Fərid Qayıbov: "Əsas məqsədimiz Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır"

Fərid Qayıbov: "Əsas məqsədimiz Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır"

"Olimpiya Oyunlarına daha üç-dörd lisenziyamız da ola bilərdi". 

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Prezident Kuboku-2024" beynəlxalq reqatasının üçüncü yarış günündə jurnalistlərə müsahibəsində deyib. 

Bir çox idman növlərində lisenziya yarışlarının davam etdiyini deyən nazir bu proseslərin bir ay ərzində yekunlaşacağını bildirib. 

"Fürsətdən istifadə edib idmançılarımıza uğurlar arzulayıram. İdmanımızda da müəyyən proseslər gedirdi. Bu, yeni nəslin yetişməsi ilə bağlıdır. Amma ürəkaçan hal odur ki, yerli idmançılarımızın sayı artır. Əsas məqsədimiz Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır. İnanıram ki, həmin olimpiadada qazanılan lisenziyaların sayı daha çox olacaq", - deyə Fərid Qayıbov bildirib. 

Nazir həmçinin milli komandalarda yerli məşqçilərə şans verilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. 

"Biz hər birimiz öyrənməliyik. Məşqçilər də həmçinin. Elə idman növləri var ki, bizim orada ənənəmiz yoxdur. Bunun üçün də xaricdən məşqçilər dəvət edirik ki, yerli məşqçilərimiz təcrübə qazansınlar. Bu, normal haldır. Hər bir idman növündə bir məktəbin qurulması üçün vaxt lazımdır. Bu, birdən-birə olan proseslər deyil. Həm paytaxtda, həm də digər rayonlarımızda bölmələr açılmalı, mütəxəssislər yetişməli, hakimlər olmalıdır. Biz bu proseslərdən keçməliyik. Bəzən hansısa idman növündən daha tez nəticə gözləyirik. Amma bu, bir qanundur ki, bir idmançını yetişdirmək üçün üçün vaxt lazımdır", - deyə Fərid Qayıbov bildirib