Üçrəngli bayrağımız – Milli qürurumuz, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi
Olimpiya dünyası
Bugün, 14:15
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalqın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və azadlıq arzularını özündə yaşadan müqəddəs rəmzləri vardır. Bu rəmzlər arasında Dövlət Bayrağı xüsusi yer tutur. Bayraq sadəcə bir dövlətin ərazisini, sərhədlərini və suverenliyini ifadə edən atribut deyil. O, xalqın keçdiyi tarixi yolun, milli birliyinin, mübarizəsinin, qürurunun və gələcəyə olan inamının təcəssümüdür. Azərbaycan xalqı üçün də üçrəngli bayrağımız müstəqilliyimizin, milli varlığımızın və dövlətçilik əzminin ən müqəddəs ifadələrindən biridir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu hadisə xalqımızın dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri olmuşdur. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və müstəqillik iradəsinin təntənəsi idi. Cümhuriyyətin qəbul etdiyi üçrəngli bayraq isə yeni yaranmış dövlətin milli ideallarını, siyasi baxışlarını və mənəvi dəyərlərini özündə birləşdirirdi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın dövlətçilik tarixində silinməz iz qoydu. 1920-ci ilin aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi endirildi. Lakin onun ifadə etdiyi azadlıq ideyası, milli kimlik və müstəqillik arzusu xalqımızın yaddaşından heç vaxt silinmədi. Bayraq uzun illər xalqımızın qəlbində müstəqil dövlətə qovuşmaq arzusunun rəmzi olaraq yaşadı.
1980-ci illərin sonlarında Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi ilə üçrəngli bayrağımıza olan sevgi və ehtiram yenidən geniş vüsət aldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. Bu qərar milli dövlətçilik ənənələrinin bərpası istiqamətində tarixi addım idi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq etdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə bayrağımız yenidən müstəqil Azərbaycanın səmasında dalğalanmağa başladı.
Üçrəngli bayrağımızın hər bir rəngi dərin fəlsəfi və ideoloji məna daşıyır. Bayrağın yuxarı hissəsində yerləşən mavi rəng Azərbaycan xalqının türk mənşəyini, türkçülük ideyasını və milli kimliyini ifadə edir. Bu rəng xalqımızın ortaq tarixi köklərinə, dilinə, mədəniyyətinə və türk dünyası ilə mənəvi bağlılığına işarədir.
Ortada yerləşən qırmızı rəng müasirliyi, tərəqqini, inkişafı, demokratiyanı və müasir cəmiyyət qurmaq arzusunu təcəssüm etdirir. Bu rəng Azərbaycan xalqının dünyaya açıq olmasını, elmi, təhsili, mədəniyyəti və yenilikləri mənimsəmək istəyini ifadə edir. Qırmızı rəng eyni zamanda müstəqillik və azadlıq uğrunda aparılmış mübarizələrin, xalqımızın fədakarlığının da rəmzi kimi qəbul edilir.
Bayrağın aşağı hissəsindəki yaşıl rəng isə İslam sivilizasiyasına və mənəvi dəyərlərimizə bağlılığımızı simvolizə edir. Bu rəng xalqımızın əsrlər boyu formalaşmış dini-mədəni irsini, mənəvi zənginliyini və tolerantlıq ənənələrini özündə əks etdirir.
Beləliklə, mavi, qırmızı və yaşıl rənglərin vəhdəti Azərbaycan xalqının milli kimliyini, müasir inkişaf amalını və mənəvi köklərini bir bütöv şəkildə ifadə edir. Bu üç rəng xalqımızın dünənini, bu gününü və gələcəyə baxışını özündə birləşdirən milli ideya kimi xüsusi əhəmiyyət daşıyır.
Bayrağımızın mərkəzində yerləşən ağ aypara və səkkizguşəli ulduz da xüsusi məna kəsb edir. Aypara tarixən İslam mədəniyyətinin geniş yayılmış rəmzlərindən biri kimi tanınır. Səkkizguşəli ulduzla bağlı müxtəlif izahlar mövcuddur. Ən geniş yayılmış izahlardan birinə görə, ulduzun səkkiz guşəsi Azərbaycan sözünün ərəb qrafikası ilə yazılışında istifadə olunan hərflərin sayını ifadə edir. Bu rəmzlər bayrağımızın estetik gözəlliyini tamamladığı kimi, onun tarixi və mənəvi məzmununu da zənginləşdirir.
Bu gün Azərbaycan Dövlət Bayrağı ölkəmizin bütün guşələrində, dövlət müəssisələrində, təhsil ocaqlarında, hərbi hissələrdə və beynəlxalq tədbirlərdə qürurla dalğalanır. Bayrağımızın Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq qurumların qərargahları qarşısında, dünyanın müxtəlif ölkələrində yüksəlməsi Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınmasının ifadəsidir.
Üçrəngli bayrağımızın müasir tariximizdə xüsusi yer tutan hadisələrindən biri də onun işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanmasıdır. Uzun illər həsrətində olduğumuz doğma yurdlarımızda Azərbaycan bayrağının ucaldılması xalqımızın milli qürurunu və dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda və digər azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayraq xalqımızın əzminin, birliyinin və suverenliyinin rəmzidir.
Dövlət Bayrağı Günü 2009-cu il noyabrın 17-də imzalanmış müvafiq Sərəncama əsasən təsis edilmiş və hər il noyabrın 9-da qeyd olunur. Bu əlamətdar gün hər bir azərbaycanlı üçün milli qürur və vətənpərvərlik bayramıdır. Həmin gün ölkəmizin hər yerində Dövlət Bayrağına ehtiram göstərilir, müxtəlif tədbirlər keçirilir, gənc nəslə milli rəmzlərimizin tarixi və əhəmiyyəti haqqında məlumat verilir.
Bayrağa hörmət, əslində, Vətənə, dövlətə, xalqa və onun tarixinə hörmət deməkdir. Onu qorumaq, uca tutmaq və gələcək nəsillərə sevgi ilə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixini, rənglərinin mənasını və dövlətçilik tariximizdəki yerini dərindən bilməsi mühüm əhəmiyyət daşıyır. Çünki milli rəmzlərinə sahib çıxan xalq öz tarixinə, kimliyinə və gələcəyinə də sahib çıxır.
Bu gün üçrəngli bayrağımız müstəqil Azərbaycanın səmasında əzəmətlə dalğalanır. O, 1918-ci ildə müstəqillik uğrunda mübarizə aparan Cümhuriyyət qurucularının arzularını, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımızın iradəsini və müasir Azərbaycanın inkişaf yolunu özündə yaşadır. Bayrağımızın hər dalğalanışında tariximizin şanlı səhifələri, qəhrəmanlarımızın fədakarlığı və gələcəyə yönəlmiş ümidlərimiz əks olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərimizə, xüsusilə də üçrəngli Dövlət Bayrağımıza göstərdiyi diqqət və ehtiram dövlətçilik siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının təşəbbüsü və imzaladığı müvafiq sərəncamlar bayrağımızın dövlət və cəmiyyət həyatındakı xüsusi yerini daha da möhkəmləndirmişdir. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamın imzalanması, 2009-cu il noyabrın 17-də isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis edilməsi bu diqqətin konkret təzahürləridir.
Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxışı zamanı bayrağımızın xalqımız üçün mənəvi əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Bu fikirlər Dövlət Bayrağının yalnız dövlət atributu deyil, həm də xalqımızın milli ruhunun, birliyinin və müstəqillik iradəsinin ifadəsi olduğunu göstərir.
Cənab Prezidentin bayrağımıza münasibətini əks etdirən ən mühüm tarixi hadisələrdən biri 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı şəxsən ucaltması olmuşdur. Həmin gün dövlət başçısı çıxışında 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında səsləndirdiyi fikirlərin gerçəkləşdiyini vurğulamışdır. 2023-cü il oktyabrın 15-də isə Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması dövlətçilik tariximizin əlamətdar hadisələrindən birinə çevrilmişdir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin, dövlət müstəqilliyinin və milli birliyinin rəmzidir. Prezident İlham Əliyevin həmin ərazilərdə bayrağımızın ucaldılması mərasimlərində iştirakı dövlət rəmzlərimizin qorunmasına və uca tutulmasına verilən əhəmiyyətin bariz nümunəsidir.
Dövlət başçısının bayraqla bağlı səsləndirdiyi fikirlər, həyata keçirilən dövlət tədbirləri və milli rəmzlərimizin təbliğinə göstərilən diqqət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayır. Çünki bayrağa hörmət dövlətə hörmətin, milli kimliyə bağlılığın və Vətən qarşısında məsuliyyət hissinin ifadəsidir.
Beləliklə, üçrəngli bayrağımızın bu gün ölkəmizin bütün ərazilərində dalğalanması onun tarixi missiyasının davam etdiyini göstərir. Bayrağımız müstəqilliyimizin, suverenliyimizin və xalqımızın gələcəyə inamının rəmzi olaraq daim uca tutulur.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, hər bir azərbaycanlıya Vətənimizin üçrəngli bayrağı altında firavanlıq, birlik və əmin-amanlıq arzulayıram!
Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın, müstəqil Azərbaycanımızın gücünü, qüdrətini və əbədi varlığını bütün dünyaya nümayiş etdirsin!
Bayrağımız daim uca, Azərbaycanımız daim var olsun!
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Üçrəngli bayrağımız – Milli qürurumuz, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi
Bugün, 14:15 Olimpiya dünyası
-
Oğlanlardan ibarət çimərlik güləşi komandamız Olimpiya Oyunlarını qalibi oldu
Bugün, 10:14 Olimpiya oyunları
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Bugün, 09:34 Gündəm
-
Dakar-2026: Boksçumuz mübarizəyə başlayır
Bugün, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”
Bugün, 04:15 Olimpiya oyunları
-
Elgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
Bugün, 04:06 Olimpiya oyunları
-
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Bugün, 00:20 Gündəm
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında yeddinci pillədə qərarlaşır
08.11.2026, 22:30 Olimpiya oyunları
-
Atletimiz Dakar-2026-da çıxışı başa vurdu
08.11.2026, 22:08 Olimpiya oyunları
-
Elgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu
08.11.2026, 21:46 Olimpiya oyunları
-
Çimərlik güləşçimiz Dakar-2026-da qızıl medal qazandı
08.11.2026, 21:21 Olimpiya oyunları
-
Çimərlik güləşçilərimiz Dakar-2026-nın finalında
08.11.2026, 20:38 Olimpiya oyunları
-
Dakar-2026: Atletimiz finala yüksəlib
08.11.2026, 19:40 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala yüksəliblər
08.11.2026, 19:26 Olimpiya oyunları
-
MOK-un kollektivi Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət edib
08.11.2026, 18:08 Gündəm
-
Şose velosipedçimiz Dakar-2026-da mübarizə aparıb
08.11.2026, 17:28 Olimpiya oyunları
-
Dakar-2026: Taekvondoçumuz mübarizəni dayandırdı
08.11.2026, 17:14 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
08.11.2026, 16:12 Olimpiya oyunları
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
08.11.2026, 12:53 Gündəm
-
Azərbaycanın zəfər salnaməsi: Böyük fərəhdən böyük qələbəyə
08.11.2026, 11:33 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026, 09:01 Gündəm
-
Nihad Süleymanlı: "Təəssüf ki, bir anlıq səhvə görə qızıl medalı əldən verdim"
07.11.2026, 23:56 Müsahibə
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə irəlilədi
07.11.2026, 23:38 Olimpiya oyunları
-
Dakar-2026: Bu gün daha 5 idmançımız mübarizəyə başlayır
07.11.2026, 23:22 Olimpiya oyunları
-
Nihad Süleymanlı Dakar-2026-da Azərbaycana ikinci medalı qazandırdı
07.11.2026, 21:36 Gündəm
-
Dakar-2026: Nihad Süleymanlı finala vəsiqə qazandı
07.11.2026, 21:04 Olimpiya oyunları
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən Müharibəsi kadrları ilə bağlı paylaşım edilib
07.11.2026, 20:27 Gündəm
-
Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala vəsiqə qazandılar
07.11.2026, 19:53 Olimpiya oyunları
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
07.11.2026, 11:56 Gündəm
-
Dakar-2026: Çin medal sıralamasında liderdir
07.11.2026, 00:10 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır
06.11.2026, 23:47 Olimpiya oyunları
-
Süleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
06.11.2026, 21:03 Olimpiya oyunları
-
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
06.11.2026, 17:53 Gimnastika
-
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
06.11.2026, 17:00 Futbol