FUTBOL
Marselo: “Tarixin ən yaxşı futbolçusu Kriştianu Ronaldodur”
“Real Madrid”in keçmiş müdafiəçisi dünya ulduzları barədə fikirlərini bölüşüb.
Olimpnews.az xəbər verir ki, “Real Madrid” klubunun keçmiş kapitanı və uzun illər komandaya sadiq qalmış braziliyalı futbolçu Marselo dünya futbolunun iki əfsanəsi - Kriştianu Ronaldo və Lionel Messi barədə verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Təcrübəli müdafiəçi hər iki ulduzun eyni dövrdə futbol oynadığı illərin dəyərini vurğulayıb və Kriştianu Ronaldo ilə bir komandada çıxış etməyin onun üçün böyük şans olduğunu bildirib:
“Kriştianu Ronaldo və Lionel Messi dövründə yaşamaq bizim üçün bir şans idi. Kriştianonu çox sevirəm. Onunla bir yerdə uzun zaman oynamışam. Messiyə qarşı isə çox əziyyət çəkmişəm və onun oyununu izləməyi çox istərdim”.
Marselo açıqlamasında həmçinin tarixin ən yaxşı futbolçusu hesab etdiyi şəxsin adını da çəkib: “Tarixin ən yaxşı futbolçusu Kriştianudur. Çünki onunla oynamışam və necə çalışdığını öz gözlərimlə görmüşəm”.
Qeyd edək ki, Marselo 2007-2022-ci illər ərzində “Real Madrid”in heyətində çıxış edib və bu müddət ərzində Kriştianu Ronaldo ilə bir çox yerli və beynəlxalq titullar qazanıb. Onların tandem oyunu xüsusilə UEFA Çempionlar Liqası tarixində iz buraxan məqamlardan biri kimi yadda qalıb.
Paylaş :