bir yazıqlıq, halına acımaq, zəiflik siqnalları gedir”.

Psixoloq bu yarışları daha çox fiziki qüsurlu insanların izləməsini belə açıqlayır: "Psixologiyada belə bir anlayış var, fiziki qüsurlu və ya hər hansı bir problemi olan insanlar qrup şəklində toplanır və onlarla, hər hansı bir mövzu müzakirəsi edilir və yaxud sitimulverici hadisə haqqında danışılır. Fiziki qüsurlu insanlar özü ilə eyni problemi olan, ancaq daha uğurlu olan birini gördükdə ondan motivasiya, adrenalin ala bilirlər. Çünki adətən, bu insanlarda motivasiyasız olurlar, "artıq mən heç nəyə yaramıram” düşüncəsi hakim olur. Nəticə qazanan birini müşahidə edəndə isə, artıq onda özgüvən və motivasiya baş qaldırır. İnstinkt məsələsi də burada öz sözünü deyir, sağlam insanın fiziki qüsurlu idmançının yarışından zövq alması çətindir. Ancaq elə insanlara dəstək olmaq, yarışlarını izləməyə getmək, onlara inandığını göstərmək onları daha inamlı və xoşbəxt edər”.

Xatırladaq ki, sentyabrın 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Sentyabrın 7-də Rio-de-Janeyronun "Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. 11 gün davam edəcək yarışlarda 160 ölkədən 4022 atlet medallar uğrunda mübarizə aparacaq.

Zeynəb Əlizadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir