Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan millimizin üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. S.Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla qarşılaşacaq. Döyüş iyunun 30-da olacaq.
Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.